Ortaq türk tarixi yazılacaqdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının iclası keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilmiş iclasda Türkiyədən gəlmiş tarixçi alimlər də iştirak etmişlər. Tədbirdə ortaq türk tarixinin yazılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Y.Mahmudov iclasda bildirmişdir ki, Azərbaycan son iyirmi ildə çox böyük uğurlar əldə etmişdir. Ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu dünyəvi, demokratik-hüquqi dövlətimiz bu illərdə daha da qüvvətlənmişdir. Prezident İlham Əliyevin məqsədyönlü, mübariz, milli maraqlara söykənən, dönməz siyasəti nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. 

Ölkəmizin müharibə vəziyyətində olduğunu, ərazilərimizin iyirmi faizindən çoxunun işğalçı Ermənistan tərəfindən zəbt edildiyini diqqətə çatdıran alim bildirmişdir ki, bütün bu problemlərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, onun dünyada nüfuzu gündən-günə artır. Bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi, möhkəm sabitliyin bərqərar olduğu bir ölkədir. Bütün uğurlarımızın qazanılmasında daim Azərbaycanın yanında olan qardaş Türkiyənin də payı vardır. 

Tədbirin ortaq türk tarixinin yazılması məsələsinin müzakirəsi ilə bağlı keçirildiyini qeyd edən Y.Mahmudov bir çox istiqamətlərdəki kimi  tarix sahəsində də birləşməyin zəruriliyini,   əsas məqsədin ortaq türk tarixinin qısa zamanda və dolğun şəkildə yazılması, ermənilərin türklərə qarşı törətdikləri soyqırımlarının tarixinin birgə araşdırılması olduğunu bildirmişdir. Bu istiqamətdə Türkiyədə danışıqlar aparıldığını, ümumi razılığın əldə olunduğunu bildirən Y.Mahmudov demişdir ki, Orta Asiya ölkələrindən, Dağıstandan da alimlər bu işə cəlb ediləcəklər. 

Tarix İnstitutunun genişmiqyaslı fəaliyyətindən söz açan Y.Mahmudov vurğulamışdır ki, cari ildə Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə bu elmi müəssisə elmi-tədqiqat fəaliyyətinə görə “2012-ci ilin ən yaxşı müəssisəsi” (Best Enterprises - 2012)  adına layiq görülmüşdür. 

İclasda, həmçinin Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent İdarəsi tərəfindən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri üçün verilmiş  5 illik “Ən yaxşı müəssisə” (Best Enterprise) lisenziyası və böyük elmi nailiyyətlərinə görə alimin Beynəlxalq Sokrat Komitəsinin “Elmdə ad” (The Name in Science) fəxri titulu medalının təqdimatı olmuşdur. 

Y.Mahmudov ortaq türk tarixinin yazılmasına, institutun fəaliyyətinə, Azərbaycan-Türkiyə tarixi əlaqələrinin inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana kollektiv adından minnətdarlığını bildirmişdir.

Tədbirdə Türkiyədən gəlmiş tarixçi alim, professor İlber Ortaylının “Türk dünyasının müasir dövrdə aktual problemləri”  mövzusunda məruzəsi dinlənilmişdir.

Məruzədə türklərin tarixi birliyindən, bu gün də Balkan ölkələrindən Uzaq Şərqədək uzanan türk dünyasının mövcudluğundan, ermənilərin türklərə qarşı törətdikləri  soyqırımından danışılmışdır. Professor İ.Ortaylı böyük türk mütəfəkkirləri - I Şah İsmayıl Səfəvi, Mirzə Fətəli Axundzadə və Nəriman Nərimanovun tarixi rollarını düzgün qiymətləndirərək onların ümumi türk tarixinin görkəmli şəxsiyyətləri olduqlarını vurğulamışdır.

Sonra Y.Mahmudov professor İ.Ortaylıya Tarix İnstitutunun fəxri doktoru adı verilməsi barədə institutun elmi şurasının qərarını oxumuşdur. Bildirilmişdir ki, tanınmış alim bu fəxri ada türk dünyası tarixinin araşdırılmasında göstərdiyi böyük xidmətlərinə görə layiq görülmüşdür.

Professor İ.Ortaylıya fəxri doktor diplomu  və hədiyyələr təqdim edilmişdir. 

İclasda elmi şuranın üzvləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin üzvləri - professor Seyit Sertçelik, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Tülay Selamoğlu və Şuay Alpay çıxış edərək  məsələ ilə bağlı fikirlərini bölüşmüşlər. Natiqlər Azərbaycan-Türkiyə ortaq tarixinin yazılması ilə bağlı  görülən işlərdən danışmış, bu işin  reallaşdırılması üçün türk dünyası alimlərinin birgə və əzmlə  çalışacaqlarına əminliklərini bildirmişlər.

Tədbirdə ümumtürk tarixinin yazılması işinin sürətləndirilməsi, bunun üçün qüvvələrin birləşdirilməsi, Orta Asiya türk dövlətlərinin mütəxəssisləri, Rusiya, Ukrayna və digər ölkələrin türk tarixçiləri ilə əməkdaşlığın genişləndirilməsi, dünyanın müxtəlif ölkələrində yaşayan türk tarixçilərinin birgə konfransının keçirilməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında