Mükafatımız – Azadlığımız

İl üstə il gəlir, insan yaşlaşır, dünyamıza gələn hər körpə ilə gəncləşir, gözəlləşir.

İl üstə il gəlir, insan yaşlaşır, dünyamıza gələn  hər körpə ilə gəncləşir, gözəlləşir. Bir ilin sonu o biri ilin başlanğıcıdır.

Köhnə il ən yaxşı əməllərimizi Yeni ilə əmanət qoyub gedir, yeni-yeni arzu-istəklərimizə  qucaq açır.

Xalqımız daha bir uğurlu ili tarixin yaddaşına yazıb, yüksəliş yolunda yeni bir mənzilə yetişir. Qədəmləri mübarək olsun Yeni ilimizin!

Həyat, dünya daim dəyişməklə, fəsillərin bir-birini əvəz eləməsi ilə irəli gedir. Bu dəyişmənin bir dövrəsi ömrümüzün 1 ilinə bərabər olur. Kim bu 1 ili necə yaşadı, necə başa vurdu? İl sonunda haqq-hesab aparır, arzulardan ömrümüzə yeni yük tuturuq. Ulu Tanrıdan arzum budur ki, soydaşlarımızın başa çatan ili də,  qədəmlərini qutladığımız Yeni ili də  arzuların əmələ,  işə  çevrilməsi  ilə  naxışlanmış olsun!

2012-ci  ildə  xalqımız  azadlığa  qovuşmasının 21-ci  ildönümünü  qeyd etdi.  21  il  əvvələdək  bizim  Tanrıdan ən  böyük  diləyimiz  Azadlığa,  Müstəqilliyə çatmağımız  olurdu.  Elə bu  istəyin  axarında da xalqımız  1990-cı  ildən  bəri  təqvim  ilinin son  gününü – 31  Dekabrı  Dünya  Azərbaycanlılarının   ilbirliyi   bayramına  çevirdi. 

O vaxtdan  31 Dekabr  milli  həmrəylik  günü  kimi qeyd olunur.  Bu gündə  xalqımızın arzu-istəyi,  ümid-inamı  ortaqlaşır. Süfrələrimiz  nəhəng  bir  mərasimin  hücrələrinə  çevrilir.  Yola saldığımız  ilin  son   gecəsini də bir-birimizə könül  paylarımızı çatdırmaqla,  xalqımıza  daha  xoş günlər  arzulamaqla yola saldıq.

Yeni,  2013-cü  ilin  ilk günündə  bütün soydaşlarımızı bağrıma  basıram,  hamıya və hər  kəsə  möhkəm  cansağlığı,  könül  xoşluğu,  yüksək  rifah  arzulayıram.

Xalqımızın ən böyük  arzusunun  altına  mən  də öz imzamı  atıram:

– Qoy  2013-cü  il  tariximizə Qarabağın  xilası  ildi  kimi  daxil olsun!

Bayram təbrikimi “Mükafatım – Azadlığım” şeirimdən  bir parça ilə tamamlamaq istəyirəm:

Azadlığın  yaşını  illərin  sayıyla  yox,

Baş-başa əsrlərin yaşıyla  ölçməliyik.

Bu  yükü  çəkmək  üçün

Nə qədər dağlar çapıb, qayalar yarmalıyıq,

Bugünkü  xoşbəxtliyi  gələcək  nəsillərə

Canla aparmalıyıq,  başla aparmalıyıq.

Zəlimxan YAQUB, xalq şairi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında