“Böyük İqtisadi Ensiklopediya” Azərbaycan iqtisad elminə mühüm töhfədir

“Şərq-Qərb” nəşrlər evi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru, sözün geniş mənasında isə yaradıcısı olduğu, gərgin əməyin, işgüzar müzakirə və mülahizələrin məhsulu olan beşcildlik “Böyük İqtisadi Ensiklopediya” çap edilərək ictimaiyyətin ixtiyarına verilmişdir.

“Şərq-Qərb” nəşrlər evi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru, sözün geniş mənasında isə yaradıcısı olduğu, gərgin əməyin, işgüzar müzakirə və mülahizələrin məhsulu olan beşcildlik “Böyük İqtisadi Ensiklopediya” çap edilərək ictimaiyyətin ixtiyarına verilmişdir. Xatırladaq ki, iqtisadiyyata dair nəzəri baxışları, ideyaları, modelləri, anlayışları, dünya və Azərbaycan iqtisadiyyatı barədə ətraflı təhlil və qiymətləndirmələri özündə əks etdirən  bu nəşr təkcə Azərbaycan iqtisadi fikir tarixinin deyil, bütövlükdə ölkəmizin elmi-ictimai fikir tarixinin böyük uğurudur.

Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında bərqərar olan bazar münasibətləri iqtisadi biliklərin bir sıra istiqamətlərinin aktuallığını və əhəmiyyətini kəskin şəkildə artırmış, eyni zamanda, sərt inzibati-amirlik sisteminə xas olan, lakin azad bazar münasibətlərinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə özünü doğrultmayan müddəaların, anlayışların, kateqoriyaların geniş şəkildə işıqlandırılmasına ehtiyacı azaltmışdır. Sovet sisteminə xas olan ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, qloballaşan dünyanın yeni çağırışları ilə yanaşı, Azərbaycan Respublikasında keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi və respublikamızın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmlənməsi  iqtisadiyyat üzrə ensiklopedik bir nəşrin, daha dəqiq desək, elmi cəhətdən mükəmməl bir ensiklopediyanın  hazırlanmasını obyektiv zərurətə çevirmişdir. Latıncadan tərcümədə “bütün bilik dairələri üzrə təlim” mənasını verən, elmi və ya elmi-kütləvi məlumat nəşri olan ensiklopediya bütün,  yaxud ayrı-ayrı elm sahələri üzrə biliklərə və praktik fəaliyyətə dair ən əhəmiyyətli informasiyaları özündə cəmləşdirir və böyük fransız filosofu D. Didronun qeyd etdiyi kimi, onun məqsədi “bütün dünya üzrə səpələnmiş biliklərin toplanıb müəyyən sistem halına salınması və müxtəlif təbəqədən olan insanların başa düşdüyü dildə yazılaraq köhnə nəsillərdən yeni nəsillərə ötürülməsi”dir.

Ümumiyyətlə, təbiətə, cəmiyyətə və bəşəriyyətə baxışların cəmləşdiyi ensiklopediyalar nəinki konkret dövrdə elm və mədəniyyətin səviyyəsini əks etdirir, həm də  adından çıxış etdikləri və içərisində yaradıldıqları  insan cəmiyyətinin mənafelərini ifadə edən müəyyən ideoloji yük daşıyır. Bu baxımdan iqtisadi ensiklopediya və lüğətlər də iqtisad elmləri və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə sistemləşdirilmiş  məlumatların  məcmusundan ibarət elmi-məlumat nəşrləri sayılır. Həmin ensiklopediya və lüğətlərin isə ümumiqtisad məzmunlu ensiklopediyalar, iqtisad elminin ayrı-ayrı sahələri üzrə xüsusi ensiklopediyalar, izahlı terminologiya lüğətləri və iqtisadi terminlərin ekvivalentlərinin dillərarası lüğətləri kimi növləri mövcuddur.

İqtisadi  ensiklopediya və  lüğətlərə uyğun gələn ilk nəşrlər monoqrafiyalarda kitabdaxili lüğətlər  formasında XVII əsrin sonları—XVIII əsrin əvvəllərində Böyük Britaniyada, Almaniyada, Fransada və digər Avropa ölkələrində  meydana gəlmişdir. Rusiyada XVIII əsrdə M.V.Lomonosov əmtəəşünaslıq terminologiyasının leksikonunu tərtib etməyə cəhd göstərmişdir. SSRİ-də isə 1972-ci ildən etibarən  dörd cildlik  “İqtisadi ensiklopediya. Siyasi iqtisad” adlı ümumiqtisad məzmunlu ilk marksist ensiklopediya nəşr etdirilməyə başlanmış və  onun sonuncu cildi 1980-ci ildə çapdan çıxmışdır. Bu ensiklopediyada marksist-leninçi siyasi iqtisadın nəzəri problemlərinin geniş dairəsi, planlaşdırmanın, xalq təsərrüfatının idarə edilməsinin, iqtisadi təhlilin, maliyyənin və  statistikanın aktual məsələləri işıqlandırılmış, burjua iqtisadi nəzəriyyələrinin tənqidi verilmişdir. Nəşrdə ilk dəfə müxtəlif ölkələrin və xalqların iqtisadi fikrinin inkişafını göstərməyə də cəhd edilmiş, bütövlükdə isə iqtisadi, sosioloji və hüquqi elmlərin  mövcud oxşar problemləri işıqlandırılmışdır.

İqtisadi mövzuda digər məlumat nəşrləri və lüğətlər arasında 1960-cı ildə Berlində nəşr edilmiş səkkiz dilli  (alman, rus, polyak, çex, ingilis, fransız, ispan və portuqal dilli) “Qısa xarici ticarət lüğəti”ni də qeyd etmək olar. Çünki  iqtisadi terminlərin, xüsusilə xarici ticarət münasibətləri sahəsində terminlərin ekvivalentlərinin dillərarası lüğətləri böyük praktik əhəmiyyət daşıyır—xarici iqtisadi terminologiyada hər hansı bir səhv hüquqi etirazlar doğura bilir.

Ötən müddətdə Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülmüş, müxtəlif qurumlar və müəlliflər tərəfindən iqtisadi və maliyyə terminləri lüğətləri və digər vəsaitlər nəşr etdirilmişdir. Akademik Ziyad Səmədzadənin müəllifi olduğu “Böyük İqtisadi Ensiklopediya” isə həm əhatəliyinə və həcminə, həm də elmi-nəzəri və praktik  səviyyəsinə, eləcə də nəşriyyat-poliqrafik icrasına görə bütün bunlardan müqayisəyəgəlməz dərəcədə fərqlənir. Hər şeydən əvvəl, ensiklopediyada yeddi mindən  çox iqtisadi terminin izahı verilmiş, XX əsrdə və yeni əsrin ilk illərində ayrı-ayrı ölkələrin iqtisadiyyatını xarakterizə edən çoxsaylı diaqram və cədvəllər, dünya iqtisadiyyatına təsir edən amillərin sistemli təhlili və ən başlıcası, Azərbaycan Respublikası  özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə, qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmasına xidmət edən inkişaf strategiyası, azad bazar münasibətlərinin inkişafına və milli maraqlara cavab verən yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları, mahiyyəti barədə konkret fakt və dəlillərə əsaslanan bitkin elmi mülahizələr əksini tapmışdır. Eyni zamanda, “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan iqtisadiyyatının müxtəlif sahə və sektorları, bazar strukturları və infrastrukturları haqqında, makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, mühasibatlıq, pul-kredit, maliyyə sistemi, qiymətli kağızlar bazarı, tələb, təklif, rəqabət, inhisar, innovasiya, birja, açıq və qapalı iqtisadiyyat problemləri, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti elmi interpretasiyada acıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə müxtəlif  nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında yığcam məlumat xarakterli məqalələr əks etdirilmişdir. Bütün bunlar da cəmiyyətdə iqtisadi mədəniyyətin yüksəldilməsi və iqtisadi təhsilin təkmilləşməsi məqsədlərinə xidmət edir.

Dövlət müstəqilliyinin bərpasından ötən 21 il ərzində Azərbaycanda bütün dünya tərəfindən qəbul edilən, milli maraqlara cavab verən yeni iqtisadi sistem formalaşmış, uzaq gələcək üçün keyfiyyətli inkişafı təmin edən əlverişli mühit yaradılmışdır. Yeni iqtisadi strukturların, bütövlükdə dövlət quruculuğuna, o cümlədən iqtisadiyyatın inkişafına  xidmət edən mükəmməl qanunvericilik bazasının yaradılması, sərt inzibati idarəetmə sisteminin tələbləri əsasında formalaşan iqtisadi təfəkkürün əvəzinə azad sahibkarlığa və vətəndaş təşəbbüskarlığına əsaslanan bazar münasibətlərinin bərqərar olması məsələləri “Azərbaycan xalqının iqtisadi fikir tarixi”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan statistikasının təşkili”, “Azərbaycanda vergilər və vergi xidmətinin təşkili”, “Azərbaycanın nəqliyyat qovşaqları”, “Azərbaycan malları”, “Azərbaycan Respublikasının ərazisindən tranzit”, “Azərbaycan Respublikasının gömrük ərazisi”, “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə”, “Azərbaycan Respublikasının milli təsnifatları”, “Azərbaycan Respublikasının gömrük tarifi”, “Azərbaycan Respublikasının milli valyutası” (hamısı — I cilddə), “İqtisadi təhlükəsizlik”, “İnformasiya texnologiyaları” və s. adlı məqalələr, habelə “İqtisadi rayonlaşdırma”  və bu kontekstdə Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan,  Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Lənkəran, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ və Naxçıvan iqtisadi rayonları barədə (hamısı —II cilddə) verilmiş əhatəli, icmal xarakterli məlumatlarda, bunların müşayiət olunduğu çoxsaylı cədvəl, diaqram və sxemlərdə elmi izahını tapmışdır.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın təxminən qırx illik bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil.  Dərin minnətdarlıq hissi ilə qeyd etməyi özümüzə borc bilirik ki, indiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Ulu öndərin Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ümummilli liderin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanlarını yaratmaqdan ibarət olmuşdur.

 Heydər Əliyevin Azərbaycan qarşısında digər cahanşümul xidmətləri barədə ensiklopediyanın ikinci cildindəki “Əliyev Heydər Əlirza oğlu”  məqaləsində (səh.121-128) müfəssəl bəhs olunur. Haqlı olaraq qeyd edilir ki, Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr sayılmış, ulu öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

İkinci cildin “İnkişafın Azərbaycan  modeli” adlı sonuncu məqaləsində (səh.604-630) bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Heydər Əliyev tərəfindən Azərbaycan üçün onun tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, ölkənin geosiyasi şəraitinə, milli mənafelərinə uyğun  iqtisadi inkişaf modelinə üstünlük verilməsi, beynəlxalq təşkilatlar və  inkişaf etmiş ölkələrlə əməkdaşlığın  formalaşmasının, iqtisadi islahatların aparılmasının proritet vəzifələr kimi müəyyənləşdirilməsi,  dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan müasir qlobal iqtisadi böhran şəraitində də Azərbaycanda bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin etməyə imkan yaratmışdır.

İqtisadi artım, makroiqtisadi sabitlik və sosial rifahı strateji məqsəd sayan Heydər Əliyev siyasəti  sayəsində  bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, demək olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır. Özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır”.

Burada həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamında qeyd olunmuş “Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır... Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır” fikirləri öz əksini tapmışdır. 

Məqalədə irəli sürülən elmi mülahizə və nəticələrin oxşar səciyyəli “İqtisadi inkişafın Malayziya modeli” (2-cild, səh. 482-489), “Çin iqtisadi inkişaf modeli” (1-ci cild, səh. 440-455), “Yapon iqtisadi modeli” (5-cild, səh. 344-351) məqalələrində təhlil dövriyyəsinə cəlb edilmiş müddəalarla müqayisəsi akademik Z.Səmədzadənin gəldiyi  belə bir qənaəti  təsdiqləyir ki, “hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin iqtisadi artmalı, xalqın rifahı yaxşılaşmalıdır... Liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə emiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilmişdir”. 

Hazırda dünyada iqtisadi böhranın davam etməsinə baxmayaq, Azərbaycan və Türkiyə Avrasiyanın ən inkişaf edən ölkələrindəndir, hər iki ölkənin inkişaf  modelləri bütün dünyaya örnək kimi göstərilir. Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özala həsr olunmuş məqaləni (4-cild, səh. 191-193) oxuyarkən bunun obyektiv və subyektiv səbəbləri üzə çıxır. Dövlət başçısı olarkən T.Özalın fəal surətdə həyata keçirdiyi iqtisadi siyasətin nəzəri əsasını monetarizm adlanan Çikaqo (ABŞ) məktəbinin (M.Fridman, A.Harberger və başqaları) irəli sürdüyü yeni fikir cərəyanı, praktikada yürütdüyü iqtisadi siyasətin əsasını  isə rəqabət şərtləri hakim olan azad bazar iqtisadiyyatını hər vasitə ilə inkişaf etdirməklə bağlı tədbirlər təşkil  etmişdir. O, həyata keçirdiyi iqtisadi siyasətlə iqtisadiyyatın ardıcıl olaraq liberallaşdırılmasına, milli mənafe naminə dövlətin iqtisadi işlərə müdaxiləsinin, müxtəlif məhdudiyyətlərin minimuma endirilməsinə çalışmışdır.

“Böyük İqtisadi Ensiklopediya”da təxminən son bir əsr ərzində nəzəri və praktik fəaliyyəti dolayısı ilə Azərbaycana da təsir göstərmiş və ya təsir göstərməkdə olan iqtisadçılar, onların elmi və praktik fəaliyyətinin konkret istiqamətləri barədə yığcam məlumatlar verilmişdir. “İqtisadiyyat üzrə Nobel mükafatı” məqaləsində  (II cild) bu mükafat barədə və onun  təsis olunduğu  1968-ci ildən 2010-cu ilədək  laureat adını qazanmış XX əsr dünya iqtisadi fikir tarixinə əhəmiyətli töhfələr vermiş  iqtisadçı alimlər barədə, XIX əsrin sonları - XX əsrin ilk 10-15 ilində Rusiya ictimai-siyasi və iqtisadi fikrinin görkəmli nümayəndələri, habelə XX əsrin ikinci yarısından etibarən vaxtilə SSRİ-nin, sonralar isə postsovet məkanının müstəqil respublikalarının iqtisadi fikir tarixində və iqtisadi həyatında mühüm rol oynamış, yaxud  hazırda da bu missiyanı yerinə yetirən iqtisadçı alimlər və dövlət xadimləri ilə bağlı  məlumat xarakterli yazıları böyük maraq doğurur.

Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional təşkilatlar, habelə dünya təsərrüfat sisteminin bu və ya digər sahə, istiqamət və  probleminin təşkilati, istiqamətverici və tövsiyə xarakterli məsələləri ilə məşğul olan qurumlar barədə məqalə-məlumatlar da cəmiyyətdə  iqtisadi mədəniyyətin yüksəldilməsi, iqtisadi təhsilin təkmilləşməsi məqsədlərinə xidmət edir. Ensiklopediyada ifrat dərəcədə görünə bilən müfəssəllik onun yaradıcılarına oxucu-istifadəçi hörmətini qat-qat artırır.

Ensiklopediyada dolayısı ilə həm də bizim çoxsaylı yazarlarımıza, müəllimlərimizə hamının sanki yaxşı bildiyi, lakin əslində, mahiyyətinə varmadığı üçün doğru-düzgün ifadə etmədiyi söz və terminlərin əsl mənası da açıqlanır.  Bir daha qeyd etməyi lazım bilirik ki,  redaksiya heyətinin 60 nəfər  üzvü, 61 nəfər məsləhətçisi, hər cildin hazırlanmasına cəlb edilmiş kifayət qədər müəllifin, habelə ensiklopediyanın nəşrə hazırlanması üzrə 20 nəfərdən çox işçi qrupun olmasına baxmayaraq, biz “Böyük İqtisadi Ensiklopediya”nı akademik Ziyad Səmədzadənin heyrətamiz təfəkkürünün və yorulmaz təşkilatçılıq fəaliyyətinin  bəhrəsi sayır, Rusiya istisna olmaqla, MDB məkanında milli dildə ilk dəfə Azərbaycanda bu həcmdə bir elmi-məlumat nəşrini hazırladığına görə ona sonsuz təşəkkürümüzü bildiririk. Eyni zamanda,  rəsmi mətbuatda ifadə edilmiş belə bir fikrə tam şərikik ki, Azərbaycan ictimaiyyətində artıq geniş elmi-ictimai əks-səda və maraq doğurmuş “Böyük İqtisadi Ensiklopediya” hamının rəğbətini qazanacaq, təkcə tələbələrin, magistrlərin, doktorantların, müəllim və mütəxəssislərin, sahibkar və investorların deyil, ümumən geniş oxucu auditoriyasının tələbatını tam dolğun təmin edəcəkdir.

 

Qorxmaz  İMANOV,
iqtisad elmləri doktoru, professor
Vahid NOVRUZOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında