Ulu Tanrı hər insana bir ömür bəxş edir. O kəslər xoşbəxtdir ki, öz ağlı, zəhməti, ədəb-ərkanı ilə məzmunlu yaşayır, insanlara xeyirxahlıq bəxş edir, yaşadığı ömürdən qürur duyur. Belələri şəxsiyyət zirvəsinə ucalır, əsl Vətən övladı olurlar. Fəlsəfə elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının, Rusiya Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Türkiyənin Ərzurum Universitetinin fəxri professoru Oruc Abdullayev belələrindəndir. Yüksək insani keyfiyyətləri – sadəliyi, səmimiliyi, obyektivliyi, xeyirxahlığı onu tanıyanları heyran qoyur.
Oruc Abdullayev 1953-cü ilin yanvarında Şəmkir rayonunun Təzəkənd kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. Atası İsmayıl kişi 1948-1953-cü illərdə Qərbi Azərbaycanın Vedi rayonunun İşıqlar kəndindən Şəmkirə deportasiya olunmuş, anası Səltənət xanım isə Şəmkir rayonunun Qaracəmirli kəndində tanınmış “Abdullalar” nəslindəndir. Ailənin çətinliklərinə baxmayaraq, Oruc orta məktəbi uğurla bitirərək, 1972-ci ildə H.Zərdabi adına GDPİ-nin (indiki GDU) tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə institutu yaxşı və əla qiymətlərlə bitirib Şəmkir rayonuna təyinat almış, doğma məktəblərində sıravi müəllim kimi fəaliyyətə başlamışdır.
Orucun savadı, bacarığı, təşkilatçılığı qısa zaman kəsiyində özünü göstərdi. Məktəb rəhbərliyi onu elə həmin məktəbə tərbiyə işləri üzrə direktor müavini təyin etdi. Amma onun elmə, yaradıcı işə olan marağı artır, adət-ənənələrimizə, milli mentalitetimizə getdikcə daha dərindən bələd olurdu. Elə bu niyyətlə də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspiranturasına daxil oldu. Bu 1979-cu ilin may ayı idi. Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, mərhum professor Həsən Şirəliyevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində işləməyə başladı. 1983-cü il dekabrın əvvəllərində BDU-nun fəlsəfə üzrə ixtisaslaşmış elmi şurasında namizədlik dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə professor elmi adına layiq görüldü.
Bu uğurlar onu nəinki arxayınlaşdırmadı, əksinə, məsuliyyətini bir az da artırdı. Tezliklə “İctimai münasibətlər sistemi və adət-ənənələr” (Bakı, Elm nəş., 1998) kitabı çap olundu. Kitabda sosial fəlsəfənin aktual problemlərindən biri olan ictimai münasibətlərlə adət-ənənələr arasındakı qarşılıqlı münasibətlərdən bəhs edilir. Bundan başqa, “Sosial fəallıq, yeni adət-ənənələr”, “Cəmiyyətin siyasi sistemi”, “İctimai, iqtisadi formasiyaların strukturu və inkişafı” (H.T.Budaqovla birlikdə), “Fəlsəfədə insan problemi” (M.Cəlilov və S.İbrahimovla birlikdə) və s. əsərləri Azərbaycan alimlərində, elm ictimaiyyətində böyük maraq doğurdu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının yazılması üçün təsdiq edilmiş redaksiya heyəti haqlı olaraq gənc filosof haqqında I cildə məlumat daxil etmişdir (bax AME. I c. s.36).
Milli adət-ənənələrimizin tanınmış tədqiqatçısı, iki monoqrafiya, iki tədris vəsaiti, iki metodik göstəriş, 200-ə yaxın elmi-kütləvi məqalə müəllifi olan Azərbaycan aliminin uğuru haqqında xoş xəbərlər təkcə ölkə daxilində deyil, onun sərhədlərinin kənarından da gəldi. İlk xəbər 1998-ci ildə okeanın o tayından Nyu-York Beynəlxalq Elmlər Akademiyasından idi. Sonra isə 2003-cü ildə Rusiya Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasından gəldi. Hər iki akademiyanın üzvləri Oruc Abdullayevi yekdilliklə özlərinin həqiqi üzvü seçmişlər. Bu adlara Orucun yuxusuz gecələri, gərgin elmi axtarışları sərf olunmuşdur.
1998-ci ilin mayında Türkiyənin Ərzurum şəhərində Ərzurum Universitetinin yaranmasının 40 illiyinə görə “İnsan fəlsəfəsi” konqresində professor Oruc Abdullayev etdiyi məruzə böyuk rəğbətlə qarşılandı. Onu həmin universitetin fəxri professor seçdilər. 2001-ci ildə “Vektor” Beynəlxalq şirkətinin keçirdiyi sorğuya əsasən, “Azərbaycanın 100 görkəmli alimi” heyətinə seçilənlərdən biri də professor Oruc Abdullayev olmuşdur.
Həyatda hər müəllimə qismət olmur ki, özünün çatmış olduğu mənsəbə onun tələbələri də ya çata, ya da yaxınlaşmış ola. Bu yazının müəlliflərindən biri olaraq, professor H.Sadıqov öz tələbəsi haqqında həvəslə danışdı: “Orucun tələbəliyini yaxşı xatırlayıram. Çox çalışqan idi, təkcə auditoriyada yox, institutdan kənarda da onu maraqlandıran, düşündürən sualları təkrar-təkrar soruşardı, cavabı aydınlaşdırıb tam öyrənərdi. Çox çalışqan idi. Oruc ictimai işlərdə fəal iştirak edən, müəllim və tələbələrlə sıx ünsiyyət quran tələbə idi. Bu müsbət keyfiyyətlərini nəzərə alıb Orucu Sov. İKP üzvlüyünə qəbul etdik. Bu etimad o vaxt hər tələbəyə nəsib olmurdu. O, yaxşı dövlət işçisi də olardı. Onun istedadı, biliyi harada olsa özünü göstərməli idi. Yaxşı ki, o elmə, müəllimliyə meyilli oldu.”
Oruc müəllim deyir ki, uzun illərdir böyük bir elm ocağında çalışıram. Həyatın hər üzünü görmüşəm. Ancaq harada olmuşamsa, hansı sahədə işləmişəmsə, orada həyatda iz qoyan, qurub-yaradan insanlar görmüşəm. Milli varlığımız, ləyaqətimiz məhz belə insanların çiyinlərində yüksəlib. Ölkəmizdə və onun hüdudlarından kənarda kamil təhsilə, sağlam düşüncəyə, nümunəvi əxlaqa və yetkin həyat təcrübəsinə malik oğullarımız çoxdur. Bu insanlar xalqın qiymətli potensialıdır və onların qədrini bilmək çox vacibdir. Ümummilli lider Heydər Əliyev bu amilə çox ciddi fikir verər və hər birimizi, hər şeydən əvvəl, azərbaycanlı və azərbaycançı olmağa çağırırdı.
Oruc müəllim həm də gözəl ailə başçısıdır. Oğlanlarının hər ikisi BDU-nun hüquq fakultəsini bitirib. Müşviq prokurorluq, Rəşad isə polis orqanlarında çalışır. Qızları Aynur ADAU-da baş müəllim işləyir, kənd təssərrufatı elmləri namizədidir, Vəfa isə tibb elmləri namizədidir, həkimdir. Ömür-gün yoldaşı Emma xanım tarix elmləri namizədi, GDU-nun dosentidir. Ömrünün ən şirin zamanını yaşayan Oruc müəllimin 11 nəvəsi var.
Oruc müəllimin fəaliyyətinin əsas hissəsi Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. 1988-ci ildən Azərbaycan Texnologiya Universitetində fəlsəfə və elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən indiyə kimi fəlsəfə və tarix kafedrasının müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar məsələlər üzrə prorektor işləmişdir. Bütün bunlar Oruc müəllimin ömür yolunun sərəfli bir hissəsi, bir ziyalının nailiyyətləridir. Bilavasitə onun rəhbərliyi və köməyi ilə onlarca alim doktorluq, namizədlik dissertasiyası müdafiə etmişdir. Onlar indi ölkəmizin bir sıra elmi-tədqiqat və təhsil müəssisələrində fəaliyyət göstərirlər.
Ona baxdıqca gözlərimiz önünə gəncliyi, qap-qara dalğalı saçları gəlir. İndi o saçlar ağ rəngdədir. Bu ağ saçlar Oruc müəllimin ömür yolundan çox şeylər danışır. Həyat onun telinə tumar çəkməyib, qazandığı zirvəni asanca fəth etməyib, bu yüksəkliyə min bir əziyyəti, zəhməti hesabına qalxıb.
H.Sadıqov, tarix elmləri doktoru, professor,
GDU-nun tarix fakültəsinin dekanı
Ş.Mütəllimov, fizika-riyaziyyat elmləri doktoru,
AzTU-nun professoru
H.Budaqov, fəlsəfə elmləri namizədi, dosent,
F.Yusifov, fəlsəfə elmləri namizədi, AzTU-nun dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.