(əvvəli ötən saylarımızda)
{nl}
Borçalı qəzasının Qaçağan kəndində sığınacaq tapan İrəvan quberniyasının Qarakilsə qəzasının Xancığaz, Saral və Arcut kəndlərinin 60 sakininin imzası ilə 1920-ci il martın 15-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə təqdim edilən müraciətdə deyilirdi ki, türk qoşunlarının 1918-ci ilin payızında Qafqazdan geri çəkilməsindən sonra adları çəkilən kəndlərin sakinləri Qars vilayətinin Şörəyel məntəqəsinin Qaraxan kəndində məskunlaşmışdılar. 1920-ci ilin fevralında erməni silahlı qüvvələri həmin kəndə hücum edib onu darmadağın etmiş və əmlaklarını qarət etmişlər. Qaçqınlar ermənilərin onlara vurduqları ziyanın məbləğinin 17,9 milyon rubl olduğunu göstərən siyahını diplomatik nümayəndəyə təqdim etmişdilər.
Gəncənin qubernatoru X.Rəfibəyovun Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Vəkilova aprelin 27-də göndərdiyi teleqramda bildirirdi ki, "Gəncə qəzasının 2-ci sahəsinin pristavının verdiyi məlumata görə, Novo-Bəyazid erməniləri Şişqaya kəndinin üzərinə hücuma keçmiş və bütün əhalini ucdantutma məhv etmişlər. Gədəbəyə və Qabaxatana yaralılar gəlmişlər. Hazırda Cil kəndində döyüşlər gedir. Müsəlmanların vəziyyəti ciddidir. Kömək gözləyirlər."
Tiflis-İrəvan qatarında İrəvana gedərkən martın 7-də Əbdürrəhim bəy Haqverdiyev yolda erməni quldurları tərəfindən qarət edilmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini silahlı təzyiqlə əlindən almışdılar. Ə.Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi. Onun yerinə Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlıların yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər.
T.Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşiliklərdən şikayətləndiklərini qeyd edir. O yazırdı: "Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım... Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil." T.Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edir.
Mayın 28-də T.Makinski İrəvanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda yeni hökumət qurulmasını səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistanın XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdir.
Ermənistan ordusunun Vedibasara 1919-cu ilin iyulunda ikinci hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi "Qırmızı tabor" döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi. Bundan sonra Vedibasarın qalan əhalisi də İrana keçmişdi. 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Hərbi İnqilab Komitəsinin dəvəti ilə A.Şadlinskinin başçılıq etdiyi tabor noyabr ayında Naxçıvana gəlmişdi. "Qırmızı tabor" 1921-ci ilin fevralında Ermənistanda daşnak qiyamının yatırılmasında iştirak etmişdi. Bundan sonra Vedibasarın İranda qaçqın kimi yaşayan əhalisinin bir qismi tədricən öz yer-yurdlarına qayıtmış, çoxları da erməni qaçqınlarının məskunlaşdırıldıqları kəndlərdə onlarla birgə yaşamağa məhkum olmuşdular.
Ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermənistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında müfəssəl məlumatı var imiş. Atatürk deyir ki, Gəncədə bolşeviklərə qarşı Nuru paşanın komandanlığı altında üsyanın baş verməsindən istifadə edən erməni qoşunları iki istiqamətdə - 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücuma keçdilər. Onun sözlərinə görə, həm Zəngibasar Şurası, həm də Oltu Şurası gerçəkdən Ermənistan Cümhuriyyətini təhdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən gərəkli qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələrinin qarşısı alınmışdı. Bundan sonra erməni silahlı qüvvələri zirehli qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmiryolu boyunca güneyə doğru irəliləyir.
Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini erməni qırğınlarından xilas edə bilmişdi.
Bəzi erməni müəlliflərinin özləri də "Daşnaksutyun" partiyasının 1918-1920-ci illərdə qanlı əməllərini etiraf etmişlər. Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuni 1923-cü ildə "Daşnaksutyun" partiyasının qurultayında etdiyi hesabat məruzəsində (bu məruzə rus dilində kitab halında çap olunmuşdur) partiyadaşlarının hakimiyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini darmadağın etdiklərini etiraf etmişdi.
Bakıda rus dilində nəşr olunan "Kommunist" qəzetində Avis adlı müəllif "Ermənistan üsyana qədər" məqaləsində yazırdı: "Zəngəzur, Qarabağ, Əylis, Ağbaba, Zəngibasar imperialist "Daşnaksutyun" partiyasının və onun hökumətinin qanlı əməllərinin nəticələrinin canlı şahidləridirlər...Ermənistanda müsəlman kəndləri və yaşayış məntəqələri yandırılaraq və qılıncdan keçirilərək müsəlmanlardan təmizlənmişdir."
Təkcə 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu. Təbii ki, aclıqdan həlak olanların hamısı azərbaycanlılar olmuşdu. Çünki həmin dövrdə azərbaycanlılar evlərindən çıxa bilmədiklərindən ölümə məhkum idilər. Halbuki, həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Ermənistana Yardımı Komitəsi fəaliyyət göstərirdi.
1918-1920-ci illərdə Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmalarını sovet hakimiyyətinin ilk illərində Ermənistan KP Mərkəzi Komitəsinin nəzdində fəaliyyət göstərən azlıqda qalan millətlərlə iş şöbəsinin türk bölməsinin hesabatlarından aydın görmək olar. Bölmənin müdiri Bala Əfəndiyevin Ermənistan KP MK-ya təqdim etdiyi hesabatında göstərilir ki, daşnakların hakimiyyəti dövründə, yəni 1920-ci ilin iyulunda İrəvan quberniyası ərazisində əvvəllər mövcud olmuş 300-dən artıq türk kəndindən yalnız biri - Uluxanlı kəndi salamat qalmışdı. Onun yazdığına görə daşnak Ermənistanında müsəlman "koloniyasını" bircə kənd və İrəvanda qalan bir neçə ailə təmsil edirdi.
1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşadığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır.
Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırıma məruz qalmışdır.
{nl}
Nazim MUSTAFA, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.