Az qala hər bir əsəri Azərbaycan ədəbi mühitində hadisəyə çevrilən və ciddi müzakirə olunan yazıçı- dramaturq Hüseynbala Mirələmovun “Nurlar” nəşriyyatında nəfis şəkildə çap olunmuş “Sonuncu fateh” tarixi romanı elə ilk gündən diqqətli oxucuların nəzərini çəkmişdir. Əsərin təqdimatının AMEA-nın Nizami adına Ədəbiyyat İnistitutunda keçirilməsi isə ilk növbədə ədəbiyyatşünasların bu tarixi romana ciddi yanaşmasından xəbər verirdi. Əsər haqqında düşüncələrimizi bir kənara qoyub, ilk olaraq təqdimat mərasimində ədəbiyyatşünasların fikirlərini oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldik.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-
nın müxbir üzvü Teymur Kərimli təqdimata keçməzdən əvvəl bu ədəbi hadisənin necə tarixi bir günlə üst-üstə düşdüyünə münasibət bildirdi:
-Bizim bu tədbirimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçməsi də simvolik hesab olunmalıdır.Çünki bu romanın özü də dünya azərbaycanlılarının həmrəyliyinə töfhə kimi qiymətləndirilə bilər. Bütün tarix boyu olduğu kimi, bu gün də bizə əl-ələ vermək, dünya azərbaycanlılarının səylərini birləşdirmək və qarşımızda duran problemləri daha uğurla və daha səmərəli həll etmək gücündəyik. Bu baxımdan əlbəttə bizim tarixə ekskursumuz, tarixi təcrübədən nəticə çıxarmağımız, tarixi şəxsiyyətlərimizin Azərbaycan xalqının birliyi naminə hansı böyük əməlləri həyata keçirdiklərini öyrənməyimiz gələcək nəsillərin təlim tərbiyəsi üçün, gələcəyimiz üçün çox mühümdür. Bu mənada Hüseynbala Mirələmovun tarixi mövzuda qələmə aldığı “Sonuncu fateh” romanı çox zəngin material verir.
Tarixi roman və tarixi əsər bir-birindən fərqli anlayışlar, fərqli dəyərlərdir. Aristotelin bir sözünü xatırlatmaq istərdim: “Tarixçi və şair ona görə fərqlənmir ki, biri vəzndən istifadə edir, biri istifadə etmir. Əgər biz Herodotun tarix əsərini vəznə salsaq, onu qafiyələndirsək, o yenə də tarix olaraq qalacaqdır.” Şairi və tarixçini fərqləndirən odur ki, tarixçi olmuş hadisələri təsvir edir, şair isə ola biləcək hadisələri. Məhz tarixi roman janrının bütün tələblərinə yüksək səviyyədə cavab verən “Sonuncu fateh” romanında da biz Azərbaycan tarixinin XVIII əsr dövrünü deyil, bəlkə də bu günümüzü, bəlkə də gələcəyimizi görürük. Bu da təbii ki, bədii əsəri tarixi romandan fərqləndirən başlıca xüsusiyyətdir.
Hamımızın yadındadır ki, bizim görkəmli akademikimiz, Azərbaycan Respublikası Prezidenti Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin bu günlər mətbuatda Şah İsmayıl Səfəvi haqqında məqaləsi çap olunmuşdu. Həmin məqalə də eynilə bizim tarixi təcrübəmizin bu günümüzə və gələcəyimizə tətbiqi mənasında proqram xarakterli qiymətli bir əsərdir. O əsərin əsasında yəqin ki, bundan sonar da tarixi əsərlər yazılacaqdır.
Bu mənada mən elə bilirəm ki, istər Şah İsmayıl Xətai, istər Nadir şah Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin formalaşdırılması və birləşdirilməsi istiqamətində çox böyük xidmətlər göstərmiş şəxsiyyətlərdir. Onların bu günümüzə, müasir dövrümüzə proeksiyası, məhz hörmətli akademikimizin məqaləsində göstərildiyi kimi, Heydər Əliyev kimi böyük şəxsiyyətlərin yetişməsinə və xalqımızın nicatı yolunda öz səylərini lazımınca sərf etməsinə gətirib çıxarmışdır.
Tarixi qaynaqlar bütün tarixi şəxsiyyətlər haqqında ziddiyyətli məlumatlar verirlər. Amma əsas məsələ odur ki, böyük şəxsiyyətin müsbət cəhətlərini, onun xalq üçün gördüyü işləri ümumiləşdirib gələcəyə çatdırasan və o bir örnək olsun- tariximizin, mənəviyyatımızın, dövlətçiliyimizin örnəyi olsun və bu əsasda daha yüksək zirvələr fəth edək, onların təcrübəsini əxz edək və ondan istifadə edək.
Bizim tarix boyu, xüsusən XV-XVI əsrlərdən sonra ən böyük problemimiz dinimizə təfriqənin düşməsi, parçalanma, sünni- şiə məsələsinin ortaya çıxması olmuşdur. Nadir şah məhz bunu aradan qaldırmaq, milləti, türkçülüyü bu cəhətdən birləşdirmək istəyirdi.
Sonra filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli “Sonuncu fateh” - tarixi gerçəklik və bədii həqiqət" adlı geniş məruzə ilə çıxış edərək dedi:
Azərbaycan tarixinə böyük sayğı, ədəbi dilin və bədii üslubun normalarına tam riayət edilməklə qələmə alınan, çoxplanlı, hər bölümü tarixşünaslıq, ədəbiyyatşünaslıq, siyasətşünaslıq baxımından xüsusi tədqiqata layiq olan, tarixi gerçəkliklə bədii həqiqətin harmoniyasından yaranmış belə bir nəhəng və gərəkli əsərin bütöv mənzərəsini əks etdirən məruzə, yaxud məqalə ilə çıxış etmək imkan xaricindədir.
H.Mirələmov romanına baş qəhrəman kimi seçdiyi Nadirin yaşadığı qarmaqarışıq tarixi şəraiti, bir insan olaraq onun və digər qəhrəmanlarının ziddiyyətli xarakterini, faktları tutuşdurub əsl həqiqəti ortaya çıxarmağı bacaran fəhmli siyasətçi və cəmiyyətşünas kimi dərindən öyrənmiş, öyrəndiklərini yazıçı idealına uyğun olaraq zərgər səliqəsi ilə ümumiləşdirərək bədiiləşdirə bilmişdir. Məhz bu iki cəhət əsərin müvəffəqiyyətini təmin etmiş, oxucu uydurma tarixin, taleyi rəvayətlərə bürünmüş qəhrəmanların yox, həqiqətə daha yaxın tarixi olayların və bu tarixin övladları olan qəhrəmanların biri digərinə bənzəməyən xarakterləri, uğrunda mübarizə apardıqları amallarla tanışlıq imkanı əldə edə bilmişdir.
Parçalanmış Azərbaycan torpaqlarının müəyyən qisminin düşmən tapdağı altında olduğu nəzərə alınarsa, çox aktual, günümüzlə səsləşən bir mövzuya həsr olunan roman əvvəldən axıra qədər oxucunu arxası ilə aparmaq gücünə malik olan tarixi həqiqətlər, biri digərindən doğan ehtiras dolu əhvalatlar üzərində qurulmuşdur.
Azərbaycan da daxil olmaqla İranın 1700-1747-ci illər arası ictimai, siyasi həyatı, son Səfəvi şahları və onların aqibəti, Nadir və onunla əlaqəli məsələlər tarixi faktlar əsasında ilk dəfə olaraq əhatəli şəkildə bədii ədəbiyyata gətirilmiş, gərgin əmək sayəsində böyük ustalıq və vətəndaş yanğısı ilə monumental bir sənət abidəsi yaradılmışdır.
Romanda təsvir olunan, bədii həllini tapan məsələlər qismən Nadirin ətrafında cərəyan etsə də, burada əsası Şah İsmayıl Xətayi tərəfindən qoyulmuş Qızılbaş Səfəvi dövlətinin çöküşü, tarix səhnəsindən silinməsi, yeni bir sülalənin - Əfşarların hakimiyətə gəlişi, on bir illik səltənəti bədii predmet kimi seçilmiş, çoxsaylı surətlər, biri digərini tamamlayan səhnələr və oxucu qəlbini ehtizaza gətirən hadisələr vasitəsi ilə yazıçı idealına uyğun olaraq bədiiləşdirilmişdir.
Müasir oxucunu tarixi həqiqətlərdən ibrət götürmək niyyəti ilə qələmə alınmış romanın proloqunun ilk abzasının son - “Ətəyində seyrək ağaclar görünən təpənin başında bayquş aram-aram ulamağa başladı” cümləsi ayıq oxucunu bəri başdan “Ölüm, ya olum” sualı üzərində qurulmuş bir əsərə şahidlik edəcəyindən xəbər verir.
Tarixi mənbələrdən və bir çox bədii əsərlərdən bizə tanış olan Nadir H. Mirələmovun təqdimatında uşaqlığından taleyin sərt sınaqları ilə üz-üzə gəlməli olub. Əvvəl kürktikən, qocalandan sonra isə ilxıçılıq edən İmamqulunun oğlu on iki yaşına qədər mədrəsə təhsili almasa da, müəllifin təbirincə desək: “heç əlifbeyi bilməsə” də həyat məktəbi ona çox şey öyrədib. Təbiətin qoynunda azad yaşadığından ilk gənclik illərindən onda müstəqillik eşqi formalaşıb. Allah-taalanın seçilmiş bəndəsi kimi ona verdiyi fitri istedad, dərin zəka sayəsində daim ucalığa, liderliyə can atıb. On iki yaşında ikən qəfil leysandan, aramsız göy gurultusundan vahimələnərək uçuruma yuvarlanmaqda olan ilxını xilas edəndə də, az sonra cavanları başına yığıb oymağın mal-qarasını talan edən türkmənlərlə savaşıb apardıqlarını geri alanda da, sehrkar kor Həsənəlinin xeyir-duasını, anasının öyüd-nəsihətini dinləyəndə də, əsirlikdə Buxaralı Qəmbərin nökəri olanda da onu yalnız bir şey düşündürüb: Allahın nəzəri üstümdədir və mən Rəbbimin köməyi ilə uca məqamlar sahibi olacağam.
Nadir xan - bütün varlığı ilə vətəninə bağlı olan və onu bütövləşdirməyə çalışan bir türk oğludur və şah sarayında yaşamasa da, saray intiriqalarından və şahların sabitqədəm olmayan xarakterlərindən kifayət qədər məlumatlıdır. O, qəti şəkildə bilir ki, şahların və həm də iradəsiz şahların ipi üstə odun yığmaq olmaz. Əmindir ki, Təhmasib Mirzə onun yardımı ilə qəsb olunmuş səltənətinə sahib durandan sonra onu özünə rəqib hesab edərək aradan götürməyə çalışacaqdır. Bəri başdan həyatını sığortalamaq, məhrumiyyətlər bahasına qazandığı məqamı qorumaq və hələlik yalnız özünə bəlli olan arzusuna çatmaq üçün o, şahı onunla saziş bağlamağa, şahı özündən asılı vəziyyətə salmağa çalışır. Ağlı və cəsarəti sayəsində rəqiblərini neytrallaşdırmağa, şahdan “Təhmasibqulu” ləqəbini almaqla İran ərazisində şahdan sonra ikinci şəxs olmağa müvəffəq olur. Bu zamanadan etibarən ölkəni faktiki olaraq Təhmasib Mirzə yox, Nadir xan idarə etməyə başlayır.
Nadir xan cəsarətli sərkərdə olmaqla yanaşı, həm də müdrik və ağıllı siyasətçidir. Məhz ağıllı və uzaqgörən siyasəti sayəsində o, Muğanda İranın hər yerindən nümayəndələr dəvət etməklə xalq qurultayı keçirir. Qurultay nümayəndələrinin təkidi ilə taxt-taca sahib olaraq şahlığını qanuniləşdirir və Əfşarlar sülaləsinin əsasını qoyur.
Səltənətin qanuni sahibinə çevrilən, illərdən bəri arzusunda olduğunu əldə edən Nadir şah demokratik yolla hakimiyyətə gəlsə də, hakimiyyəti demokratik yolla idarə etməyin mümkünsüz olduğunu çox yaxşı başa düşür. Hələ ölkə üçün görüləsi çox işlər var və bu işlərin bir çoxunu zor işlətmədən yerinə yetirmək mümkün deyil. Sonuncu Səfəvi şahları dövründə özlərini müstəqil hakim, bəzən şah elan edənlər - dişi qana batmış canavarlar açıq şəkildə meydan sulaya bilməsələr də, məqam düşdümü məmləkətin müxtəlif yerlərində ixtişaşlar törətməkdədirlər və Nadir şah bu ixtişaşları silah gücünə yatırmaq məcburiyyətindədir.
Şahlığının ilk illərini ölkənin əmin-amanlığına sərf edən Nadir şah sonrakı illərdə cahangirlik iddiasına düşür, ölkələr fəth edib böyük, lakin idarə olunması mürəkkəb olan bir imperiya qurur. Bağdad, Herat, Dehli, Türküstanda Nadir şah Əfşarın qalib bayrağı dalğalanır.
Nadir şah qurduğu hakimiyyətin dayanıqlı olmasına nə qədər əhdi-cəhd etsə də, zaman və Nadirin qurduğu dövlət quruluşu buna imkan vermir. Özünə, min cür məşəqqətlər bahasına bərpa etdiyi, qurduğu dövlətə qarşı yadlar bir tərəfə, doğmalarından gördüyü xəyanətlər Nadir şahı ölüm kürsüsünə tərəf sürükləyir. İnandıqları tərəfindən qətlə yetirilən Nadir şahın ölümü, əslində, bir vaxtlar etdiyi xəyanətlərin mükafatı kimi də düşünülə bilər.
Məruzə ətrafında çıxışlar zamanı Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova bildirdi ki, bu təqdimatı arzulayanlardan biri də məhz mənəm. Çünki mən bir neçə il əvvəl bu romanın əl yazmasını oxumaq şərəfinə nail olmuşam. Həm tarixçi olduğuma görə, həm də mövzu diqqətimi çox çəkdiyinə görə, əsəri az bir vaxtda oxudum və çox təsirləndim. Bir neçə gün əvvəl kitabın təqdimatına dəvət alanda çox sevindim. Sevincimin səbəbi ondadır ki, bu gün Azərbaycan ədəbiyyatında, Azərbaycan tarixşünaslığında böyük şəxsiyyətlərin həyatına və fəaliyyətinə həsr olunmuş qiymətli əsərlər meydana gəlməkdədir.
Ədəbiyyatımızda bu və digər sahələrə aid saysız-hesabsız əsərlərin olmasına baxmayaraq, böyük tariximizə, tarixdə şəxsiyyətlərin roluna, onların öz xalqlarının tarixinin istiqamətləndirilməsi fəaliyyətlərinə həsr olunmuş əsərlər demək olar ki, yox dərəcəsindədir.
Burada hörmətli akademikimiz Ramiz Mehdiyevin Şah İsmayıl Səfəviyə həsr etdiyi çox maraqlı və tutarlı əsərinin adı çəkildi və onun Azərbaycan tarixçiləri, filosofları, ədəbiyyatçıları qarşısında ciddi vəzifələr qoyduğu barədə danışıldı. Bununla razılaşmamaq olmur. Çünki milli kimlik nəyin sahibisən sualının cavabının verilməsindən başlayır. Əgər mən öz tarixi irsimi bilmirəmsə, əgər bu tarixi irsin məni bir Azərbaycan vətəndaşı, şəxsiyyət kimi yetişdirməsinin rolunu dəyərləndirə bilmirəmsə, onun tutarını, lüzumunu bilmirəmsə məndə milli kimlik məsələsinə bir şübhə yaranır. Bu baxımdan Azərbaycan tarixində böyük rolu olmuş, Azərbaycanın müxtəlif mərhələlərində yaşadığı o çətin, kəşməkəşli anları, cərəyan edən hadisələrin içərisində xalqlara dayaq olmuş böyük tarixi şəxsiyyətlərin roluna, onların böyük fəaliyyətinə həsr olunmuş əsərlərin bu gün meydana gəlməsi çox önəmlidir və vacibdir. Bu mənada yazıçı-dramaturq Hüseynbala Mirələmov böyük vətəndaşlıq nümunəsi göstərib və bu gün Nadir şaha həsr etdiyi “Sonuncu fateh” əsərini bizə təqdim edib.
Əsərin adının “Sonuncu fateh” olması, mənim düşüncəmə görə, bəlkə də nisbi, simvolikdir. Çünki, türk dünyasının fatehləri heç vaxt sonuncu ola bilməz. Doğrudur keçmiş fatehlik qılıncla, döyüşlə olurdusa, bu gün biz onu başqa cür qəbul edirik. Bu gün fatehlik dünya siyasət meydanında, dünya elmində öz sözünü demək bacarığıdır. Mən bu dünyada, bu tarixdə, bu siyasətdə varam, beynəlxalq təşkilatların üzvüyəm demək bacarığıdır. Bəli, bu baxımdan böyük türk fatehlərimiz var, siyasətçilərimiz var və hələ çox olacaqlar.
Tarixi şəxsiyyətlər haqqında əsər yazmaq böyük məsuliyyət tələb edir. Həm dövrü gözəl bilməlisən, həm də dövrün ictimai, siyasi, sosial, mədəni durumundan xəbərdar olmalısan. Həmin dövrün siyasi münasibətlərinin özünəməxsusluğunu bilməlisən, xarici münasibətlərdə, beynəlxalq əlaqələrdə onların yerini dəqiq müəyyənləşdirməlisən. Bütün bunlar olduqca çətin məqamlardır və Hüseynbala Mirələmovun həmin dövrə– 1722-ci ildən 1744-cü ilə qədər olan Azərbaycan, İran tarixində olan hadisələrə bu cür diqqətlə münasibət bildirməsi çox böyük bir işdir və böyük zəhmətdir.
Tarixi şəxsiyyətlər haqqında yazarkən, hər bir müəllif onu özü görmək istədiyi kimi təsvir edir. Təsadüfü deyil ki, Qərb tarixşünaslığında böyük şəxsiyyətləri, bəlkə də, digər cizgilərdən, nöqsanlardan uzaq, müdrik, ideallaşdırılmış bir obraz kimi təqdim edirlər. Rus tarixşünaslığında da eyniylə belədir. Hər hansı tarixi şəxsiyyət necə varsa o cür cəmiyyətə təqdim olunmur. İzuitlər ordeninin məşhur bir prinsipi vardı. Onlar söyləyirdilər ki, əsas o deyil ki, o necə olub, əsas odur biz onu bu gün cəmiyyətə necə təqdim edirik və gələcəyə hansı formada, hansı xarakterdə taranslyasiya edəcəyik. Bu çox önəmlidir.
Əgər biz Azərbaycan tarixində böyük rolu olmuş şahlarımızın, xanlarımızın, bəylərimizin yalnız mənfi cəhətlərini qabardarıqsa, o zaman onların gördüyü böyük işlərin dəyəri, əhəmiyyəti azala bilər. Burda hamıya yaxşı məlum olan bir deyimi yada salmaq istəyirəm: “Keçmişinə güllə atanı gələcək topa tutacaq”. Əgər biz bu gün Azərbaycanın milli dövlətçiliyindən, dövlət quruculuğundan danışırıqsa, onda bu dövlətin böyük tarixi ənənələrini yada salmaq, bu ənənələri qoyan insanlardan, şəxsiyyətlərdən danışmaq, onlara əsərlər yazmaq lazımdır.
Nadir bəy, Nadir xan, nəhayət Nadir şah da bu böyük yolu keçmiş şəxsiyyətlərdən olub. Əlbəttə, istilaçı idi, ancaq arzusu böyük bir ərazini istila edib böyük bir dövlət yaratmaq idi. “Məqsəd vasitəyə bəraət qazandırır” deyirlər. Onun da məqsədi Azərbaycanın sərhədlərini genişləndirmək və böyük türk dövləti yaratmaq idi. Bu gün sərhədlərimiz çox kiçilib. Bu gün 86 min kvadratkilometr olan torpaqlarımızın da 20 faizi işğal altındadır. Amma görün haradan başlayıb hara gəlmişik. Bu baxımdan Nadir şahın yaratdığı böyük dövlətin, təəssüf ki, sonradan davamı olmadı. Niyə olmadı? XXI əsrin ikinci onilliyindən həmin dövrü qiymətləndirmək çox çətin məsələdir. Nə qədər dəqiq qiymətləndirməyə çalışsaq da yenə biz onun tarixi, fəlsəfi yöndən dəyərini olduğu kimi verə bilməyəcəyik. Çünki o zamanın öz siyasi tələbləri, öz reallıqları vardı. Tarixi yaddaşı qorumaq, bu yaddaşı özündə yaşadan hər bir şeyi qorumaq üçün milli kimliyimizə qayıtmalıyıq.
Çıxışının sonunda Rəbiyyət xanım böyük məsuliyyətinə, yaradıcılıq qabiliyyətinə və vətəndaşlıq hissinə görə yazıçı-dramaturq Hüseynbala Mirələmova təşəkkür etdi və yeni yaradıcılıq uğurları arzulayaraq dedi:
-Mənim üçün bir alim kimi əsas odur ki, Azərbaycan ədəbiyyatına, tarixşünaslığına yeni bir kitab gəlir. Bu hər bir azərbaycanlının fəxr edə biləcəyi tarixi şəxsiyyətlərimizdən, fatehlərimizdən birinə həsr olunmuş əsərdir.
Təqdimat mərasimində ədəbiyyatçı alim, professor Qəzənfər Paşayev yazıçı-dramaturq Hüseynbala Mirələmovun Azərbaycan oxucularına təqdim etdiyi “Sonuncu fateh” romanının tarixi siyasi əhəmiyyətindən danışdı:
–Bu müəllifin tarixi qəhrəmanlarımıza yeni həyat verdiyi ilk əsər deyil. Biz bu günlərdə Akademik Milli Dövlət Dram Teatrının səhnəsində yazıçı- dramaturqun “Gəncə qapıları” tarixi dramına çox böyük maraqla tamaşa etdik və çox bəyəndik.
Tarixi əsərlərin öz məziyyətləri, çətinlikləri var. Tarixi yaratmaq asandır, nəinki onu yazmaq. Bu işdə böyük obyektivlik, bilik, təfəkkür lazımdır ki, bu, heç də həmişə hər yazıçıda olmur. Etiraf etməliyik ki, bəzən bilərəkdən, bəzən nadanlıqdan, səviyyənin aşağı olmasından tarixi düz yazmırlar.
Səmimi deyim ki, “Sonuncu fateh”i çox böyük maraqla oxudum və məmnun qaldım. Bəllidir ki, tarixi şəxsiyyətlər heç də bəzilərinin düşündüyü kimi, səhvsiz və ideal olmurlar. Dünya tarixindən tanıdığımız neçə sərkərdə saya bilərəm ki, onlar şəxsiyyət kimi çox ziddiyyətli olublar. Şah İsmayıl Xətai da, Nadir şah da istisna deyillər. N.Makiavelli hesab edirdi ki, hökümdarın siyasi uğuru onun məqsədyönlü siyasətindən, lazımi vasitələrdən, hətta ən əxlaqsız hərəkətlərdən belə istifadə etmək bacarığından asılıdır. Əgər hakimiyətə gələn, düşmənçiliyin parçaladığı cəmiyyətdə qayda yaratmaq və lazımi dəyişiliklər aparmağa qabil hansısa güclü şəxsiyyətdən sonra yeniləşmə baş vermirsə bundan sonra dövlət dağılmalıdır. Yazıçı Səfəvilərin sonuncu nümayəndəsi Təhmasibin dövlətçilik təfəkküründən uzaq, bir məişət pozğunu olduğunu, onun simasızlığını dürüst təsvir etməklə Nadir şahı bir daha ucaltmış olur. Nadir özü Təhmasib haqqında deyir: “Yəni doğurdanmı taxt-tac yiyələri hamısı bunun kimi dəmdəməki olur?”
Q.Paşayev tarixi əsər yazmağın məsuliyyətindən danışaraq qeyd etdi ki, sanballı tarixi roman meydana qoymağın özünə görə çox ciddi yaradıcılıq məsuliyyəti var. Yazıçı bədii təsvirini verdiyi dövrün mühüm ictimai - siyasi hadisələrini, adət-ənənələrini, bu adət və ənənələrin daşıyıcısı olan insanları, onların psixologiyasını, konkret zaman çərçivəsində həmvətənlərinin həyat və dolanışıq tərzini, danışdıqları dilin xüsusiyyətlərini, xalqın folklorunu, musiqisini və sair məsələləri yaxşı öyrənməlidir. Bütün bunlar ona görə lazımdır ki, yazıçı təsvir etdiyi dövrlə bu günün oxucusu arasında zaman səddini aradan qaldırmağı bacarsın. Düşünürəm, Hüseynbala Mirələmov bu vəzifənin öhdəsindən uğurla gəlmişdir.
Əsərin adına gəlincə, yazıçı burada “Sonuncu fateh” ifadəsini Nadir şahın məmləkətləri ələ keçirmək və qılıncı ilə fəth etmək mənasında işlətmişdir və əlbəttə, Nadir şah, həqiqətən, Azərbaycanlı sərkərdə kimi sonuncu fatehdir.
Q. Paşayev bildirdi ki, əsərin dili aydın, təbii və axıcıdır. Məni daha çox sevindirən isə Hüseynbala Mirələmovun ayrı-ayrı məqamlarda xalq yaradıcılığından, rəvayətlərdən yerində istifadə etməsidir ki, bu, oxucu marağını daha da artırır. “Sonuncu fateh” tarixi əsər kimi bu gün üçün həm də ona görə böyük əhəmiyyət daşıyır ki, burada dövlətə, torpağa sədaqət ruhu, Vətənin bütövlüyü yolunda mübarizə əzmi var.
Şair Ənvər Əhməd çıxışına Teymurləngin bir əhvalatı ilə başladı:
– Əmir Teymur gözüaçıq yatarmış. Bir gün onun münəccimi deyir ki, böyük hökmdar, siz yatanda da, duranda da, işləyəndə də, döyüşəndə də gözünüz daim açıqdır. Bu sizə fəsad verər. Teymurləng qəzəbli baxışlarla sol çiyni üstə çevrilib deyir ki, “əblək, kipriklərim çalınan anda sərhədlərim keçilər”. 2 milyon 376 min kvadratkilometr ərazisi olan dövlətin başçısının bu qəzəbli ifadəsi adi bir sərkərdə qəzəbi deyildi. Amma Nadirin böyüklüyü onda idi ki, o 2 milyon 777 min kvadratkilometrlik bir ərazi zəbt etmişdi. Bu torpaqlar büsbütün türk torpaqları idi.
Romanı oxuduqca aydın olur ki, Makedoniyalı İsgəndər, Çingiz Xan, Əmir Teymur, Şah İsmayıl Xətai kimi şöhrət sahibi olan sərkərdələrlə bir cərgədə duran, öz qılıncı ilə möhtəşəm Əfşar imperatorluğu qurmuş Nadir şahın hərbi-siyasi fəaliyyətini və faciəvi sonluqla bitən həyatını oxucularının gözləri önündə canlandırmaq üçün yazıçı bu tarixi şəxsiyyət haqqında ortada olan bir çox qiymətli tədqiqat əsərlərinə və sənədli qaynaqlara müraciət etmişdir. Bu tarixi roman janrı üçün çox təbii və zəruri prosesdir.
Əsərdə mühüm bir fakt - İslam hümmətinin məzhəb ayrılığı qlobal mahiyyət daşıyır. Hamı bilir ki, Nadir şah İslam dininə rəxnə salan, əsrlərcə onu zəiflədən, bu gün də bir çox bədxah dövlətlərin dəyirmanına su tökən məzhəb ayrılığına, sünni- şiə ixtilafına qarşı ardıcıl mübarizə aparmış, bu sahədə çox böyük məhrumiyyətlər yaşayıb ciddi maneələrlə qarşılaşmış, lakin öz imkanları daxilində mübarizəsini ardıcıl olaraq davam etdirmişdir. Sonda, bəlkə, elə bu səylərinin də qurbanı olmuşdur. Mənə elə gəlir ki, Nadir şahın rəhmətlə yad olunası bu mübarizəsi bütün müsəlman dünyası üçün bir nümunəyə çevrilməlidir. Yazıçının Nadir şahın bu yoldakı fəaliyyətinə geniş yer verməsini, onu böyük rəğbətlə təsvir etməsini alqışlamaq lazımdır.
Yazıçının Nadir şahın qüdrətini, qarşısında hətta, o zamanın qüdrətli dövləti olan Rusiyanın belə çəkindiyini inandırıcı detallarla təsvir etməsi qürurverici məqamlardandır: “Rusiya Birinci Pyotrun dövründə on minlərlə əsgərinin həyatı bahasına zəbt etdiyi Səfəvi dövlətinin şimal torpaqlarını geri qaytarmağa məcbur olmuşdu”.
Nadir şah bütün hakimiyyəti dövründə dövləti gücləndirməyə, “böyük birliyə” xidmət edirdi. Lakin özünə olan xəyanətdən sonra ölüm ayağında deyir: “Bunlar necə adamlardır, İlahi, hər kəs öz qalasının hakimi, öz evinin böyüyü olmaq istəyir. Böyük bir ölkənin əldən getməsi isə heç kimin vecinə deyil!” Nadir şahın dövlətçilik düşüncəsinin mahiyyətinin açıldığı bir məqam da budur. Sonra söz tarixçi, Əfşarlar sülaləsinin tədqiqatçısı Aydın Əfşara verildi. Natiq qeyd etdi ki, bu gün tariximizin öyrənilməsinə, obyektiv yazılmasına yaradılan şəraitə görə ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildirməliyik. Hörmətli dövlət başçımız ulu öndər Heydər Əliyevin milli -mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, adət-ənənələrimizə, musiqimizə olan qayğısını yüksək səviyyədə davam etdirir.
Baxın, Nadir şah İslam şərqini birləşdirdi, I Napoleon isə sonuncu dəfə Avropanı birləşdirmişdi. Nə üçün Napoleon tədqiq olunsun, ona çoxlu sayda əsərlər yazılsın, filmilər çəkilsin, amma ondan daha əzəmətli sərkərdə Şah İsmayıl Xətai, Nadir şah tədqiq olunmamış qalsın?
Mən Nadir şahla bağlı altı əsər oxumuşam. Axırıncı oxuduğum əsər, təbii ki, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Sonuncu fateh” əsəridir. Həqiqətən, Nadir türk dünyasının sonuncu fatehidir. Bu əsər çox böyük vətəndaş yanğısı, vətənçilik fəlsəfəsi, dərin zəka ilə yazılıb. Mən qeyd etdim ki, Əfşarlar sülaləsinin tədqiqatçısıyam və yazıçının burada təsvir etdiyi yerlərin, demək olar, böyük bir hissəsini qarış-qarış gəzmişəm.
Nadirin məzhəb ayrılığı ilə bağlı mövqeyinə burada toxunuldu və əsərdə bu məsələnin çox maraqlı detallarla açıqlandığı söyləndi. Xüsusilə, tarixdən bəlli olan Muğan qurultayının keçirilməsi və Nadirin burada qaldırdığı tələblər real və təsirli cizgilərlə əksini tapmışdır.Əsərdə Nadirin bütün fəaliyyəti boyu, hətta çox məşəqqətli vaxtlarda belə öz əsas qayələrindən imtina etmədiyi, islam aləminin rifahı haqqında qayğıların onu tərk etmədiyi göstərilir: “Mənim qəsdim müsəlmanlar arasında dini təfriqəyə son qoymaqdır. İstəyim budur ki, böyük müsəlman dünyası qurub-yaradaq. Bu şərtlə ki, sonra hərəmiz öz keçmiş sərhədlərimizə çəkilib Allahın nəsib etdiklərinə qane olaq”.
Çıxışının sonunda natiq bildirdi ki, yazıçı təkcə ədəbiyyatımız üçün yox, tariximiz və gələcək nəsillərimiz üçün çox böyük iş görmüşdür. Hüseynbala Mirələmov bu əsərlə nəsillərin tarixi yaddaşını təzələdi.
Təqdimat mərasimində ədibin Milli Məclisdəki deputat həmkarları Eldar İbrahimov və Hadı Rəcəbli də çıxış edib qazandığı uğurlara görə Hüseynbala Mirələmovu təbrik etdilər və ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Nizami adına Ədəbiyyat İnistitutunun Həmkarlar İttifaqının sədri, filologiya elmləri doktoru Asif Rüstəmli isə “Sonuncu fateh” əsərinin təqdimatının məhz bu məbədgahda keçirilməsinin ədəbiyyatşünaslığımız üçün böyük hadisə olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, bu gün əsər haqqında çox qiymətli fikirlər söyləndi. Ancaq mən əminəm ki, belə tarixi bir əsərin müzakirəsi bir təqdimatla yekunlaşmaz. Hələ ədəbiyyatşünas, tarixçi və filosof alimlərimiz, tənqidçilərimiz ədəbiyyatımızda, həqiqətən, hadisəyə çevrilmiş “Sonuncu fateh” haqqında çox yazacaq, maraqlı, bir-birindən dəyərli fikirlər söyləyəcəklər.
Sonra natiq Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar İttifaqı idarə heyətinin qərarını elan etdi və bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı rəyasət heyəti də bu qərarı bəyənərək ona qoşulmuşdur. Qərarda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı rəyasət heyətinin və Nizami adına Ədəbiyyat institutunun Həmkarlar İttifaqı İdarə heyətinin 5 dekabr 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin deputatı, ictimai xadim, yazıçı-dramaturq, professor Hüseynbala Mirələmov “2012-ci ilin yazıçısı” fəxri diplomu ilə təltif edilir”. Diplom və “2012-ci ilin yazıçısı” döş nişanı ədibə təqdim olundu.
Tədbirin sonunda yazıçı-dramaturq Hüseynbala Mirələmov Nizami adına Ədəbiyyat İnstitunun rəhbərlərinə və alimlərə, təqdimat mərasiminin bütün iştirakçılarına təşəkkür edərək bildirdi ki, mənim üçün xalqımın bütün tarixi şəxsiyyətləri əziz və qiymətlidir– Şah İsmayıl Xətai də, Nadir şah da, Heydər Əliyev kimi böyük düha da. Tarix haqqında düşünərkən, adını xatırlamadığım fikir dühalarından biri yazır: “Biz tarixi bir bütöv kimi dərk etməyə çalışırıq ki, bununla həm də özümüzü dərk edək”. Tarix bizim üçün təkcə xatirələr deyil, biz tarixi ona görə öyrənirik ki, orada həm də bizim həyatımızın kökləri, milli genimizin açarı var. Tarix bir dəfə qoyulmuş özüldür, əgər izsiz - soraqsız yoxa çıxmaq istəmiriksə və insan həyatına öz töhfəmizi vermək istəyiriksə, onunla rabitəni qorumalıyıq.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.