Müasir qloballaşma dövründə milli-mənəvi dəyərləri qorumaq vacib və əhəmiyyətlidir. Belə bir mərhələdə kulturoloji innovasiyaların inkişaf istiqamətinə diqqətlə yanaşılmalıdır. Bu fikirlər dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial mədəni inkişaf” adlı beynəlxalq elmi-nəzəri konfransda səsləndirildi.
Xarici qonaqların da iştirak etdiyi beynəlxalq tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev açdı. O, konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən və məqsədindən söz açdı. “Qloballaşma dövründə kulturoloji innovasiyalar:reallıq və zərurətin kəsişməsində” adlı məruzə ilə çıxış edən rektor qloballaşma prosesinin sosial-mədəni inkişafın müxtəlif formasiyaları ilə özünü daha qabarıq biruzə verdiyini bildirdi. Onun sözlərinə görə qloballaşma prosesi sosial-mədəni, iqtisadi, siyasi və digər əlaqələrin vahid bir sistemə daxil olmasını ehtiva edir.
Daha sonra konfransın plenar iclası çıxışlarla davam etdi. Milli Məclisin üzvü Mübariz Qurbanlı qloballaşma dövründə mədəniyyətin mühüm amil olduğunu və daha çox təsir imkanları qazandığını vurğuladı. Dövlətin mədəniyyət sahəsini daim diqqətdə saxladığını bildirən deputat qeyd etdi ki, son dövrlər Azərbaycan sivilizasiyalararası dialoq və əməkdaşlıq sahəsində xeyli irəli getmiş, bu istiqamətdə bir sıra tədbirlərin keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor İrina Silakova tədbirin əhəmiyyətini vurğuladı, təmsil etdiyi ali təhsil ocağının mədəniyyət sahəsində kadr hazırlığından və qloballaşma dövründə mədəniyyət sahəsinə təsir məsələsindən söhbət açdı. İlya Qruziya adına Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri Bolonya sisteminə qədər və sonrakı dövrdə teatr sənəti təhsilinin nəzəriyyəsi və təcrübəsi barədə məruzə ilə çıxış etdi. Qədim dövrdən bu yana teatrın müxtəlif inkişaf mərhələrindən keçdiyinə toxundu. Böyük Britaniyadan gəlmiş qonaq, həmin ölkədə nəşr edilən “Visions of Azerbaijan” jurnalının redaktoru İan Piert Azərbaycanın zəngin mədəni irsə malik olduğunu bildirdi. “Qlobalaşma dövründə bir xalqı tanıtmanın ən gözəl üsulu onun mədəniyyətini tanıtmaqdır”-deyən jurnal redaktoru Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə maraqla qarşılandığını qeyd etdi. Qonaq “Visions of Azerbaijan” jurnalının ölkəmizi tanıtmaq üçün Azərbaycan mədəniyyəti, tarixi, müasir vəziyyəti haqqında Avropa oxucularına geniş məlumat verdiklərini bildirdi.
Tümen Dövlət Universitetinin professoru, elmlər doktoru Saleh Hacıyev çıxışında müasir qloballaşan dünyada münaqişə ocaqları və qarşıdurmaların olmasından bəhs etdi. Bildirdi ki, bəşəriyyətin təhlükəsizliyi və əmin-amanlığını təhdid edən bu xoşagəlməz amillərin qarşısını almaq üçün kulturoloqların və mədəniyyət sahəsində çalışan mütəxəssislərin üzərinə böyük iş düşür.
Daha sonra isə digər ziyalılar—fəlsəfə üzrə elmlər doktoru Niyazi Mehdi, fəlsəfə üzrə elmlər doktoru Əlikram Tağıyev, kulturologiya üzrə elmlər doktoru İlqar Hüseynov, professor Sakit Hüseynov, Bakı Slavyan Universitetinin professoru Çingiz Abdullayev, İqtisad Universitetinin professoru Əli Əlirzayev və başqaları çıxış etdilər. Müzakirələr zamanı qloballaşmanın mədəniyyət sahəsinə göstərdiyi təsirlərdən, onun doğura biləcəyi nəticələrdən söhbət açıldı. Qeyd edildi ki, qloballaşma elə bir anlayışdır ki, onun təsirinə tam düşən xalq və toplumlar, xüsusilə də gənclər öz milli mədəni dəyərlərini itirmək təhlükəsi ilə üzbəüz qala bilər. Bu baxımdan qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi daha da aktuallaşır. Ona görə də kulturoloji innovasiyalar yaradarkən milli-mənəvi amillərə söykənmək lazımdır. Bu üsulla qloballaşmanın gətirdiyi yad təsirlərdən qorunmaq mümkündür.
Plenar iclasın sonunda çıxış edən universitetin rektoru professor Timuçin Əfəndiyev konfransın ziyalılar arasında maraqlı fikir mübadiləsi və müzakirələrə səbəb olacağını vurğuladı. “ Qloballaşma dövründə biz milli-mədəni dəyərlərə söykənməliyik. Bu işdə təkcə gənclər deyil, alimlər, mütəxəssislər də fəal olmalıdır.”-deyən rektor konfransın işinə uğurlar arzuladı.
İclasdan sonra beynəlxalq konfransın əsas təşkilatçısı olan Universitetin kulturologiya fakültəsinin dekanı, fəlsəfə doktoru Apdin Əlizadənin tədbirin əhəmiyyəti və məqsədləri barədə fikirlərini öyrəndik. Tədbirin təşkilat Komitəsinin üzvü olan Apdin müəllim ADMİU-nun yaranmasının 90 illiyində belə bir beynəlxalq tədbirin reallaşmasını əlamətdar hadisə hesab etdiyini vurğuladı. Qeyd etdi ki, müxtəlif ziyalıların iştirak etdiyi konfransın məqsədi qloballaşma dövründə cəmiyyətdə kulturologiya və mədəniyyət sahəsində baş verən dəyişiklikləri, qloballaşmanın bu sahəyə etdiyi təsirləri müzakirə etmək, səmərəli fikir mübadiləsi aparmaqdır. Onun sözlərinə görə, bu tip konfrans və tədbirlər qloballaşma anlayışını və onun dünyada gedən proseslərə təsir imkanlarını daha dərindən anlamaq və öyrənmək baxımından əhəmiyyətli heab edilə bilər. Çünki əsasən bu cür tədbirlərdə bir araya gələn mütəxəssislər qloballaşmanın gətirdiyi müsbət və mənfi təsirləri ayırd edərək fikir mübadiləsi aparırlar.
İki gün davam edəcək konfransda plenar iclasdan sonra dörd bölmə–qloballaşma və mədəniyyətlərarası dialoq; mədəniyyət və şəxsiyyət; modernləşmə və dünya dinləri; kulturologiya və onun aktual problemləri üzrə müzakirələr davam etdirilir.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.