“Azərsu” ASC ilə Memarlıq və İnşaat Universiteti arasında müqavilə imzalandı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə imzalandı. Xatırladaq ki, müqavilə  “Azərsu” ASC-nin  müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur. 

İmzalanma mərasimində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova universitetin inşaat mühəndisliyi üzrə kadrların  hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq bu əməkdaşlığın tərəflər üçün böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, yüksək ixtisaslı kadrlar hazırlamaq üçün hökmən istehsalatla sıx əlaqə yaradılmalı və təcrübə mübadiləsi aparılmalıdır. G. Məmmədova “Azərsu” ASC ilə əməkdaşlığın  rəhbərlik etdiyi ali təhsil ocağı  üçün elmi və praktiki baxımdan faydalı olacağına əminliyini ifadə etdi.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirdi ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, eləcə də kəndlərdə içməli su və kanalizasiya layihələri icra olunur. Natiq həmin işlərin keyfiyyətlə yerinə yetirilməsi, istifadə olunan son texnologiyaların və xarici təcrübənin mənimsənilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac yarandığını diqqətə çatdıraraq “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında  Memarlıq və İnşaat Universitetinin imkanlarından maksimum istifadə olunacağını bildirdi. Qeyd olundu ki, universitetin bakalavr dərəcəsi almış bacarıqlı mühəndislərinin “Azərsu” ASC-nin  təqaüd proqramı çərçivəsində  xaricdə magistr təhsili alması təmin ediləcək. Təhsildə fərqlənən tələbələrə həvəsləndirici təqaüdlərin verilməsinin də nəzərdə tutulduğunu vurğulayan Q. Hüseynov onu da bildirdi ki, “Azərsu” Səhmdar  Cəmiyyətinin dəstəyi ilə xaricdən dəvət olunmuş alim və mütəxəssislərin universitetdə mühazirə  oxuması təmin ediləcək.

Xatırladaq ki, tərəflər arasında razılaşmaya görə, universitetin II-IV kurs tələbələri “Yay məktəbi” proqramı çərçivəsində “Azərsu” ASC-nin idarə və müəssisələrində təlimlərə, “Azərsu” ASC-də çalışan mütəxəssislər isə gələcəkdə universitetdə mühazirələrə, seminarlara, imtahan komissiyaları və elmi şuralara cəlb olunacaqlar. Universiteti müvəffəqiyyətlə bitirən  və təcrübi biliklərə malik məzunlar səhmdar cəmiyyətinin müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

Axırda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova iki qurum arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair sənədi imzaladılar.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında