Azərbaycan Diplomatik Akademiyasında NATO Müdafiə Kollecinin nümayəndə heyəti üçün seminar təşkil edilmişdir

Dekabrın 17-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) NATO Müdafiə Kollecinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti üçün Azərbaycanın təhlükəsizlik və iqtisadi siyasətinin əsaslarına dair seminar təşkil olunmuşdur.

Dekabrın 17-də Azərbaycan Diplomatik Akademiyasında (ADA)  NATO Müdafiə Kollecinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti üçün Azərbaycanın təhlükəsizlik və iqtisadi siyasətinin əsaslarına dair seminar təşkil olunmuşdur. 

ADA-dan AzərTAc-a bildirmişlər ki, seminarda Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik, İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri çıxış etmiş, Azərbaycan ilə NATO arasında əməkdaşlığa dair fikirlərini bölüşmüşlər.

Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev  akademiyanın yaranması və burada tədris edilən akademik proqramlar barədə Kollecin nümayəndələrinə məlumat vermişdir. Bildirilmişdir ki, ADA ilə Müdafiə Kolleci arasında qarşılıqlı münasibətlər, birgə elmi araşdırmaların aparılması və mübadilə proqramları Azərbaycan-NATO münasibətləri baxımından faydalıdır.

Xarici işlər nazirinin müavini, ADA-nın professoru Araz Əzimov “Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik siyasət”i mövzusunda məruzə ilə çıxış etmişdir. Cənubi Qafqazda davam edən problemlərin regionun inkişafına mənfi təsir göstərdiyini vurğulayan A.Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan sülh danışıqlarının hazırkı vəziyyəti haqqında məlumat vermişdir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov isə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlıq fəaliyyəti, ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığı barədə məlumat vermişdir. Bildirilmişdir ki, hazırda Azərbaycan Müdafiə Nazirliyinin dünyanın 56 ölkəsi ilə hərbi əlaqələri mövcuddur.

Digər çıxış edənlər də Azərbaycanın sosial-iqtisadi inkişafından, son illərdə əldə olunmuş nailiyyətlərdən danışmışlar.

Qeyd edək ki, bu, Romada yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin və “Ali kurs” məzunlarının Bakıya artıq ikinci akademik səfəridir. Nümayəndə heyətinə NATO-nun üzvü olan 15-dən artıq ölkənin mülki və hərbi təmsilçiləri daxildir. ADA NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının Müdafiə və Təhlükəsizlik Akademiyaları Konsorsiumunun üzvüdür. Akademiyada tədris edilən fənlər arasında “Beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli” kursu da vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında