Azərbaycanın müstəqillik əldə etməsi cəmiyyətin ictimai-siyasi, sosial-mədəni həyatının bütün sferalarında qəbul edilmiş qanun və prinsiplərə yeni baxışı, onların yenidən qiymətləndirilməsini zərurətə çevirmişdir. Bu proses iqtisadiyyat elmi sahəsində xüsusən aktual mahiyyət kəsb etməkdə idi. Çünki müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının qəbul etdiyi ilk qərarlardan biri də keçmiş SSRİ iqtisadiyyatnda hakim olan inzibati-amirlik və ya planlı iqtisadiyyat sistemindən imtina edilərək dünyanın bütün inkişaf etmiş ölkələrində qəbul edilən açıq bazar iqtisadiyyatı sisteminə keçidin təmin edilməsi olmuşdur.
Yeni iqtisadi sistemin milli iqtisadiyyata optimal transformasiyası üçün peşəkar iqtisadçılarımız, bu sahədə fəaliyyət göstərən alimlərimiz ötən 21 ildə olduqca miqyaslı elmi-fundamental əsərlər ortaya qoymuş, sahə qanunvericiliyinin yenidən işlənməsi və uğurlu tətbiqinə gərgin əmək sərf etmiş, nəticədə ümumdünya təsərrüfat sistemində iqtisadi inkişafın “Azərbaycan modeli” meydana çıxmışdır. Şübhəsiz, bütün bu işlərin ərsəyə gəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun uzaqgörənliklə əsasını qoyduğu Azərbaycanın yeni inkişaf strategiyasının uğurlu davamçısı, ölkə başçısı cənab İlham Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Sosial yönümlü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşmağa başladığı ilk illərdə yeni iqtisadi sistem özü ilə bir çox yeni elmi-iqtisadi yanaşmalar, əvvəllər iqtisadi ədəbiyyatlarımızda heç vaxt istifadə edilməyən yeni termin və anlayışlar gətirmişdir. Lakin ilk dövrlərdə iqtisadi leksikona daxil olan bu yeni iqtisadi anlayış, kateqoria və konsepsiyaların həm tərcüməsində, həm də interpretasiyasında anlaşmazlıqlar mövcud idi. Ötən müddət ərzində ölkənin müxtəlif elmi-tədqiqat mərkəzlərində, ali təhsil ocaqlarında bazar iqtisadiyyatının müxtəlif aspektlərinin öyrənilməsi, bu iqtisadi sistem əsasında əsrlərlə inkişaf edərək yüksək iqtisadi inkişafa nail olmuş ölkələrin təcrübəsinin mənimsənilərək milli iqtisadiyyata tətbiqi paralel olaraq Azərbaycanda iqtisad elminin inkişafına da öz töhfələrini vermişdir. Son günlərdə işıq üzü görən akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanan “Böyük İqtisadi Ensiklopediya” beşcildliyi ötən iki onillikdə ölkənin bu elm sahəsi üzrə əldə etdiyi yeni nailiyyətləri aydın forma və məzmunda əks etdirir.
Qeyd edək ki, ölkəmizdə bütün dünyada qəbul edilmiş ensiklopediya tələblərinə cavab verən elə də çox nəşrə rast gəlinmir. Bunlardan ən məşhuru həcm və əhatə dairəsinin genişliyinə görə hələ SSRİ dövründə (1976-1987) çap edilmiş “Azərbaycan Sovet Ensiklopediyası”dır. Bu ensiklopediya çoxcildliyi Prezident İlham Əliyevin dediyi kimi: “...Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu on cildli ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir”. Bu ensiklopediya kiril qrafikalı əlifba ilə yazılan ilk və son irihəcmli nəşr olsa da, o, hələ də öz aktuallığını saxlamaqdadır. Məhz bu nəşr Azərbaycanda elmi biliklərin bütün sahələrini əhatə edən ensiklopediya hazırlanması işinin standartını müəyyənləşdirmişdir. Müstəqilik əldə etdikdən sonra yeni əlifba ilə müasir tələblərə cavab verən və dövlət başçısı İlham Əliyevin sərancamı ilə nəşrinə başlanılan “Azərbaycanın Milli Ensiklopediyası”nın artıq işıq üzü görmüş ilk cildləri ilə tanış olan oxucular bu ənənənin uğurla davam etdirildiyinə əmin olurlar.
Azərbaycanda latın qrafikalı əlifbaya keçilməsindən sonra ölkəmizdə uzun illər boyu nəşr olunmuş bədii, elmi, elmi-texniki və s. ədəbiyyat nümunələri latın qrafikalı əlifba ilə təhsil alan gənclər üçün əlçatmaz olmuşdur. Bu problemi aradan qaldırmaq məqsədilə Azərbaycan dövləti müvafiq addımların atılmasını zəruri hesab etmiş və bu sahədə bir sıra vacib işlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir.
“Böyük İqtisadi Ensiklopediya” beşcildliyinin redaksiya heyəti bu gün olduqca aktual olan bir elm sahəsində bu ənənəni davam etdirərək latın qrafikalı əlifbamızda çap edilən fundamental nəşr ortaya qoymuşdur. Etiraf edilməlidir ki, bu cür nəşrə çoxdan ehtiyac yaranmışdı. Nəzərə almaq lazımdır ki, “Böyük İqtisadi Ensiklopediya” beşcildliyi dövlət tərəfindən maliyyə dəstəyi olmadan, iqtisadçı alimlərimizin könüllü əməyi nəticəsində ərsəyə gəlib və elə buna görə bu işə çəkilən intellektual zəhmət böyük hörmətə layiqdir. Digər tərəfdən müstəqillik əldə etdikdən sonra respublikamızda konkret sahəyə aid ilk irihəcmli nəşr olan “Böyük İqtisadi Ensiklopediya”ya bənzər nəşrlərə keçmiş SSRİ ölkələrindən RF istisna olmaqla heç birində rast gəlinmir. Bu da o deməkdir ki, ayrı-ayrı vətəndaşlar və ən müxtəlif sosial qruplar “dövlət bizə nə verib?” sualına cavab axtararaq fəaliyyətsiz dayanmaqdansa, “biz dövlətə nə verə bilərik?” sualı ətrafında fikirləşərək fəaliyyətə başlasalar olduqca əhəmiyyətli işlər ortaya qoya bilərlər. Bunun konkret nümunəsi isə haqqında söhbət açacağımız beş cilddən ibarət “Böyük İqtisadi Ensiklopediya”dır.
“Böyük İqtisadi Ensiklopediya” beşcildliyi 10000-ə yaxın iqtisadi termin, müxtəlif iqtisadi əməliyyatların əyani izahı üçün 2000-dən çox sxem, cədvəl, qrafik və fotolardan ibarət olmaqla ümumilikdə 6 min səhifədən çoxdur. Dünya təcrübəsindən bəhrələnərək iqtisadi terminalogiyaya vahid prinsipdən yanaşma əsasında makro və mikro iqtisadiyyat, pul-kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, sığorta, fiskal siyasət, məcmu tələb və təklif, marketinq, menecement, investisiya, birja fəaliyyəti, innovasiya, institusional iqtisadiyyat, milli və qlobal rəqabət, iqtisadi təhlükəsizlik, müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər, iqtisadiyyatda tətbiq edilən qanun və kateqoriyalar, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü iqtisadi nəzəriyyə, qanun və prinsiplər və s. ilə bağlı minlərlə iqtisadi termin, söz və ifadənin mahiyyətinin mükəmməl izahı verilir.
Ensiklopediyada digər özünəməxsus xüsusiyytəti bir sıra elmlərlə, o cümlədən riyaziyyat, sosiologiya, nanotexnologiya, sinergetika və s. ilə qarşılıqlı əlaqədə olan, bu elm sahələrində əldə edilən novatorçu ideyaların iqtisadi-sosial həyatda tətbiqi ilə iqtisadiyyat elmində baş verən ən son gəlişmələrə, elmi nəticələrə yer verməsidir. Çoxcildliyin səhifələrində 1968-ci ildən başlayaraq Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsiplərinə geniş yer verilir və bu dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə ana dilimizdə belə peşəkar səviyyədə nəşr edilir.
Məsələn, nanotexnologiyanın və nano-elmin inkişaf sürətini, onun güclü innovasiya xarakteri daşıdığını, dünya iqtisadi ukladının dəyişilməsinə fundamental təkan yaradacağını, bu sahədə uğur qazanan ölkə və istehsal sahələrinin şəksiz rəqabət qabiliyyətliliyini təmin edəcəyini nəzərə alan redaksiya heyəti bu elm sahəsində tədqiqatlara və tətbiq məsələlərinə yetərincə diqqət ayırmışdır.
İqtisadiyyat elminin strukturlaşmasına, sahələrarası biliklərin ierarxiyasına, rasional qərarların hazırlanması, əsaslandırılması və qəbul olunmasınadək bir çox elmi və həyati əhəmiyyət kəsb edən nanoiqtisadi aspektlər ensiklopediyada ətraflı işıqlandırılmış, onların öncül cərəyanları barədə müfəssəl açıqlamalar verilmişdir.
Bu sahədə verilən bilgilər istər müvafiq dövlət proqramlarının işlənib hazırlanmasında, istərsə də nanotexnologiyalar haqqında baza biliklərini dərinləşdirmək arzusunda olan tələbə, magistrant və doktorantlar üçün kifayət qədər geniş imkanlar açmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 nömrəli Fərmanının tələblərinə müvafiq olaraq ensiklopediyada dilimizə yeni daxil olmuş bir çox iqtisadi termin və anlayışların Azərbaycan dilinin qrammatik prinsiplərinə müvafiq istifadəsinə nail olunub. Bu da müasir iqtisadi terminologiyanın bundan sonrakı elmi-tədqiqat işlərində, qanunvericilik aktlarında istifadəsi zamanı mötəbər mənbə kimi haqqında söhbət açılan külliyyatdan istifadə ediləcəyinə şübhə yaratmır.
Ensiklopediyada öz əksini tapan materiallarla tanışlıq onun təkcə peşəkər iqtisadçılar üçün deyil, həm də geniş oxucu kütləsi üçün maraqlı mənbə olacağını deməyə əsas verir. Hazırda sürətlə inkişaf etməkdə olan ayrı-ayrı ölkələrin, o cümlədən ABŞ, Çin, Türkiyə, Cənubi Koreya və s. nail olduqları iqtisadi uğurlar, onların səbəbləri və son illərdə həyata keçirdikləri iqtisadi islahatların mahiyyəti haqqında elmi əsaslandırmalar formasında verilmiş məqalələr nəşrin zəngin tematikaya malik olmasından xəbər verir.
Böyük zəhmətin nəticəsi olaraq ərsəyə gəlmiş “Böyük İqtisadi Ensiklopediya”nın səhifələrində yer alan qlobal bazarda özünü təsdiq etmiş iri transmilli şirkətlər, onların iqtisadi fəaliyyət sferaları, rəqabət strategiyaları haqqında məqalələr müasir dünya iqtisadiyyatının bugünki vəziyyətinə dair oxucuda dolgun təsəvvür yaradır ki, bu da nəşrin aktuallıq və miqyas göstəriciləri sırasındadır.
Ensiklopediyanın digər özünəməxsus xüsusiyyəti Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarının hazırkı vəziyyəti, iqtisadi inkişafın ayrı-ayrı sahələrinə cavabdeh olan dövlət qurumları, nazirlik və komitələr haqqında ən son rəqəm, sxem, foto və faktlarla zəngin məqalələrin verilməsidir. Həmçinin uzun illərdən bəri ölkəmizdə uğurla fəaliyyət göstərən və vətəndaşlarımızın istehlak tələbinin ödənilməsində fəal iştirak edərək onların rəğbətini qazanmış yerli və xarici iri özəl şirkətlər haqqında da məlumatların, statistik rəqəmlərin nəşrdə öz əksini tapması ensiklopediyanın mühüm fərqləndirici xüsusiyyətlərindən biridir. Bu materiallarla tanış olan oxucu milli iqtisadiyyatımızın bütün sahələrinin indiki durumu və perspektiv inkişaf istiqamətləri, qarşılıqlı maraqlara əsaslanan beynəlxalq iqtisadi əlaqələrimizin coğrafiyası, beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərimiz, iqtisadiyyatımızı tənzimləyən qanun və məcəllələr haqqında tam təsəvvürə malik olacaqdır. Bütün bunlar isə vətəndaşlarımızda azərbaycançılıq ideyasının möhkəmlənməsinə, illərdən bəri həyata keçirilən iqtisadi siyasətin xalqımızın xoşbəxt və firavan yaşamasına xidmət edən müasir cəmiyyət quruculuğuna yönəldiyinə bir daha inam yaradacaqdır. Azərbaycan Respublikasının perspektiv iqtisadi inkişafının prioritet istiqamətlərinə – neft strategiyasının əhatə etdiyi qlobal və regional enerji təhlükəsizliyi, neft kapitalının insan kapitalına yönəldilməsi, ölkənin strateji mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat-kommunikasiya imkanlarımızın genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edərək cəmiyyətdə insan yaşamının asanlaşdırılması, ərzaq təhlükəsizliyi, davamlı iqtisadi inkişaf, beynəlxalq inteqrasiya proseslərində milli maraqlar kontekstindən fəal iştirak, milli iqtisadiyyatın müxtəlif sahələrinin müasir tələblərə cavab verən ən yeni texnoloji avadanlıqlarla təchizi və s. məsələlərə beşcildlikdə haqlı olaraq geniş yer verilib.
“Böyük İqtisadi Ensiklopediya”da milli iqtisadiyyatın bugünkü yüksək səviyyəyə gəlib çatmasında müstəsna xidmətləri olan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və s. Dövlət Proqramlarının vəzifə və funksiyaları, perspektiv inkişafımıza stimullaşdırıcı təsiri əhatəli formada öz əksini tapmışdır.
Öz həyatını iqtisadiyyat elminin öyrənilməsinə, əldə etdiyi nəticələrin iqtisadiyyatımızın müxtəlif sahələrinə tətbiq edilməsinə həsr etmiş azərbaycanlı iqtisadçı alim, professor, akademiklərimiz haqqında geniş bioqrafik məlumatlara ensiklopediya səhifələrində yer verilməsi faktı xüsusi olaraq qeyd edilməlidir. Fikrimizcə, təkcə bu fakta görə beşcildlik ən yüksək qiymətə layiqdir. Çünki görkəmli iqtisadçı alimlərimiz haqqında bu qədər məlumatların bir yerdə toplanaraq nəşr edildiyi ikinci bir mənbəyə rast gəlmək mümkün deyil. Digər tərəfdən, bu ensiklopediya ilə tanış olan Azərbaycan gəncliyi əmin olacaq ki, bu gün sürətlə inkiaf etməkdə olan milli iqtisadiyyatımızın elmi-nəzəri əsaslarını işləyib hazırlayan böyük intelektual potensialımız olmuşdur və o, bu gün də var. Hazırda güzəran təfəkküründə formalaşmış və bəzi gənclər arasında “rəğbətlə” qarşılanan bayağı şou populyarlığının müvəqqəti və keçici olmasına bu cür nəşrlərlə tanışlıqdan sonra bir daha əmin olmaq mümkündür.
Ensiklopediyanın öz səhifələrində yer verdiyi bir çox görkəmli iqtisadçı alimlərimiz bu gün bizim aramızda olmasalar da indiki gənc nəslə onların tanıdılması, təqdim edilməsi iqtisadiyyat elmində nəsillər arasındakı varislik ənənlərinin davam etdirilməsi ehtiyacından irəli gəlir. Həmçinin alimə, yaradıcı insanlara, bir sözlə, “el qədrini canından daha əziz bilən”lərə sonsuz ehtiram göstərən xalqımızın onları heç vaxt unutmayacağı bu cür tarixdə qalacaq nəşrdə onlara yer verilməsi bir daha sübut edilir.
Ensiklopediyanın aktuallığını artıran əsas amillərdən biri kimi onun ali və orta ixtisas məktəblərində ictimai elmlər arasında xüsusi yer tutan iqtisadiyyatın yüksək səviyyədə tədrisinə təkan vermək iqtidarında olmasıdır. Buna beşcildliyin tematikasının çoxaspektliliyi, metodikliyi, materialların anlaşıqlı dili, vahid konsepsiyaya əsaslanması, sxem, qrafik və şəkillərdən ibarət əyaniliyi geniş imkan yaradır.
Şübhə etmirik ki, yüksək poliqrafiyaya, keyfiyyətli və professional tərtibata malik bu ensiklopedik çoxcildlik yeni nəşr edilmiş kitablar arasında özünəməxsus nümunəvi yerini tutacaqdır. Eyni zamanda, o, ölkəmizdə kitab nəşri işinin də müasir tələblər səviyyəsində qurulduğunu təsdiq edir ki, bu da ümumi inkişafımızın ayrı bir göstəricisidir.
Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd edə bilərik ki, “Böyük İqtisadi Ensiklopediya” beşcildliyinin baş redaktoru, hörmətli akademik Ziyad Səmədzadə, onun müavinləri və bütövlükdə redaksiya heyətinin üzvləri bir araya gələrək ölkə miqyasında elmi ictimayyətin nümayəndələri, tələbə, magistr və doktorantlar, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, sahibkarlar, bir sözlə, geniş oxucu kütləsi üçün olduqca dəyərli bir əsər ortaya qoymuşlar. Bu işdə əməyi keçən hər kəsin zəhməti böyük hərflə hörmətə layiqdir və beş cilddən ibarət bu ensiklopediya müasir dövrümüzdə öz aktuallığı ilə seçilən digər konkret elm sahələrinə aid anoloji nəşrlərin hazırlaması üçün də əsl nümunə və stimullaşdırıcı vasitə hesab edilə bilər. Heç kim şübhə etməməlidir ki, bu cür nəşrləri mövcud intellektual potensialımız elmin əksər sahələrində hazırlayıb oxuculara təqdim etmək iqtidarındadır və ən əsası budur ki, onlara bu gün çox böyük ehtiyac var.
Sonda gərgin intellektual zəhmət bahasına başa gələn və ölkəmizin elmi-ictimai həyatında hadisəyə çevrilən “Böyük İqtisadi Ensiklopediya” beşcildliyinin işıq üzü görməsi münasibəti ilə başda akademik Ziyad Səmədzadə olmaqla, bu işdə əməyi keçən bütün alimlərimizi, texniki dəstək qrupunu minnətdarlıq hissi ilə ürəkdən təbrik edir, onların hər birinə yeni-yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayırıq.
Arif HƏŞİMOV, akademik
Akif MUSAYEV, AMEA-nın müxbir üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.