Azərbaycan və İsveçrə Konfederasiyası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 11-dək İsveçrə Konfederasiyasında səfərdə olmuşdur.

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 11-dək İsveçrə Konfederasiyasında səfərdə olmuşdur. Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti Lozanna Federal Politexnik Məktəbinin rəhbərliyi ilə görüşmüşdür.

Nümayəndə heyətinə bildirilmişdir ki, bakalavr, magistr və PhD proqramları üzrə mütəxəssislər  hazırlayan Lozanna Federal Politexnik Məktəbində tələbələrin təhsil xərcləri tədris müəssisəsi tərəfindən ödənilir. Tələbələrdən isə ildə cəmi 1200 İsveçrə frankı ödəmək tələb olunur. Birinci kursun sonunda tələbələr arasında seçim aparılır ki, bunun nəticəsində də onların yalnız 50-60 faizi növbəti kursa keçə bilir.

İsveçrə Konfederasiyasında orta məktəb şagirdlərinin 11-12 yaşdan etibarən peşələr üzrə maraq və istedadlarının nəzərə alındığı, X sinifdən sonra şagirdlərin peşə, yaxud tam orta təhsilə cəlb edildiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, orta təhsil pilləsi X sinfə qədər yerli icra strukturları tərəfindən maliyyələşdirilir.

Ali məktəbə qəbul olunmaq istəyən şagirdlər müvafiq təmayüllər üzrə 3 il təhsil alırlar. Gimnaziya və peşə məktəblərində isə təhsil müddəti 4 ildir. Orta məktəb məzunlarının 20 faizi ali, 80 faizi isə peşə təhsili müəssisələrində oxumağa maraq göstərir.

M.Mərdanov Lozanna Federal Politexnik Məktəbinin əməkdaşlarını Azərbaycan ali məktəbləri ilə tanışlıq üçün ölkəmizə dəvət etmişdir. Bildirmişdir ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyir.

Sonra M.Mərdanov Qlion Ali Təhsil İnstitutunun baş direktoru Arye van der Spek, Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunun rektoru Hans-Rudolf Şerer ilə görüşmüşdür. Görüşlərdə təhsil ilə bağlı fikir mübadilələri aparılmışdır. 

Səfər çərçivəsində nümayəndə heyəti İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Cenevrə şəhərində keçirilən həmin görüşdə 30-dan çox azərbaycanlı tələbə iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə böyük qayğı göstərdiyini deyən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamış, müvafiq sahə üzrə reallaşdırılan layihələrdən danışmış, 10 mindən çox azərbaycanlının dünyanın müxtəlif ali məktəblərində təhsil aldığını diqqətə çatdırmışdır.

Nazir tələbələrin problemləri ilə maraqlanmış, onların  suallarını cavablandırmışdır. Nümayəndə heyətinin İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşündə Azərbaycan ilə İsveçrənin ikitərəfli təhsil əlaqələrinin əhəmiyyətindən danışılmış, azərbaycanlı gənclərin İsveçrə Konfederasiyasının nüfuzlu ali məktəblərində təhsil almasına müsbət münasibət bildirilmişdir. 

M.Mərdanov qarşılıqlı əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş imkanların olduğunu diqqətə çatdırmış, ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasına dair təkliflərini söyləmişdir. O, Mauro Del Ambroconu Azərbaycana dəvət etmişdir. 

Təhsil və Tədqiqat Məsələləri üzrə Dövlət Katibliyinin Təhsil və Tədqiqat Departamentinin direktoru Stefan Volter İsveçrə Konfederasiyasının təhsil sistemi haqqında məlumat vermişdir.

Azərbaycan nümayəndə heyəti, həmçinin İsveçrənin Bern Universitetində olmuşdur. Burada keçirilən görüşdə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Rektorlar Şurasının baş katibi Tonas Baxoter rəhbərlik etdiyi qurum barədə geniş təqdimat-məruzə ilə çıxış etmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında