Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Azərbaycanda çağdaş kitabxana quruculuğunun da banisidir.
Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə ulu öndərin imzaladığı “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərara əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində əhəmiyyətli rol oynamaqdadır.
Hazırda mövcud olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşmışdır.
90-cı illərin əvvəllərində Azərbaycanda yaranan çox mürəkkəb tarixi vəziyyət və hərc-mərclik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.
Bu dövrdə ulu öndər müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addım ataraq 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin Respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdirildi.1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Mədəniyyətimizin və mədəni sərvətlərimizin təəssübkeşi olan ulu öndərimizin 12 aprel 1998-ci il tarixli məşhur fərmanı ilə qüvvəyə minən bu qanun Azərbaycanda çoxlu sayda kitabxana şəbəkələrini dağılmağa qoymadı. Qanunla keçmiş sovet respublikaları arasında ilk olaraq “Milli Kitabxana” statusu müəyyən olundu və onun fondları və əmlakı ümummilli sərvət elan edildi.
Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanunu Dövlət Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
“Kitabxana işi haqqında” Qanunun bütöv bir bölməsinin Milli Kitabxanaya və onun məsələlərinə həsr olunması xüsusilə diqqətəlayiqdir. Burada Milli Kitabxananın fəaliyyətinin bütün sahələri tam şəkildə əhatə olunmuş, onun inkişafının prioritetləri müəyyənləşdirilmişdir. Məhz bu qanunun müddəalarına müvafiq olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Milli Kitabxanasının Əsasnaməsinin təsdiq olunması barədə” qərar qəbul etmişdir. Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında M.F.Axundov adına Dövlət Kitabxanasına “Milli Kitabxana” statusu verilmişdir.
Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda özünün sürətli inkişafı və modernləşmə dövrünü yaşayan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə - yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.
Heydər Əliyev 1995-ci ilin iyunun 3-də Milli Kitabxanaya gələrək “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etdi. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər demişdir: “Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. ... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm.”
Ümummilli liderimiz M.F.Axundov adına Milli Kitabxanaya ikinci dəfə 1996-cı il mart ayının 5-də İsraildə çap olunan “Heydər Əliyev: Siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimi zamanı gəlmişdi. O zaman kitabxananın fondlarına çox az miqdarda yeni kitabların daxil olduğunu görərək öz şəxsi kitabxanasından 400 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bununla da o, böyük və şərəfli bir ənənəyə başlanğıc vermişdir. Ulu öndər kitabxanadakı çıxışı zamanı bu məsələ haqqında demişdir: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər”. Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitablar bağışladılar.
Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya üçüncü dəfə 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi zamanı gəlmişdir. O vaxt ulu öndər kitabxananın fondundakı xarici ədəbiyyatlarla da maraqlanmışdır və məlum olmuşdur ki, bir neçə ildir ki, Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş vermişdir ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 1997-ci ildən başlayaraq hər il 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın.
Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul etmiş və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları həcmində vəsait ayrılmışdır.
Bütün bunlar xalqını, millətini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətlərinə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bəhrəsi idi desək, yanılmarıq.
2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri - “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004), “Dünya ədəbiyyatı və uşaq ədəbiyyatı kitabxanası seriyasından kitabların nəşri haqqında” (2005), “Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” (2007), “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında” (2008) Azərbaycan Respublikası Prezidentinin silsilə sərəncamları və Milli Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və modernləşdirilməsi barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqları bu siyasətin məntiqi davamıdır.
Ulu öndərimizin Milli Kitabxanamıza xüsusi qayğısının bariz nümunələrindən biri 2000-ci ildə kitabxanamızın binasında əsaslı yenidənqurma işlərinin aparılması və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıq olmuşdur. 2000-ci ilin may ayında Nazirlər Kabinetində bu sətirlərin müəllifinin iştirakilə keçirilən müşavirədə Avropa Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim olunarkən, ulu öndər “M.F.Axundov adına Dövlət Kitabxanasını götürün, Azərenerji və Bakı Şəhər İcra Hakimiyyəti özləri vəsait taparlar”, dedi. Milli Kitabxanada oxucular üçün yaradılan bu gözəl şərait, kitabxanamızın saytının, elektron kataloqunun, elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və diqqətinin nəticəsi hesab oluna bilər.
Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta, mən deyərdim ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaratdı.
Milli Kitabxanamızın kollektivi tərəfindən ulu öndərimizin xatirəsini əbədiləşdirmək istiqamətində xüsusi tədbirlər həyata keçirilir. Kitabxanamızın ulu öndərin xatirəsinə ən böyük hədiyyəsi “Heydər Əliyev irsi” geniş elektron-məlumat bazasının yaradılması və onun kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlanmasıdır.
Bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində əbədi yaşayacaqdır.
Kərim TAHİROV,
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,
əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.