Bəşər tarixində ömrünün istənilən dövrü, ictimai-siyasi fəaliyyətinin hər hansı bir anı barədə cəsarətlə söz açılması mümkün olan insanlar barmaqla sayıla biləcək qədər azdır. Tarix həmin insanların üzərinə ya peyğəmbərlik missiyası qoyur, ya da sayı on milyonlarla hesablanan hansısa xalqın önündə getmək missiyasını.
50 milyondan çox olan Azərbaycan xalqının şəriksiz lideri və böyük öndəri kimi tarixə düşmüş dahi şəxsiyyət Heydər Əliyev də məhz həmin nadir insanlardan biri idi. O, tarixə düşmüş minlərlə görkəmli şəxsiyyətlərdən, fəqət tarix yaratmış beş-altı türk övladından biri idi. Bizim ulu öndərimizin dahiyanə uzaqgörənliyi onun müasiri olan siyasətçilərin hamısı üçün əlçatmaz səviyyədə idi. Ümummilli liderimizin müdrik dövlət idarəçiliyi təcrübəsini son əlli ildə bizim regionda fəaliyyət göstərmiş dövlət rəsmilərinin hamısı nümunə kimi qəbul edirdilər.
Azərbaycan xalqı ötən əsrin altmışıncı illərinin sonlarından etibarən onun haqqında verilən istənilən yazını fəxrlə oxuyur, özünün səsini, sözünü iftixarla dinləyirdi. Böyük xoşbəxtlikdir ki, təxminən əlli illik bir dövrü əhatə edən həmin tendensiya bu gün daha ülvi hisslərlə davam etdirilir, yaşadılır. Ancaq bu yarım əsrlik dövrdə onun haqqında söz açan, fəqət ürəkləri yandıran, beyinləri donduran bir yazının da şahidi olduq. “Xalq qəzeti”nin 14 dekabr 2003-cü il tarixli nömrəsində “Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyevin dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyası”nın adından verilən “Heydər Əlirza oğlu Əliyev” sərlövhəli yazı milyonlarla insanın göz yaşlarına səbəb olsa da, bütün soydaşlarımızın ürəyində nikbinlik hissləri yaradan ifadələrlə qurtarırdı: “Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır”.
O, qarşıya qoyduğu amal üçün son nəticəyə qədər mübarizə aparmağın nümunəsi idi. Ancaq həmin son nəticənin də onun üçün böyük fərqi vardı. Böyük dövlət qurucusu heç bir mübarizədən yarımçıq nəticələrlə və ya məğlubiyyətlə qayıtmaq barədə qətiyyən düşünməzdi. Heç kəsin yadından çıxmayıb. Ulu öndər ötən əsrin altmışıncı illərində Dövlət Təhlükəsizliyi Komitəsində sıravidən ən ali rəhbərədək müxtəlif vəzifələrdə çalışarkən respublikamız üçün xüsusi əhəmiyyət kəsb edən bu qurumdakı yad düçüncəli, bir çox hallarda isə hətta, Azərbaycana düşmən mövqeyində dayanan insanların oradan uzaqlaşdırılması üçün kifayət qədər mübarizə aparmışdı. Həmin mübarizənin müsbət nəticələri barədə çoxsaylı filmlər çəkilmiş, kitablar yazılmış, qəzet-jurnal məqalələri qələmə alınmışdır.Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun öz Vətəni, xalqı və milləti üçün həyata keçirdiyi tədbirlər bizi nə qədər sevindirirdisə, bədxahlarımızı da bir o qədər narahat edirdi. Azərbaycanı Rusiyanın aqrar əyalətlərindən biri kimi görmək istəyən qüvvələr bu respublikanın elm, təhsil, mədəniyyət, firavan sosial həyat, ən müasir elmi texnologiyalar ölkəsinə çevrilməsini sakitliklə qarşılaya bilmirdilər.
SSRİ rəhbərliyindəki şovinist əhval-ruhiyyəli adamlar onu millətçilikdə, tarix boyu Azərbaycanın bədxahı kimi çıxış edənlər isə SSRİ büdcəsi hesabına (guya o dövrün normativlərini pozaraq) Azərbaycanı inkişaf etdirməkdə ittiham edirdilər. Mənim yadımdadır, o zaman sözü keçən Azərbaycan ziyalıları həmin ittihamların əsassız olduğunu sübut etməyə çalışırdılar. Ancaq sonralar Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov etiraf etmişdi ki, biz həmin illərdə Heydər Əliyevi müdafiə etməyə çalışsaq da, onun haqqında səsləndirilən millət təəssübkeşi və dövlət büdcəsinin vəsaitini öz respublikasının inkişafına yönəldən adam ittihamları əsassız deyildi.O, həqiqətən Sovet İttifaqının müxtəlif şəhərlərində inşa olunması nəzərdə tutulan bir çox sənaye müəssisələrinin Azərbaycanda tikilməsinə nail olmuşdu. Ulu öndər həmin məqsədlə istədiklərinə nail olmaq üçün şəxsi nüfuzundan, SSRİ rəhbərləri arasındakı dostlarının imkanlarından istifadə edirdi. Son nəticədə isə qazanan Azərbaycan və azərbaycanlılar olurdu.
Heydər Əliyevin 1970-80-ci illərdə və 1993- 2003-cü illərdəki rəhbərliyi dövründə Azərbaycan dövlətçiliyinin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin, elm və texnikasının inkişafı üçün həyata keçirdiyi tədbirləri bir yana, ondan əvvəlki siyasətçilərin hamısının xidmətlərini isə başqa bir yana qoysaq, çox möhtəşəm bir fərqin şahidi olarıq. Məsələn, o, Dövlət Təhlükəsizliyi Komitəsi rəhbərliyinə gələnədək həmin qurumda çalışan azərbaycanlıların sayı o qədər az idi ki, bu fakt heç bir hesabatda göstərilmirdi. 1969-cu ildə isə orada çalışanların böyük əksəriyyəti milli kadrlar idi. Yaxud, 70-ci illərin əvvəllərində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində cəmi 20 nəfər azərbaycanlı tələbə oxuyurdu, ermənilər isə 100-ə yaxın idi. Heydər Əliyevin həmin ali məktəbə azərbaycanlı generalın rəis təyin olunması məsələsini həll etməsi vəziyyəti tamamilə dəyişmişdi. Birinci il 85, ikinci il isə artıq 200 nəfər azərbaycanlı gənc həmin ali hərbi məktəbin tələbəsi idi. Başqa bir fakt. Ötən əsrin əllinci illərində Azərbaycanda ali təhsil alan gənclərin 14, altmışıncı illərdə isə 22 faizi qızlar idi. Heydər Əiyev yetmişinci illərin əvvəllərində bu nisbətin tezliklə və nəzərəçarpacaq dərəcədə dəyişməsini vəzifə kimi qarşıya qoymuşdu. 1980-ci ilin hesabatlarında göstərilir ki, respublikanın və SSRİ-nin digər şəhərlərinin nüfuzlu ali məktəblərinə qəbul olunan azərbaycanlı gənclərin 50 faizi qızlardır. Fikrimizcə bundan böyük uzaqgörənlik barədə düşünmək sadəlövhlük olardı. Onda dahiyanə bir uzaqgörənlik var idi.
O, Azərbaycan ədəbiyyatının, ana dilimizin və mədəniyyətimizin keşiyində elə bir qətiyyətlə, elə bir sayıqlıqla dayanırdı ki, həmin fəaliyyət barədə söz açarkən müqayisə üçün heç bir ünvan tapmaq olmur. Kim ilə, dünyanın hansı siyasətçisi ilə müqayisə edəcəyini bilmirsən. Əlbəttə, bütün xalqların ziyalıları, siyasətçiləri arasında öz ana dilini, ədəbiyyatını, mədəniyyətini sevən insanlar onlarla, yüzlərlə olub. Ancaq bizim ümummilli liderimizdə bu keyfiyyət sözün həqiqi mənasında bir möcüzə xarakterli idi. O, ötən əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetinin yubileyində Azərbaycan dilində çıxış edəndə bir çox tanınmış siyasətçilər və ziyalılar böyük narahatlıq hissləri keçirirdilər ki, Kreml Azərbaycan rəhbərini cəzalandıracaq. Çünki bu addım öz milləti üçün fədakarlıq nümayiş etdirən sovet dövlət xadiminin ortaya qoyduğu fərdi qəhrəmanlıq nümunəsi idi. Xatırladaq ki, o vaxta qədər heç bir respublikanın, hətta, qatı millətçi kimi ad çıxarmış Ukraynanın və Gürcüstanın rəhbərləri də belə addımı atmağa cəsarət etməmişdilər. Heydər Əliyev sonralar daha bir neçə böyük tədbirdə öz ana dilində nitq söylədi və 1978-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına respublikamızın dövlət dilinin Azərbaycan dili olduğunu təsbit edən maddənin salınmasına nail oldu. Azərbaycan rəhbəri 1969-82-ci illərdə nəinki təhsilin inkişafına xüsusi diqqət yetirir, hətta, gənc nəslin öz ana dilində təhsil alması məsələsini də daim diqqət mərkəzində saxlayırdı. Bununla yanaşı Heydər Əliyev azərbaycanlı gənclərin dünya mədəniyyətinə, siyasətinə, elm və texnikasına daha yaxından yiyələnməsi üçün onların rus dilini öyrənməsini də mühüm vəzifə olaraq qarşıya qoyurdu. Təkrar olaraq qeyd edim ki, bu addımların gələcək müstəqil Azərbaycan dövlətinin qurulmasına hazırlıq işləri olduğunu söyləyənlər tamamilə haqlıdırlar.
O, Azərbaycan milli məfkurəsinin yüksılişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün istənilən məqamdan bacarıqla, məharətlə istifadə edirdi. Hələ SSRİ dövründə istənilən xarici səfəri zamanı getdiyi ölkələrdə yaşayan soydaşlarımızla görüşür, yazıçı və şairlərimizi həmin qəbildən olan görüşlərə ruhlandırırdı. Tarixi Azərbaycan torpaqlarının imperiyalar arasında bölüşdürülməsinə etiraz edən yazıçı və şairlər dərhal müxtəlif təzyiqlərə və hətta cəzalara məruz qalırdılar. Ulu öndərin xatirələrində bilavasitə bu “günahına” görə cəzalandırılan ünlü soydaşlarımızın dönə-dönə cəzadan xilas edilməsini göstərən çoxsaylı məqamlara rast gəlirik. O vaxtkı qayda-qanunlar çərçivəsində bunun nə qədər məsuliyyətli bir iş olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Ulu öndərin milli təəssübkeşliyinin zirvəsində isə onun 1990-cı ilin yanvarında - ermənipərəst Mixail Qorbaçovun Azərbaycan xalq azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritməsindən dərhal sonra Moskvada Kremlin siyasətinə etiraz edən bəyanatla çıxış etməsi dayanırdı. Sovet rəhbərliyi onu istənilən an fiziki cəhətdən yox edə bilərdi. Heydər Əliyev bu məqamı çox yaxşı başa düşürdü. Ancaq həmin addımı atmasaydı Azərbaycan milli məfkurəsinə öldürücü zərbə vurulacağını da bilirdi. Ona görə də özünü və ailəsini təhlükə qarşısında qoyaraq ümummilli maraqlar naminə Kremlin qulağının dibində Mixail Qorbaçovun milli ayrıseçkilik siyasətini lənətləyən bəyanatla çıxış etdi. Xatırladaq ki, ulu öndər həmin tədbirə öz övladları – qızı, oğlu və gəlini ilə birlikdə getmişdi.
Əlbəttə, ümummilli liderimiz Heydər Əliyevin həyatının istənilən anı hər bir azərbaycanlı üçün örnək, dərs, məktəb xarakterlidir. O dahi siyasətçinin həyatının Moskva dövrü, Naxçıvana rəhbərlik etdiyi illər, Yeni Azərbaycan Partiyasının yaradılması, ölkənin böhranlı günlərində xalqın önündə gedən ziyalıların onu Naxçıvandan Bakıya dəvət etməsi, Böyük Qurtuluş, Yeni Neft Strategiyası, ölkədə sabitliyin yaranması, respublikamızın Avropaya və dünyaya inteqrasiyası, möhtəşəm islahatlar və ən nəhayət, bugünkü qüdrətli Azərbaycan dövlətinin dünya miqyaslı nüfuzu – hər biri ayrılıqda bir kitabın mövzusu olan məqamlardır. Ancaq biz demək istədiklərimizin hamısını yekunlaşdırıb konkret şəkildə ifadə etsək, o zaman yazını bu fikirlərlə tamamlamalı olarıq: Böyük dövlət qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi möhtəşəm irsin siyahısında dörd xüsusi məqamın adı öncə qeyd edilməlidir: – Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası, bu dövlətə və partiyaya böyük məharətlə rəhbərlik edən Prezident İlham Əliyev və ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu. Həmin dörd ünvanın hər biri böyük dövlət xadiminin müstəqil Azərbaycanda əbədilik qazanmış şah əsərləridir.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim,
YAP Nəsimi rayon təşkilatı sədrinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.