Zəlzələ bölgəsində daha bir məktəb istifadəyə verildi

Bu ilin may ayında dağıdıcı təbii fəlakətə məruz qalmış Zaqatala - Balakən zonasında zəlzələnin vurduğu ziyan mərhələ- mərhələ aradan qaldırılır. Artıq elə bir həftə olmur ki, yeni evlərin və ya sosial obyektlərin istifadəyə verilməsi barədə xəbər eşitməyək.

Bu ilin may ayında dağıdıcı təbii fəlakətə məruz qalmış Zaqatala - Balakən zonasında  zəlzələnin vurduğu ziyan mərhələ- mərhələ aradan qaldırılır. Artıq elə bir həftə olmur ki, yeni evlərin və ya sosial obyektlərin istifadəyə verilməsi barədə xəbər eşitməyək.

 Həmin  şad xəbərlərdən biri də Zaqatala rayonunun Sumaylı kəndinin sakinlərini sevindirdi. Bu kənddəki orta məktəb binası da may ayında tamamilə dağılmışdı. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları qısa müddət ərzində 220 şagird yerlik , geniş sinif otaqları, müasir tədris prosesinin tələb etdiyi avadanlıqlarla təchizatı olan, eyni zamanda, zəlzələyə davamlı şəkildə inşa olunmuş yeni məktəb binasını şagirdlərin istifadəsinə verdi.

 Məktəbin açılış mərasimində çıxış edən rayon təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Zaqatala Rayon təşkilatının sədri Habil Qurbanov Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan, Prezident İlham Əliyevin təbii fəlakətin nəticələri ilə üz-üzə qalmış ölkə vətəndaşlarının istənilən probleminin dərhal həll edilməsi üçün göstərdiyi  qətiyyətdən söz açdı. Natiq qeyd etdi ki, “Təhsil millətin gələcəyidir”- deyən ulu öndərin bu sahəyə ayırdığı diqqət və qayğı bu gün daha geniş miqyasda,  ölkə əhalisinin hər bir fərdini əhatə edəcək şəkildə reallaşdırılır. Ehtiyacı olan təhsil müəssisəsi təbii fəlakət bölgəsindədirsə, belə məktəbin probleminin həlli artıq ümumxalq məsələsinə çevrilir. Biz may ayından bu günə qədər yaşadığımız hadisələr zamanı bu həqiqətin təsdiqini bir daha gördük. Həm dövlət, həm Fövqəladə Hallar və Təhsil nazirlikləri, həm də yerli icra hakimiyyəti orqanları  zəlzələdən zərər çəkmiş məktəblərin problemlərini birlikdə və yüksək şəkildə həll etdilər.

    Məktəb direktoru Zülhəccə Orucova obyekti qısa müddətdə və keyfiyyətlə inşa etdiyinə görə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinə minnətdarlıq etdi. Valideyn Rizvan Əhmədov qar-şaxtalar düşənə qədər uşaqların bu boyda problemini həll etmiş insanların fəaliyyətinin təqdirilayiq olduğunu söylədi. Rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov  isə təbii fəlakətdən zərər çəkmiş bütün fərdi evlərin və sosial obyektlərin bərpası istiqamətində çox ciddi işlər getdiyini xatırlatdı.

Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev öz çıxışında qeyd etdi ki, zəlzələdən zərər çəkmiş rayonlarda tikilib istifadəyə verilən evlərə və ya sosial obyektlərə, xüsusən orta məktəb binalarına görə bizim ünvanımıza  minnətdarlıq fikirləri səsləndirilir. Həmin fikirlərin hamısının müəlliflərinə təşəkkür edirik. Ancaq mən xatırlatmaq istəyirəm ki, görülən bu işlərin hamısı cənab dövlət başçımız İlham Əliyevin ölkə əhalisinin istənilən problemini diqqət mərkəzində saxlamasının nəticəsidir. Əgər dövlət bu qədər vəsaiti ayırmasaydı və cənab Prezidentin  konkret tövsiyə və tapşırıqları olmasaydı, təbii ki, biz bu həcmdə işləri cəmi beş-altı ayda reallaşdıra bilməzdik.

  Məktəbin işıqlı sinif otaqları, geniş dəhlizləri, yaraşıqlı və abad həyəti şagirdlərin ixtiyarına verildi. Uşaqlar bu sevincli hadisəni özünəməxsus şadyanalıqla, valideyin və müəllimlər isə böyük razılıqla qəbul etdilər.

  İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında