Bir müddət bundan əvvəl çağdaş Türkiyə ədəbiyyatının tanınmış nümayəndələrindən biri İskəndər Palanın “Şah və Sultan” əsəri ilə tanış oldum. İki qüdrətli türk hökmdarı - Şah İsmayıl və Sultan Səlim haqqında yazılan bu əsərlə tanışlıqdan sonra, bir oxucu kimi, şəxsən məni qane etməyən, qaranlıq qalan bəzi şübhəli məqamlara aydınlıq gətirmək üçün çox arzulayırdım ki, müəlliflə görüşüb, ona suallarımı verim, fikrimi çatdırım.
Bu yaxınlarda İ. Pala Bakıya gəldi. Sevindim ki, görüşüb fikirlərimi ona çatdıra biləcəm. Lakin bu, mümkün olmadı. Çünki oxucuların onunla görüşündə yazıçıya sual vermək mümkün olmadı. Pala üçün düzənlənən tədbirə gəlincə isə nə qədər yaxşı təşkil olunsa da, onun çıxışı nə qədər bəlağətli olsa da, istədiyimiz cavabları eşitmədik. Düşündüm ki, bəlkə yazıçı media nümayəndələri üçün yəqin bir brifinq də keçirəcək. Bu da baş tutmadı. Sanki Pala hiss etmişdi ki, salonda əyləşənlər arasında onunla razılaşmayanlar var və açıq ittihamlarla dolu suallar eşidəcək.
Mən istədiyimiz cavabları eşitmək deyəndə, bu, Palanın öz yazdıqlarını inkar etməsi anlamına gəlməməlidir. Əsər artıq yazılıb və müəllifi tənqid də ediblər, tərif də. Bu yazıçının dünyagörüşünü, aldığı təhsili, hadisələrə münasibətini, araşdırmaçılıq hüdudlarını bəlli edən bir romandır. Əsərə mənfi münasibət bəsləyənlərin öz məntiqi var, müsbət deyənlərin də öz məntiqi. Lakin əsl həqiqət deyilən bir məfhum da var ki, müəllifdən də, əsərdən də, onu tərifləyən və ya tənqid edənlərdən də daha yüksəkdə qərar tutur.
Bu günlərdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli elmi məqaləsi rəsmi mətbuatda dərc olundu. Bu araşdırma son zamanlar cəmiyyətimizdə Şah İsmayıla qarşı aparılan bəzi əsassız hücumlara qarşı tutarlı cavab oldu. Dövlətin yüksək ranqlı rəsmi nümayəndəsinin milli dövlətçilik ənənəmizə uyğun gəlməyən belə böhtanlara qarşı elmi sübutlara əsaslanan məqaləsini Şah İsmayıl Səfəviyə qarşı açılan “savaşa” ən böyük “sillə” hesab etmək olar. Bəzən özünü tədqiqatçı hesab edən elələri Şah İsmayıl barədə fikir bildirir və ya “ əsər”lər yazırlar ki, onların Azərbaycanın milli düşüncə tərzi ilə heç bir bağlılığı yoxdur. Hətta, belələrinin arasında açıq-aşkar Şah İsmayılı gözdən salmağa çalışan, ona qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinməyən, əllərində söz yığınından başqa heç nəyə bənzəməyən yazıları ilə ictimai fikri çaşdırmağa çalışanlar da mövcuddur. Təəsüflər olsun ki, bu cür insanlar tarixi bilməyərək və onu düzgün təhlil etməyərək fikir yürüdür, həqiqətə zidd ideyalarını cəmiyyətə “sırımağa” can atırlar.
Şübhəsiz, bu əsərə ədəbiyyatçı bir cür qiymət verəcək, tarixçi başqa cür, siyasətçi isə tamam özgə mövqedən yanaşacaq. Hərəsinin öz baxış bucağı var. Ədəbiyyatçılar əsərə yüksək qiymət verirlər.Oxunaqlı üslub, güclü bədii təfəkkür, hadisələri mübaliğəylə təqdimetmə bacarığı, nəfis tərtibat ədəbiyyatşünasın nəzərindən yayınmır və romanı oxuyarkən öz irad tutma ənənəsini pozmalı olur.
Amma tarixçilərin bir çoxunun romanın müzakirəsində Palayla mövqeyinin uyğunlaşmayacağı aydındır. Çünki gözəl qələmə sahib olmaq hələ, tarixi həqiqətləri düzgün təsvir etmək üçün yetərli deyil. Etiraf edim ki, əsəri mütaliə edərkən məlum oldu ki, məhz tarixi baxımdan ədalət tərəzisi pozulmuşdur.
Təbii ki, romana siyasi, dini-ideoloji tərəfdən yanaşanlar da var.Onların bir çoxu yazıçının dini təəssübkeşlik və psevdopatriotluq hisslərini hər şeydən üstün tutduğunu iddia edir. Bunun əksini irəli sürənlər də mövcuddur. Bir sözlə, mübahisə..,mübahisə..,mübahisə.
Pala bu əsərdə iki məşhur dünya sərkərdəsinə fərqli baxışdan mövqe ortaya qoyduğunu, iddia etsə də, ikisinə də qəhrəman gözüylə baxdığını iddia etsə də, əsəri oxuyan hər kəs bunun belə olmadığını açıq-aşkar görə bilər. Romanda əsasən, şah şeytan, sultan isə mələk qismində təqdim olunmuş və açıq-aşkar tərəfkeşlik göstərilmişdir.
Əsərdə verilən dəhşətli faktlardan biri Şah İsmayılın öz anası Aləmşahbəyimin qatili olmasıdır. Müəllif hadisəni belə təsvir edir: bir şair şaha yazdığı mədhiyyədə onun həm də Ağqoyunlu Uzun Həsən soyundan olduğunu qeyd edir. Bildiyimiz kimi, şahın anası həqiqətən də Uzun Həsənin yunan əsilli xanımından olan qızı idi. Şairin bu tərifindən şah hiddətlənir. O, şiəlik təriqətini əsas ideologiyaya çevirmişdi. Ata tərəfdən soyunun İmam Əliyə (ə.) çatdığı iddiasını hamı bilirdi. Uzun Həsən isə sünni təriqətindən idi. Şah şairin boynunu vurdurur. Elə o ərəfələrdə Təbriz sünnilərinin evləri qızılbaş qoşunları tərəfindən yağmalanır, güya şah buna göz yumurmuş. Bu talanın qarşısının alınması ilə bağlı orduya göstəriş verməsini xahiş edən anasına şah sərt cavab qaytarır. Bunun əvəzində, guya, anası şahın üzünə tüpürür. Buna dözə bilməyən Şah İsmayıl anasının edam hökmünü verir.
Onu da qeyd edək ki, bu hadisə İskəndər Paladan əvvəl “İsmail” adlı romanıyla “məşhurlaşmış” Reha Çamuroğlunun (soyadından hər şey məlumdur-A.T.) da əsərində öz əksini tapmışdır. Nə qədər dəhşətli olsa da İskəndər Pala da əsərində bu haqsızlığa, mənbəsi məlum olmayan uydurma hadisəyə yer ayırmışdır. Əvəzində Sultan Səlimin hakimiyyətə gəlmək üçün öz qardaşları Qorqud və Əhmədi öldürtməsini,atasını taxtdan salmasının üstündən, nədənsə, ötəri keçir.
Yazıçının əsərində tarixə məsuliyətsiz baxışı bununla bitmir. Güya, Bağdadı və Şərqi Anadolu torpaqlarını tutan Şah İsmailin əmri ilə bütün şeyxlərin qəbirləri açılır, “sünni köpəkləri” deyilərək sümükləri yandırılır. Hətta Əbdülqadir Geylani, Əbu Hənifə və Məsur Həllac kimi övliyaların qəbirləri də eyni cür hədəfə alınır. Qatı teokratik əsaslara söykənən Səfəvilər dövləti və onun qurucusu Şah İsmayılın bu cür addım atması nə dərəcədə realdır? İslam fəlsəfəsi tarixinə bəllidir ki, Şah İsmayıl sufi düşüncə sisteminə mənsub bir şəxsiyyət olmuşdur. Bu sistemdə şəriət mərtəbəsindən həqiqət mərtəbəsinədək keçən məşəqqətli yolda öz möhürünü vurmuş Geylani, Əbu Hənifə, Mənsur Həllac kimi İslam alimlərinin məzarlarına qarşı bu cür münasibəti müsəlman hökmdarın etməsi hansı məntiqə sığır bunu anlamaq olmur? Bir haşiyə çıxmaq istərdim ki, Şah İsmayıl Təbrizdə taxta çıxarkən “Ənəlhəqq sirri uş könlümdə gizli ki, həqqi-mütləqəm mən, həqq söylərəm mən” məşhur misralarını işlətmişdir. Təkcə bu faktın özü Mənsur Həllacın ənəlhəqq fəlsəfəsinin Şah İsmayılda izlərini görmək üçün yetərli deyilmi?
“Şah və Sultan” da hər iki hökmdarın bir-birinin elçilərini öldürdükləri qeyd olunur. Sadəcə Şah İsmayılın sultandan fərqi, guya, bütün osmanlı elçilərinin kəlləsindən qədəh düzəltdirib şərab içməsində göstərilmişdir. Belə yanaşma nə deməkdir axı? Kəllədən qədəh düzəltdirirb şərab içməyi Şah İsmayıla necə rəva görmək olar? Dünyanın 6 böyük sufi şairindən biri hesab olunan Şah İsmayılı qaniçən kimi qələmə vermək nə dərəcədə doğrudur? Məncə, Palanın Şah İsmayıl barədə bildiyi bu qədərmiş.
Əsərdə daha bir qərəzli və kinayə ilə yazılmış hissə Çaldıran döyüşündə Şah İsmayılın hərəmxanasının əsir düşməsi və şahın hərəmini döyüş meydanında buraxaraq qaçmasının təsvir olunmasıdır.Və bu arada Sultan Səlimin dilindən Şah İsmayılın bu hərəkətinin “alçaqlıq” adlandırılması və onun “ər” olmaması bədii pafosla qeyd olunmuşdur. Və nədənsə, müəllif Sultan Səlimi cəsur kimi təqdim edir, Şah İsmayılın döyüşdə göstərdiyi hər kəsi heyran edən şəxsi cəsarətinin üzərindən sükutla keçir.
Yazıçının sultana açıq simpatiyası daha bir yerdə özünü göstərir. Guya Səlim hələ Trabzonda şahzadə olduğu zaman dərviş qiyafəsində Təbrizə gəlir, saraya qədər gedib çıxaraq Şah İsmayılla şahmat oynayır. Hətta onu oyunda mat edir. Bu hadisəni isə bütövlükdə yazıçı təxəyyülünün məhsulu hesab edirik.
Əsərə görə, Çaldıran döyüşündən əvvəl qarşı tərəfə gecə basqını etmək də Osmanlı paşalarının yığıncağında səslənibmiş, guya sultanın reaksiyası belə olub: “Zəfərimə oğurluq və qapdıqaçdı havası vermək istəyirsiniz?” Hansı ki, tarixi mənbələr Şah İsmayılın Osmanlı ordusuna gecə hücum etmək haqqında sərkərdələrin təklifinə cavab olaraq işlətdiyi “Mən karvan basan quldur deyiləm, qoy Allahın təqdir etdiyi kimi olsun” məşhur ifadəsini təsdiqləyir.
Əsərdə daha maraqlı bir yanaşma var ki, tarixdən az-çox anlayışı olan hər kəsi güldürə bilər. Sən demə, Şah İsmayılın sultan Səlimə məktublarının türkçə, sultanın isə farsca yazması bir jest kimi qeyd olunur. Güya onların hər biri qarşı tərəfin sadəcə rəsmi dilində yazmışdır. Yəni Osmanlının dili türkcə, Səfəvilərin dili isə farsca olması ortaya qoyulur. Ancaq bütün tarixi mənbələr, hətta fars qaynaqları belə Şah İsmayılın Azərbaycanda türk dilini ilk dəfə rəsmi səviyyəyə qaldırmasını və nəinki Səlimlə, digər dövlətlərlə də bütün diplomatik yazışmaların bu dildə aparılmasını qeyd edir. Üstəlik də, ədəbiyyat tarixinə bələd olan hər kəs bilir ki, Şah İsmayıl özünə Xətai təxəllüsü seçmiş və bu imza ilə türkçə divan yaratmışdır.
İskəndər Palanın bu romanı ilə bağlı çox məqamlara toxuna bilərik, sadəcə, əsas nüansları oxucuya çatdırmaqla əsər barədə az-çox təəssürat yaratmağa cəhd etdik. Biz təbii ki, əsərdə Palanın şaha olan münasibətindən fərqli olaraq, sultanı hər hansı bir rakursdan kiçiltmək fikrində deyilik. Əksinə, onun da bir böyük sərkərdə olmasını və 8 illik hakimiyyəti dövründə Osmanlının ərazisini iki dəfə böyütdüyünü, Çingiz xana, Əmir Teymura keçilməsi nəsib olmayan ilan -əqrəblərin tüğyan etdiyi Sina çölünü on üç günə qət edərək Misiri fəth etməsini, ucu-bucağı görünməyən çöllərdən ibarət olan, üstəlik də bədəvilərin çoxluq təşkil etdiyi Ərəbistanı itaətə gətirməsini də yaxşı bilirik. Lakin Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirən, güclü mərkəzləşdirilmiş idarə üsulu yaradan və dilimizi rəsmiləşdirən, eyni zamanda ədəbiyyatımızın incilərini yaradan Şah İsmayılı da yaxşı tanıyırıq. Əgər tarixi roman yazılırsa, real mənbələrə söykənib yazılmalı, birtərəfli mövqe nümayiş etdirilməməlidir. Bir halda ki, hər iki dövlət türk dövləti, hər iki hökmdar türk dünyasının övladlarıdır. Onların vaxtı ilə dini fanatizm və ya regionda möhkəmlənmək üçün etdikləri müharibələri qabartmaqla, üstəlik tarixi hadisələri təhrif etməklə bu günkü gəncliyə müsbət təsir etmək çətindir. Vaxtı ilə Səfəvi-Osmanlı müharibələri Qərbin strateji qələbəsinə çevrilmişdi. Heç olmasa, biz yeni nəsil bu ümumi səhvlərimizdən nəticə çıxarmalı, düşmən dəyirmanına su tökməməliyik. Nəzərə alsaq ki, Türkiyə və Azərbaycan iki qardaş dövlətdir, eyni soyun daşıyıcısı, eyni mənəvi dəyərlərin sahibi və eyni dili danışan iki müstəqil ölkədir. Qardaşlıq tellərimizi həyatımızın ayrılmaz şüarı kimi görməliyik. Elə isə İskəndər Palanın köhnə palan içi eşməsinə nə hacət?!
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.