“Əkinçi” qəzetinin nəşri Azərbaycan xalqının ictimai fikir tarixində parlaq bir hadisə idi. Həsən bəy Zərdabi qəzet vasitəsilə Azərbaycan xalqının gözünü açmaq, onu cəhalət və avamlıq yuxusundan xilas etmək, köhnə quruluşun çürüklüyünü göstərmək, insan hüquqları uğrunda mübarizəyə çağırmaq fikrində idi.
Zərdabi qəzeti Azərbaycan xalqının maddi və mənəvi inkişafının mühüm vasitəsi hesab edirdi. Onun nəzərincə, qəzet xalq həyatının güzgüsü olmalıdır ki, bütün yaxşı və yaman işlər öz əksini orada tapsın. Həsən bəy maarifi yaymaq işində qəzetə müstəsna dərəcədə böyük rol verirdi. O belə hesab edirdi ki, qəzet kimi mühüm bir vasitə, orqan olmadan mütərəqqi ideyaları xalqa çatdırmaq mümkün deyildir.
Lakin “Əkinçi” qəzeti uzun müddət davam edə bilmədi. 1877-ci ilin 29 sentyabrında çap senzurası tərəfindən bağlanıldı. Bununla da Zərdabi ən sevimli işindən ayrı düşməli oldu. Qəzetin bağlanması o dövrdə Azərbaycanın mütərəqqi, demokratik əhvali-ruhiyyəli gənclərinə və ziyalılarına çox kədərləndirici təsir etmişdi.
“Əkinçi” qəzetinin bağlanmasından sonra Zərdabi Bakı realnı məktəbində çox gərgin və çətin bir şəraitdə işləməli olur. Çar məmurları Həsən bəyi ciddi surətdə təqib etməyə başlayırlar. Zərdabinin özünün qeyd etdiyi kimi, çar məmurları hətta onu öz evində də rahat buraxmır, küçəyə çıxarkən təqib edirlər.
Polis idarəsi Zərdabinin fəaliyyətindən qorxuya düşərək onu Bakıdan uzaqlaşdırmağa çalışır. Bu məqsədlə 1878-ci ildə Zərdabidən qəti surətdə tələb edirlər ki, Yekaterinodar gimnaziyasına tərbiyəçi getsin, ya da tez istefaya çıxsın. Zərdabi belə bir vəziyyətin onun üçün qətiyyən münasib olmadığını nəzərə alaraq məktəbdən azad edilməsi barəsində ərizə verməyə məcbur olur. Zərdabinin 11 noyabr 1878-ci ildə Bakı realnı məktəbinin müdiriyyətinə yazdığı ərizədə oxuyuruq: “Siz cənabi-aliniz bu noyabrın 9-da yuxarı müdriyyətimin, Qafqaza tədris okruqunun sizə məktubunda ifadə edilmiş və mənim ya Yekaterinodara gimnaziyaya tərbiyəçi vəzifəsinə keçmək haqqında təcili ərizə verməyimi, yaxud istefaya çıxmağımı tələb edən qəti təklifdən ibarət arzusunu mənə bildirdiniz. Belə çıxır ki, mənim Bakı realnı məktəbində müəllim qalmağım qəti mümkün deyil.
Aşağı vəzifəyə keçməyin faydalı olmadığı bir yana dursun, ilin bu vaxtında başqa yerə keçmək mənim üçün, ailəli və körpə uşaqları olan bir adam üçün tamamilə qeyri-mümkün olduğundan, təklif edilmiş vəzifədən imtina etməyə və mənim Bakı realnı məktəbinin müəllimi vəzifəsindən azad edilməyim haqqında lazımi yerə müraciət etmənizi Siz cənabi-alidən xahiş etməyə məcburam”. Həsən bəy Zərdabi realnı məktəbdən çıxdıqdan sonra uzun müddət işsiz qalır və maddi ehtiyac içərisində yaşayır. Bakıda heç yerdə Həsən bəyə iş vermirlər. Nəhayət, o, 1879-cu ilin axırında ailəsi ilə birlikdə doğma kəndi Zərdaba köçür, 1896-cı ilə qədər orada yaşamalı olur. Zərdabi burada da çar qaydalarına, mövhumat və cəhalətə qarşı mübarizə aparır, xalqın hüquqsuzluğuna etirazlarını bildirirdi. Bu illərdə Həsən bəy kəndlilərdə öz adi hüquqlarını başa düşmək və insan kimi yaşamağa nail olmaq şüurunun oyanmasında böyük rol oynamışdır. O, kəndlilərə onların hüquqlarını izah edir və bu hüquqları necə əldə etmək yollarını da göstərirdi. Bu da şübhəsiz, kəndlilər arasında müəyyən oyanma və canlanma əmələ gətirir, hakim dairələri ciddi narahat edirdi.
Zərdabinin arxivində bunları açıq surətdə sübut edən sənədlərə də rast gəlmək olur. Bakı qəza idarəsi rəisinin Bakı qubernatoruna göndərdiyi 29 fevral 1896-cı il tarixli məktubda deyilir: “Siz əlahəzrətə xəbər verməyi borc bilirəm ki, mənim səlahiyyətimdə olan idarənin işlərində Göyçay qəza rəisinin 31 dekabr 1886-cı il tarixli rəyi vardır. Burada xəbər verilir ki, Zərdab kəndinin sakini... Həsən bəy Məlikov həm əhali üçün ziyanlıdır və həm də ümumiyyətlə, bu mənadakı, öz şəxsi mənafeyi üçün əhalini fitnəkarlığa və saxta şikayətlərə təhrik edir, çünki bu fitnə və şikayətləri şərtlənmiş mükafata görə özü yazır, faktları təhrif edilmiş şəkildə mətbuata xəbər verir və bununla da xalqı həyəcana gətirir. Eləcə də onun siyasi cəhətdən də etibarlı olduğunu demək olmaz”.
Həsən bəyin Zərdab kəndində fəaliyyəti son dərəcə çoxcəhətli olmuşdur. O, bir sıra hallarda məyusluğa qapılaraq özünü və özü kimiləri vaxtsız açılmış, buna görə də şaxta tərəfindən vurulmuş çiçəklərə bənzədərək şikayətlənsə də, taleyin hökmü ilə şəhər həyatından qoparılıb bir kənd güşəsinə atılmasından bəzən kədərlə danışsa da, əsl mənada, qaynar, mübarizələrlə dolu bir həyat sürmüş, daim öz xalqına xidmət etmək eşqilə yaşamışdır. Həsən bəyin Zərdab həyatının mühüm cəhətlərindən biri onun yerli cəhalətpərəstlərə, camaatı soyub-talayan yerli şeyxlərə qarşı barışmaz mübarizəsidir. Əhalini şeyxlərin təsirindən azad etmək və maarif-mədəniyyət yoluna cəlb etmək Həsən bəyin ümdə arzularından biri idi. Həmin arzunun həyata keçirilməsi yolunda o, heç bir şeyi əsirgəməmişdir.
Həsən bəy belə hesab edirdi ki, mövhumat və cəhalətdən yeganə çıxış yolu məktəbdir. O daim deyərdi ki, işıq necə olursa-olsun, qaranlıqdan, zülmətdən xeyirlidir. Bunu dərindən dərk edən Zərdabi öz doğma kəndində məktəb açmaq üçün ciddi mübarizəyə girişir. Məktəbin verəcəyi bəhrələr haqqında camaat arasında ciddi təbliğat və izahat işləri aparır, Rusiyanın bir çox qəzetlərində, o cümlədən Bakıda çıxan “Kaspi” və Tiflisdə buraxılan “Novoye obozreniye” qəzetlərində məqalələrlə çıxış edir, müəyyən maarif idarələrinə müraciət etməli olurdu. Kənddə məktəb açmaq uğrunda Həsən bəyin mübarizəsi ilk dövrdə müəyyən dərəcə müvəffəqiyyət qazanır. Bir sıra kəndlərdə, o cümlədən Zərdabda məktəb açılmasına icazə verilir. Həsən bəy buna son dərəcə sevinir və öz sevincini müxbir yazılarının birində (“Kaspi”, 1885-ci il, № 91) belə ifadə etmişdi: “Nəhayət, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim, səhrada olduğu kimi batmayıbdır”. Müvəffəqiyyətdən ruhlanan Zərdabi məktəb işinə daha fəal girişir. Yerli camaatı bu xeyirxah tədbirə daha tez cəlb etmək məqsədilə o, məktəb binasının tikilməsi xərcini öz üzərinə götürür.
Lakin yenə də maneələr yaranır. Zərdablıların bir çoxu məktəb işinə maddi yardım göstərməkdən imtina edirlər. Digər tərəfdən, şeyx Əli Babanın və onun qohumlarının mənfur təbliğatı camaatı məktəb işindən üz döndərməyə məcbur edir. Həsən bəy özü bu barədə belə deyirdi: “Əli Babanın qohumları meydana atıldılar və sadəlövh kəndliləri inandırmağa başladılar ki, bu pullara kilsə tikiləcəkdir və orada müsəlmanları xaçpərəstə çevirəcəklər. Bu uydurma nə qədər mənasız olsa da, cahil, avam camaata öz təsirini bağışlamışdır”.
Həsən bəyin kənddə nüfuzunun get-gedə artması şeyxləri çox təşvişə salmışdı. Yerli şeyxlərin başçısı Əli Baba camaatı Həsən bəyə qarşı mübarizəyə çağırırdı. Sadəlövh adamları ələ alan şeyx onların qarşısında belə tələb qoyurdu: “Bu kənddə ya mən yaşamalıyam, ya da Həsən bəy, ikisindən biri olmalıdır, hansını istəyirsiniz seçin”. Lakin istər bu cür təbliğat və istərsə də digər hədə-qorxular Həsən bəyi mübarizədən çəkindirə bilmir. Buna görə də şeyx Əli Baba adamlarını Həsən bəyin yanına göndərib onunla barışmasını təklif edir. Həsən bəy bu təklifə nifrət və qəzəblə cavab verir. 1885-ci ilin 28 mayında “Kaspi” qəzətində dərc edilmiş müxbir yazısında qeyd edir ki, şeyxin adamları hər cür abır və həyanı itirib mənə sülh və ittifaq təklif edirlər. Mən və onlar? Mən - bütün gücümü avamlıq zülmət aləminə işıq şüaları gətirməyə sərf etmiş bir adam! Onlar - hər cür işığı boğanlar!..” Zərdabi 1896-cı ildə birsinifli 3 illik qız məktəbinin açılması üçün xüsusi ərizə ilə Bakı qubernatoruna müraciət edir. Lakin müsbət cavab verilmir və Həsən bəyin Azərbaycan qızları üçün məktəb açmaq kimi mütərəqqi ideyası o vaxt həyata keçmir.
Həsən bəy Zərdabi 1896-cı ildən etibarən Bakıya qayıdır və qaynar həyata atılır. Onun Bakıda olmadığı dövrdə burada böyük dəyişikliklər baş vermiş, mütərəqqi fikirli gənclər dəstəsi yetişmişdir. Həsən bəy ömrünün axırına qədər “Kaspi” qəzetinin əməkdaşı və müvəqqəti redaktoru işləyir. O, “Kaspi” qəzetində məzmunca ümdə məsələlərdən bəhs edən demokratik əhvali-ruhiyyəli silsilə məqalələr dərc etdirmişdir.
Zərdabi Bakıya gəldikdən sonra görkəmli ictimai xadim kimi fəaliyyət göstərir. O, təxminən on il müddətində Bakı şəhər Dumasının üzvü olmuşdur. Həsən bəy daimi Dumanın cahil, azğın və mürtəce üzvləri ilə üz-üzə gəlmiş, onlarla toqquşmalı olmuşdur. Mübaliğəsiz demək olar ki, 1898-ci ildən başlayaraq Bakıda bir sıra rus-tatar məktəbləri bilavasitə Zərdabinin iştirakı ilə açılmışdır. Həsən bəy uzun müddət müxtəlif komissiyalarda ya sədr, ya da üzv sifəti ilə çalışmışdır. O, məktəb komissiyasının sədri, yaxud üzvü, bağ, maliyyə və inşaat komissiyalarının, Mixalyovski xəstəxanası nəzdində təsərrüfat komitəsinin üzvü, Mariya qız məktəbinin qəyyumlar şurasının, su komissiyasının və s. üzvü olmuşdur. Zərdabi bu komissiyalarda çalışdığı vaxtlarda həqiqətin tərəfində durmuş, xalqın mənafeyini, maarif və mədəniyyəti inkişaf etdirmək mənafeyini şəhərin bir ovuc hakim zümrələrinin mənafeyinə qarşı qoymuş və onlardan yüksəkdə tutmuşdur. Məhz buna görə də o, Dumanın iclaslarında çıxış edərkən dəfələrlə öz ünvanına acı sözlər eşitmiş, təhqir edilmiş və məhkəmə ilə hədələnmişdir.
Şəhər qlavası Novikov, Dumanın sədri Belyavski, Dumanın üzvləri Antonov, Saparov və başqaları Həsən bəy çıxış edərkən yerdən söz atar, sözünü kəsər və beləliklə də onu əsəbləşdirirdilər. Zərdabinin öz çıxışlarında heç bir nüfuz qarşısında baş əyməməsi, açıqdan-açığa, ifşaedici bir tərzdə danışması onların xoşuna gəlmirdi. Antonov Dumanın 21 aprel 1904-cü il tarixli iclasında Zərdabinin sözlərinə irad tutaraq demişdi: “Mən Həsən bəydən xahiş etmişdim ki, “qəsdən”, “gizlədirsiniz” və s. bu kimi ifadələri işlətməkdən imtina etsin. Mən bunlara dözə bilmirən.” Protokollarda tez-tez belə ifadələrə rast gəlirik: “Qlasnı H.b.Məlikov şəhər torpaqlarının tutulmasına qarşı tədbirlər görülməsini xahiş edir” (1898-ci il); “H.b.Məlikov şəhər Upravanın baş mühasibinin maaşının ildə 600 manat artırılmasını olduqca yolverilməz hesab edir və göstərir ki, onu bir qədər azaldıb, əvəzində şəhərdə bir neçə məktəb açmaq olar”; “H.b.Məlikov camaat üçün tezliklə kitabxana açılmasını tələb edir”; “H.b.Məlikov indiki vaxtda bir sıra vəzifələrin ixtisar edilməsini lazım bilir”; “H.b.Məlikov şəhər pullarının nəzarətsiz surətdə xərclənməsinə dərhal son qoyulmasını tələb edir”; “Məlikov təəccüb edir ki, Uprava həkimlərin ixtisar edilməsinə razılıq verir”; “ H.b.Məlikov Qaraşəhərdə yeni məktəb açılmasını təklif edir”.
1905-1907-ci illər inqilabı zamanı Həsən bəyin fəaliyyətinin ən qaynar dövrlərindəndir. Həmin vaxtda Zərdabinin istər “Kaspi” və istərsə də “Həyat” qəzetlərində, “Dəbistan” jurnalında və başqa nəşrlərdə müntəzəm olaraq məqalələri dərc edilmişdir. O, bu məqalələrində feodal qaydalarını və onların müdafiəçilərini, yerli hakimləri, çar çinovniklərinin özbaşınalıqlarını kəskin tənqid edir və zəhmətkeş xalqın acınacaqlı vəziyyətini ürək ağrısı ilə təsvir edirdi. Bu nöqteyi-nəzərdən Zərdabinin azadlıq hərəkatının təsirini özündə əks etdirmiş “Kənd mirzələrindən xilas olmalıyız”, “Keçən günlərdən”, “Yaşamaq uğrunda mübarizə”, “İttihadi-lisan”, “Dil və din”, “Bizim nəğmələrimiz” və s. məqalələri olduqca maraqlıdır.
1906-cı ildə Zərdabinin Azərbaycan müəllimlərinə müraciətlə yazılmış “Açıq məktub” adlı məqaləsi dərc olunur. Məqalədə xalq maarifinə aid olduqca əhəmiyyətli məsələlər irəli sürülmüşdü. Həsən bəy burada, hər şeydən əvvəl, müəllimlərin fəaliyyətsizliyini tənqid edirdi. “Açıq məktub” Azərbaycan müəllimlərinin ilk qurultayına hazırlıq dövründə bir hərəkət proqramı kimi səslənirdi, buna görə də geniş müzakirələrə səbəb olmuşdu. Həsən bəy Zərdabi Nəriman Nərimanovla birlikdə Azərbaycan müəllimlərinin qurultayının çağırılmasının təşəbbüskarı idi. Qurultay 1906-cı ilin avqust ayının 15-də açılmaqla Azərbaycanda xüsusən maarifin inkişafına müsbət təsir etdi. Qurultay Zərdabinin və Nərimanovun sədrliyi ilə keçdi, mühüm qərarlar qəbul etdi. Həsən bəy ömrünün axırına qədər fəaliyyətini dayandırmamışdır. Təkcə 1907-ci ildə “Dəbistan” jurnalında yeddiyə qədər məqalə dərc etdirmişdi. O, bu məqalələrində uşaq və gənclərdə əməyə sevgi, Vətən qarşısında namusluluq, dostluq və s. sifətlər aşılamağa çalışmışdır. Zərdabi ölənə qədər “Kaspi” qəzetində əməkdaşlıq etmişdir. Dilinin iflic olmasına baxmayaraq, Həsən bəy müəyyən saatları “Kaspi” qəzetinin redaksiyasında oturarmış. Qəzet əməkdaşlarından Acio Zərdabi haqqındakı xatirələrində yazır: “O işlədiyi və qaynayıb-qarışdığı qəzeti-“Kaspi”ni qocalıq məhəbbətilə sevərdi. Həsən bəy dili tutulmuş vəziyyətdə, güclə hərəkət edən əlləri ilə müəyyən saatları redaksiyada oturarkən və işini icra etməyə çalışarkən bu məhəbbət nə qədər təsiredici şəkildə qaynayıb-daşar və necə də qəlbi riqqətə gətirərdi”.
Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat etdi. Onun ölümü o dövr Azərbaycan ziyalılarını hədsiz dərəcədə kədərləndirmişdi. “Tazə həyat” qəzetinin Zərdabinin ölümünə həsr edilmiş bir nömrəsində qeyd edildiyi kimi, onun dəfn mərasimi, hələ Bakının tarixində görünməmiş bir hüznlə keçmişdi. Dəfn münasibətilə müxtəlif millətlərdən olan nümayəndələr onun haqqında məqalələr yazmış, xatirələr söyləmiş və xalqa xidmətlərini yüksək qiymətləndirmişdilər. Bu matəm münasibətilə yerli mətbuatda, Rusiyanın və Qafqazın mərkəzi qəzetlərində nekroloqlar dərc edilmişdi.
“Tazə həyat” qəzetində Həsən bəyin ölümünün mütərəqqi ziyalılarda doğurduğu sonsuz kədərdən çox təsirli şəkildə danışılmışdı. Haşım bəy Vəzirovun imzası ilə dərc edilmiş matəm məqaləsində deyilirdi: “Bizi Həsən bəyin ölümü bir o qədər düşündürmür. Yetmiş sinninə çatan, bir böylə bizi düşündürən, bizi ağladan millətimiz içində bu növ ürəyi, dili, əfalı, məsləki bir qorxusuz, sözünü açıq-açığına deyən millət mücahiddinin qaib olmasıdır. Çoxdurmu belə iş görənlərimiz? Çoxdurmu belə saf, sadiq, biqərəz iş dalınca gedənlərimiz. Əfsus, həzar əfsus, çox azdır”.
İzzət RÜSTƏMOV,
BDU-nun kafedra müdiri, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.