Şərur rayonunun Danyeri kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Hər bir xalqın səviyyəsini onun biliyi, hər bir ölkənin gələcəyini isə təhsilli və vətənpərvər gənclər müəyyən edir. Ona görə də bu gün Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursu dövlət başçısı tərəfindən uğurla davam etdirilir, təhsilin inkişafını müəyyən edən dövlət proqramları qəbul olunur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq şəhər, qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir, təhsil infrastrukturu müasirləşdirilir. Məqsəd ölkəmizdə təhsilli, vətənpərvər, yüksək intellektə və peşə hazırlığına malik olan ixtisaslı gənclər yetişdirməkdən ibarətdir".
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin "Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs sahədir" fikrini xatırladaraq demişdir: "Danyeri kəndində tikilən yeni məktəb binası da bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Ümumilikdə 414 şagird yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 23 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları və hərbi kabinə, idman zalı, 38 kompüterin quraşdırıldığı 2 kompüter sinfi, 13 minə yaxın kitab fondu olan kitabxana müəllim və şagirdlərin istifadəsinə verilir. Əvvəllər lazımi tədris şəraiti olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq, Danyeri kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndirici olmuş, ötən il məktəbi bitirən 17 məzundan 10-u ali məktəblərə, 1-i Naxçıvan Musiqi Kollecinə, 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur.".
Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirən Ali Məclisin sədri demişdir ki, məktəb işi təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Bu, ümumxalq işidir. Bu iş dövlət, cəmiyyət və məktəbin birgə səyi ilə həyata keçirilməlidir. Cəmiyyət və məktəb dövlətin yaratdığı şəraitdən səmərəli istifadə etməli, ölkəmiz üçün yararlı vətəndaşlar yetişdirilməlidir.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, bu yolda müəllim və şagird kollektivinə uğurlar arzulamışdır.
Məktəbin müəllimi Şahnaz Abbasova demişdir ki, bu gün muxtar respublikada, eləcə də Şərur rayonunda təhsilə göstərilən qayğı, yaradılan müasir təhsil infrastrukturu müəllimlərin daha yaxşı işləməsinə, şagirdlərin yüksək səviyyədə təhsil almasına səbəb olmuşdur.
Danyeri kəndində müasir məktəb binasının tikintisini Azərbaycanın bugünkü inkişafının və təhsil quruculuğu istiqamətində görülən işlərin təzahürü kimi dəyərləndirən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli demişdir ki, muxtar respublikada təhsilə göstərilən qayğı məktəb və elm vasitəsilə cəmiyyəti inkişaf etdirmək strategiyasının tərkib hissəsidir. Muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks quruculuq işləri, məktəb binalarının tikilməsi Azərbaycan kəndlərinin həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcıdır.
Ali Məclisin sədri binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan binada elektron lövhəli siniflər, laboratoriyalar, kompüter otaqları, idman zalı, müəllimlər otağı və bufet vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında