Şriftin ölçüsü:
28.11.2012 11:05 | Oxunma sayı: 761
Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan intibahının parlaq nümayəndəsi, məşhur şair Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti Gəncəvi - 900" mövzusunda elmi konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, akademiyanın foyesində Məhsəti Gəncəvi yaradıcılığından bəhs edən elmi və bədii əsərlərdən ibarət sərgi açılmışdır.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Məhsəti Gəncəvinin Azərbaycan poetik fikrindəki bənzərsiz yerindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından söz açmışdır.
Bildirilmişdir ki, təqribən 1113-cü ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açmış Məhsəti, uzun və səmərəli ömür sürmüş, kiçik müasiri dahi Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmamışdır. Onun müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisi orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutmuşdur.
Vurğulanmışdır ki, Yaxın Şərqdə bir-birindən az zaman fərqi ilə iki böyük rübai ustası yetişdi: İran şairi Ömər Xəyyam və azərbaycanlı Məhsəti Gəncəvi.
Məhsəti nəinki Xəyyamdan rübai estafetini qəbul edib ləyaqətlə davam etdirmişdir, həm də onu məna və məzmun baxımından zənginləşdirmiş, ona türk ruhu və intonasiyası gətirmiş, yeni lirik obrazlar, poetik təsvirlər, ürəkaçan deyimlərlə zənginləşdirmişdir. Elə buna görə də, o, Xəyyam ilə yanaşı, öz rübai məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını qoymuşdur.
Təsadüfi deyildir ki, doqquz yüz ilə yaxın bir müddət ərzində Məhsətinin əsərləri müxtəlif qaynaqlarda qoruna-qoruna bizə gəlib çatmışdır. Yüksək sənətkarlıq örnəyi olan bu poetik dördlüklər ilk dəfə Almaniyada ədəbiyyatşünasların diqqətini cəlb etmişdir. Görkəmli şərqşünas Helmut Ritterin ardınca Frits Meyer Məhsəti irsini toplayaraq alman dilinə tərcüməsi ilə birgə çap etdirmişdir. Lakin keçən əsrin 60-cı illərindən sonra Azərbaycanda Məhsəti irsinin çağdaş elmi səviyyədə öyrənilməsi, tərcüməsi və nəşri böyük vüsət almışdır. Məhsətinin birbaşa varisi, Gəncə ədəbi mühitinin yetirməsi, xalq şairi Nigar Rəfibəylinin tərcümələri ilə Məhsəti rübailəri Azərbaycanda daha da populyarlaşmış, bu böyük sənətkar haqqında bir sıra elmi və bədii əsərlər yazılmışdır. Bugünkü konfransın plenar iclasında və ondan sonra AMEA-nın institutlarında keçiriləcək bölmə iclaslarında bu mövzular ətrafında maraqlı məruzələr dinləniləcəkdir.
AMEA-nın prezidenti demişdir ki, Məhsəti Gəncəvinin 900 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsi qərara alınmışdır. Bu isə müstəqil Azərbaycanda ədəbi-mədəni irsimizə nə qədər yüksək qayğı və diqqət göstərilməsinin birbaşa sübutudur.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər ölkəmizdə işıqlı simaların yaradıcılığına, təbliğinə göstərilən dövlət qayğısından danışmış və xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirmişdir.
Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynov "Yaradıcı Şərq qadınının iradə və ifadə azadlığının klassik modeli - Məhsəti Gəncəvi", AMEA-nın müxbir üzvi Teymur Kərimli "Məhsəti Gəncəvi XII əsr Azərbaycan poeziya məktəbinin görkəmli nümayəndəsi kimi" və digər alimlərin "Məhsəti Gəncəvi Azərbaycan intibahının hadisəsi kimi", "Məhsəti Gəncəvi irsinin xarici ədəbiyyatşünaslıqda öyrənilməsi", "Məhsəti Gəncəvinin ədəbi irsi əlyazmalarda" mövzularında məruzələri dinlənilmişdir.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.