Bakıda "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır

Noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Təhsil Nazirliyi və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası (UMPEA) ilə birgə "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda ikinci beynəlxalq elmi konfrans işə başlamışdır. 
AzərTAc xəbər verir ki, konfransın açılış mərasimində Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və səfirlər iştirak etmişlər.
Plenar iclası AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq bildirmişdir ki, həm nəzəri, həm praktiki əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş konfransın məqsədi yeni texnoloji proseslərin, keyfiyyətli idarəetmə sisteminin tətbiqi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərində dialoqun və təcrübə mübadiləsinin aparılması və bu sahədə məqalələrin nəşr edilməsidir.
Rektor demişdir ki, dünyada gedən və həyatımızın bütün sahələrinə təsir göstərən qloballaşma prosesləri müəllim hazırlığı işinə yeni yanaşma tələb edir. Çünki zaman keçdikcə, informasiyanın və informasiya proseslərinin rolunun həlledici dərəcədə artması, müxtəlif təhsil sistemlərinin bir-birinə yaxınlaşması, təhsilin kompyuterləşməsi və onun informasiya-texniki bazasının ciddi şəkildə dəyişməsi, yeni təhsil sistemlərinin yaradılması zərurəti meydana çıxır. Təhsildə innovasiya problemi günümüzün əsas prioritetlərindən biridir. Lakin yeni metod və üsulların, mütərəqqi prinsiplərin, müasir texnologiyaların istifadəsi və həyata keçirilməsi üçün yüksək intellektual potensiala malik müəllim kadrlarının hazırlanması vacibdir. Müəllim hazırlayan ali məktəblərin qarşısında duran əsas vəzifə gələcək müəllimin yeni texnologiyalara, təhsil sistemində yaranan innovasiyalara yiyələnməsini təmin etməkdir.
Dünyada gedən qloballaşma prosesinin müasir təhsilə təsirindən söz açan A.Naxçıvanlı qeyd etmişdir ki, təhsil sistemləri qarşılıqlı dialoq olmadan və özlərinin ənənəvi mütərəqqi milli cəhətlərini müdafiə etmədən yaşaya bilməz.
AMİ-nin əsas fəaliyyət istiqamətlərindən birinin əlavə təhsil sahəsi olduğunu diqqətə çatdıran rektor demişdir ki, hazırda institut pedaqoji işçilərin əlavə təhsilinin müasirləşdirilməsi ilə bağlı xeyli iş görür. Hər il burada 10 mindən çox pedaqoji işçi əlavə təhsil istiqamətində təlimlərdən keçir, yeni metod və metodologiyalara yiyələnir.
Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışan A.Naxçıvanlı vurğulamışdır ki, Azərbaycanın təhsil sistemi ümummilli lider Heydər Əliyevin nəzəri irsi üzərində, onun müdrik göstərişləri və təklifləri əsasında qurulmuşdur. Təhsili millətin gələcəyi adlandıran ümummilli lider həmişə müəllim əməyini yüksək qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini gənclərdə görür, onların inkişafı üçün əlindən gələni edirdi. Bu gün bizim əsas vəzifəmiz ümummilli liderin təhsilimizin inkişafı sahəsində irəli sürdüyü prinsipləri layiqincə həyata keçirməkdir.
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirmişdir ki, konfrans olduqca vacib bir mövzuya həsr olunmuşdur. Çünki hər bir ölkənin gələcəyi, ilk növbədə, həmin ölkədə təhsilin inkişafından, məktəbdən və müəllimdən asılıdır. Məhz təhsil prosesində insan yeni bilik və bacarıqlar əldə edir, iqtisadiyyatın məhsuldar qüvvəsinə-insan kapitalına çevrilir. İnsanın şəxsiyyət kimi formalaşmasında onun təhsili, inkişafında isə müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllimlik peşəsinin əhəmiyyəti, onun şərəfliliyi, yüksəkliyi barəsində dünyanın dahiləri tərəfindən çoxsaylı kəlamlar söylənmişdir.
Təhsil naziri Bakıda keçirilən konfransın müəllim hazırlığı sahəsində Azərbaycan və dünya təhsil sisteminə töhfə verəcəyinə əminliyini bildirmiş, onun işinə uğurlar arzulamışdır.
Sonra M.Mərdanovun "Müəllim hazırlığının aktual problemləri" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə respublikamızda müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı son illərdə aparılmış islahatlar barəsində geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, hazırda ölkəmizdə dörd ixtisaslaşdırılmış pedaqoji ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, bir sıra ali təhsil müəssisələrində əlavə təhsil həyata keçirilir. Hazırda Azərbaycanın ali məktəblərinin pedaqoji ixtisaslarında 35 mindən çox tələbə təhsil alır. Onların hazırlığı ilə 4 mindən artıq müəllim məşğuldur. Ölkəmizdə pedaqoji təhsil sahəsində islahatlara ötən əsrin 90-cı illərinin sonlarından başlanılmışdır. Bu illərdə pedaqoji kadr hazırlığının ilk pilləli sisteminə keçilmiş, pedaqoji ixtisaslar üzrə bakalavr və magistr hazırlığının təmin edən dövlət standartları hazırlanaraq təsdiq olunmuşdur.
Nazir demişdir ki, son illərdə Azərbaycanda təhsil infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində son 10 ildə ölkədə 2 min 500-dək yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bununla yanaşı, ümumi orta təhsildə məzmun islahatlarının aparılması, yeni dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində də əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar isə təhsilin keyfiyyətinə müsbət təsir edən başlıca amillərdəndir.
Qeyd olunmuşdur ki, müəllim dəyişmədən təhsildə uğurlu nəticələr əldə etmək mümkün olmayacaqdır. Məhz bu səbəbdən də hazırda Azərbaycanın təhsil ictimaiyyətini düşündürən əsas problem ölkənin təhsil müəssisələrində çalışan 200 minədək müəllimin peşəkarlığının artırılması, onlarda müvafiq bacarıqların formalaşdırılmasıdır. Bütün bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Bu məqsədlə, 2010-cu ildə Azərbaycanda əlavə təhsilin yeni qaydaları hazırlanmış və hökumət tərəfindən təsdiqlənmişdir.
Təhsil naziri daha sonra müasir dövrdə əlavə təhsilin qarşısında qoyulmuş vəzifələr, yeni ixtisasartırma modelinin üstünlükləri və onun ənənəvi modeldən fərqləri, müəllimlərin informasiya kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmələrinin vacibliyi, bu sahədə görülən işlər, həyata keçirilən Dövlət proqramları barədə danışmışdır. Məruzədə, həmçinin ölkəmizdə müəllim hazırlığı sahəsində görüləcək işlərlə bağlı geniş məlumat verilmişdir.
Ukrayna-Azərbaycan təhsil əlaqələrindən danışan UMPEA-nın Təhsilin Menecmenti Universitetinin rektoru, akademik Viktor Oleynik bildirmişdir ki, AMİ-də keçirilən konfrans iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa töhfə olacaq, əlaqələrin yeni müstəvidə inkişafına təkan verəcəkdir.
Elmi-texniki tərəqqinin təhsilin dinamik inkişafına təsirindən bəhs edən akademik V.Oleynik müasir dövrdə təhsil sisteminin inkişaf perspektivlərindən danışmışdır.
Sonra ukraynalı alimin "Diplomdan sonrakı pedaqoji təhsil sistemi üçün elmi və elmi-pedaqoji kadrların hazırlanması: yanaşmalar və perspektivlər" mövzusunda məruzəsi dinlənilmişdir.
Akademik V.Oleynik məruzədə diplomdan sonrakı təhsil sistemində innovasiyaların yaradılması, diplomdan sonrakı pedaqoji təhsilin vəzifələri barədə geniş məlumat vermişdir.
Ukraynada diplomdan sonrakı fəaliyyət istiqamətində görülən işlərdən danışan V.Oleynik rəhbərlik etdiyi ali təhsil müəssisəsində magistratura və doktorantura pillələrində kadr hazırlığı və bu sahədə əldə olunmuş uğurlu nəticələrdən söz açmışdır.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirmişdir.
"Qloballaşma prosesində təhsil və elmi tədqiqatlar", "Təhsildə baryerlər (yaş və psixoloji faktor)", "Təhsil sahəsində etik problemlər", "Təhsildə yeni tendensiyalar və təcrübələr", "Müəllim və liderlik", "Müəllimlərin innovativ metodlarla təkmilləşdirilməsi təcrübəsi", "Təhsildə keyfiyyət" bölmələrində Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və digər ölkələrin tanınmış elm adamlarının, mütəxəssislərin məruzələri dinlənilmişdir.
Məruzələrdə müasir şəraitdə müəllim hazırlığının aktuallığından, respublikada müəllim hazırlığının inkişaf perspektivlərindən bəhs olunmuş, bu sahədə yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, qazanılmış uğurlar və dünya təcrübəsindən istifadə problemləri müzakirə edilmişdir.
Konfrans işini noyabrın 27-də bölmə iclaslarında davam etdirəcəkdir.
Tədbir çərçivəsində akademik V.Oleynikin rəhbərliyi ilə keçiriləcək "Ukraynada diplomsonrası pedaqoji təhsilin modernləşdirilməsi" mövzusunda "dəyirmi masa"da hər iki ölkənin tanınmış mütəxəssislərinin iştirakı nəzərdə tutulmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında