Kəsəmənə gedən yol

... Yollar var - yaxın, uzaq, acılı, şirinli, xoşbəxtliyə doğru gedən, kədərə yoldaş olan yollar. Amma nədənsə bütün yolların sonu yaxşı görünür mənə. Bəlkə ondandır ki, mən yolu və yol getməyi sevirəm. Və bu yollar elə hey çağırır məni...
Bu yollardan biri də Göyçə mahalının Kəsəmənindən keçir - Almaz Ülvinin kəndindən. O dağ kəndi Kəsəmənin saf suyundan içən, təmiz havasından udan, səmimi, zəhmətkeş insanlarının əhatəsində boya-başa çatan Almaz Ülvi özüylə gətirib o dağların qürurunu.
Müəllifin "Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr" adlı kitabında oxuculara müraciətini ürək ağrısı ilə oxuyuram: "Əziz oxucum, əziz kəsəmənlilər! Vərəqləmək istədiyiniz bu kitab dağılmış -viran qalmış kəndimizdən - onun yerləşdiyi ərazidən, tarixindən, etnoqrafik detallarından, adət-ənənələrindən, havasından, suyundan, ziyalılarının portretlərindən, səhiyyəsindən, ictimai-siyasi vəziyyətindən, dini görüşlərindən və s. bəhs edir". Almaz xanımın əsas məqsədi bəllidir: gələcək nəsillərə Vətənə sevgi, torpağa məhəbbət hisslərini aşılamaq və soy köklərini tanıtmaq.
Kəsəmən Almaz Ülvinin Tanrısını dərk etdiyi, sevdiyi, səcdəgahı, ibadət yeri, boya-başa çatdığı, təhsil aldığı bir məkan. O, sanki bu məkanın unudulmasından qorxur. İmkanı olsaydı, var səsi ilə hayqırardı: Bizim Qərbi Azərbaycan, Göyçə Mahalı, Kəsəmən adlı qədim yurd yerimiz, doğma ocağımız var. Unutmayaq o yerləri. O yerlərdə əzizlərimizin qəbirləri qalıb. O yerlərdə sınıq qəlbimizin xatirələri qalıb acısı, şirini, göynərtisi, əlçatmazlığı ilə...
Kitabda Kəsəmən kəndində yaşayan tayfalar, onların nəsil şəcərələri haqqında, dilimiz, dinimiz, adət-ənənələrimiz barədə geniş məlumatlar verilib. Məlum tarixi hadisələr önə çəkilib: 1937-ci il deportasiyası, Böyük Vətən müharibəsi.
Son 22 ildə erməni qəsbkarlarının yurdumuza qarşı törətdikləri vəhşiliklər Kəsəmən kəndindən də öz qurbanlarını aldı. Aldı, əvəzində isə ona didərginlik, köçkünlük, qaçqınlıq həyatını yaşatdı. Elə bu dərdləriylə böyük Kəsəmən ailəsi "Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr" kitabında uzun illərdən sonra yenidən doğma ocaq başına yığışa bildilər.
Almaz xanımın sevə-sevə qələmə aldığı həmvətənləri arasında ziyalılarla bərabər iftixarla adlarını çəkdiyi Qarabağ döyüşçüləri, zəhmətkeş, sadə kənd adamları da var. Bununla da həmkarımı Kəsəmən kəndinin böyük bir tablosunu yaratmış oldu. O kəndi tanımayanlara, görməyənlərə belə sevdirə bildi özünün yurd sevgisiylə.
Almaz Ülvi özü demişkən, o kəndi bir daha görüb ciyərdolusu havasını içinə çəkə bilməyəcək deyə, söz karvanına yoldaş oldu. Özləri kimi didərgin ruhlarının, şüşə kimi çiliklənmiş qəlblərinin xatirələrini bir araya yığıb elə sözüylə qaladı viranə yurdunun sönmüş ocağını. Qəlbinin oduyla, nəfəsiylə isitdi bu ocağı, dərdlərindən hasar çəkdi ki, sönməsin odu. Yığdı başına Kəsəmənin ziyalısını, sadə kəndlisini, uşağını, böyüyünü. Bölüşdü yurddaşlarıyla illərlə içini göynədən möhnətini, acı nisgilini, həsrətli xatirələrini.
O doğma ocaq başında qəlbinin hərarətindən pay verdi hər kəsə, sözüylə körpü saldı yollara. Uzaq-uzaq yolları yaxın edib Göyçənin göyçək kəndi Kəsəmənə ayaq açdı xəyalən.
Bax, onda gedəcəyəm Göyçə elinə,
Qanlı tarixini yazacağam bir-bir.
Yəqin, çatacağam o xoşbəxt günə,
Hələ səbir edirəm, mən hələ səbir...
Almaz xanım öz qadın incəliyi, şirin ləhcəsi, ürəyə yol tapan sözüylə mənim də söz dostumdur. İndi mənim üçün də doğma bir kənd var - Göyçə mahalının Kəsəmən kəndi. Məni o kəndə aparacaq yolu gözləyirəm...

{nl}

Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında