Mənəvi-əxlaqi dəyərlərin fəlsəfə və müasir dəqiq elmlər əsasında araşdırılması

Mənəvi-əxlaqi dəyərlər məcmusu olan İslam dininin mahiyyətindən danışarkən Hz.Məhəmmədin - "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim" - sözlərini xatırlatmaq yerinə düşər. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin "Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımı ilə insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük... Din hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır" - fikri də dinin mahiyyət və məzmunundan xəbər verir.
T.Əhmədov və R.Rəşidovanın "İslam və digər dinlərə ümumi baxış" (Bakı-2012, "MBM" nəşriyyatı) kitabında da dinin "hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunması" fikri Kainat, Əbədiyyət, Sonsuzluq və s. idarə edən "Böyük Yaradan" haqqında düşüncələr əsasında təsdiqini tapmışdır.
Müəlliflər kitabın əvvəlində qeyd edirlər: "...Din, fəlsəfə və müasir dəqiq elmlərin birgə araşdırmaları ilə meydana gələn bu kitabda "mütləq həqiqət", "ali şəxs", "Allah-təala", "dünya dinləri və onların əlaqələri" haqqında bilgilər verilmişdir. Min illərlə ölçülən zaman çərçivəsində deyilənlərin, yazılanların elmin inkişafı ilə təsdiqini tapması bu günün oxucusunu təəccübləndirmirmi? Texnikanın, dəqiq cihazların olmadığı zamanlarda təbiət, onun qanunauyğunluqları, kosmos, mikrokosmos, sonsuzluq, ölçüsüzlük və s. deyimlərin söylənilməsi, yüksək idrak Sahibinin varlığından xəbər vermirmi?".
Kitabın redaktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev yazır ki, əsərin diqqətçəkən cəhəti çox böyük zaman və məkanı əhatə edən, eramızdan əvvəlki dövrlərdə dini və yaxud elmi deyilişlərin müasir elmlə bağlantısını tapmaq, aralarında fərqin olmadığını sübut etməsidir. Müəlliflər dinin "dediklərinin" heç də mistika olmadığını kitabda açıqlamış, dini fikirlərin elmi izahının mövcudluğunu göstərməyə çalışmışlar. Elmlə məşğul olan alimlərin ruhən təmizlənərək Peyğəmbərlər səviyyəsinə qalxa bilmələri üçün yolların olması (meditasiya) ilə bağlı izah vermişlər.
V.Əliyev daha sonra bildirir ki, metafizika peripatetizmin sistemində mühüm yer tutur. Şərq metafizik filosofu İbn Sina metafizikanın ali elm adlandırıldığını qeyd edərkən göstərir ki, burada araşdırılan şeylərin mövcudluğu hissi onların materiyası ilə birləşmə və hərəkəti ilə bağlı deyildir. Müəlliflər də metafizikanın aliliyini, ilahiyyat və din elmlərinin kamilliyini, fəlsəfə ilə mötəqid əlaqələrini işıqlandırmışlar. Sufizmin yaranmasında dinlərin rolunu qeyd etmişlər.
"İslam və digər dinlərə ümumi baxış"kitabında qeyd edilir ki, təbii fəlakətlər, yəni zəlzələlər, külək , tufan, ildırım, vulkan və sairələr ibtidai insanlara əcaib gəlir və onlarda qorxu, dəhşət fəhmi yaradırdı. Bu bəlalardan qorunmaq üçün, ibtidai insanlar bir-birinə yaxın olmağın vacibliyini anlayaraq, toplum halına gələrək, cəmiyyətə bənzər kütlə şəklində birləşirdilər. Təbii fəlakətlərlə bağlı yaranan qorxu o qədər güclü idi ki, ibtidai insanlar həmin dəhşəti canlı hesab edərək, bu təbii fəlakətləri bir inanc mənbəyinə çevirmiş və səcdə etmişlər. Qorxu və dəhşətin kökündə insanların öz canları üçün təhlükə hissi dururdu, çünki təbii fəlakətlər zamanı onlar "ölüm"ü görürdülər...Təkamül inkişaf etdikcə, insanlar hər hansı təhlükə qarşısında qorunmaq üçün toplanmağa ehtiyac duyurdular. Sonralar elmə "cəhalət" və "qorxu" nəzəriyyələri kimi daxil olaraq öyrənilənlər ibtidai insanların həyat tərzi olmuşdur.
Müəlliflər elmi araşdırmalara əsaslanaraq, dinin təşəkkülündə çoxsaylı nəzəriyyələr üzərində dayanırlar ki, onlar sırasında yuxarıda qeyd edilən "cəhalət", "qorxu" və sonralar yaranmış ictimai-iqtisadi nəzəriyyələr əsas yer tutur. Bununla yanaşı, göstərirlər ki, cəmiyyət inkişaf etdikcə dini yarada biləcək amillər də çoxalırdı. Lakin kitabda onlar üzərində geniş dayanılmır, dinin hansı hadisələr burulğanında meydana gəlməsi araşdırılmağa çalışılır. "İslam və digər dinlərə ümumi baxış"da diqqəti cəlb edən bir məqama da nəzər salaq. Belə ki, müəlliflər kitabda bizə yaxın zaman kəsiyində dünya alimlərinin çağırışları ilə cəmiyyəti düşündürən Peyğəmbərlər-Hermes Trismeqist (e. ə. IV əsr), Budda (e. ə. V əsr), qədim yəhudi Peyğəmbərləri (e. ə. V əsrdən b.e I əsrinə qədər), İusus Xristos (b.e. I əsri), Məhəmməd (ə.s) (b.e.VII əsri) haqqında qısa məlumat vermiş, müqəddəs kitablara istinad etməklə belə qənaətə gəlmişlər ki, dinlər hansı məkanda, hansı zamanda yaranmasından asılı olmayaraq, eyni qüvvədən qaynaqlanmış, "Böyük Yaradan"dan vüsət almışlar.
Müəlliflərin fikrincə, eramızdan əvvəllərə-elmin, müasir texnika və texnologiyanin hələ təşəkkül tapmadığı bir dövrə təsadüf edən, insanlara təlqin olunan, öyrədilən dini adət-ənənələr, qayda-qanunlar, eyni zamanda, dinin yaranması bizim şüurumuzun dərk etməkdə çətinlik çəkdyi "Böyük sirrlər"dən xəbər verən "Böyük elm"in mövcudluğunu təsdiqləyir.
"İslam və digər dinlərə ümumi baxış" kitabında müəlliflər din fəlsəfəsi ilə əlaqədar düşüncələrə də geniş yer vermişlər. Əsərdə "Dində fəlsəfə nədir və o mövcuddurmu?" sualı Qurani-kərimdən, habelə digər müqəddəs dini kitablardan gətirilən misallarla cavablandırılmışdır. Müəlliflər eyni zamanda araşdırmalar əsasında belə bir qənaətə gəlmişlər ki, dünyada bütün gözəllikləri görmək, ondan zövq almaq, Allah-təalanın insan üçün yaratdığı təamlardan dadmaq, həyatın yaxşı tərəfini seçərək, Rəbbin nələrə qadir olduğunu dərk edərək, Yaradana dua oxumaq, Onun ucalığı qarşısında səcdəyə getmək, bax, həyatın fəlsəfi qanunu bu, olmalıdır.
Müəlliflər fəlsəfi qanun olan əksikliklər vəhdətinin dində insan və cəmiyyət dərkinə nəzər salaraq yazırlar: "Bir tərəfdə insanı ağıldan çıxaran eyş-işrət, şəhvət, digər tərəfdən Rəbbə dua etmək və şeytana uymamaq. Pis və yaxşı işlər! Şeytana uymaq və uymamaq! Birincidə səbəb var, yəni maddiyyət insanı cəlb edərək şeytana uymağa vadar edir, lakin nəticə yoxdur, yəni insan ruhu üçün maddiyyətdən qazanılan mənəviyyat yoxdur. İkincidə səbəb də var, nəticədə, yəni Rəbbə dua edən, yaxşı işlər görən şəxsin səbəbi Allah-təalanı vəsf etməkdir, nəticədə isə ruhun mənəvi zənginliyidir.
Əgər insan qəlbində Allah-təalaya məhəbbət varsa, bu zaman Rəbbə sevgi, o insanın təmiz əxlaqlı bir şəxs olmağı üçün səbəbdir və həmin səbəbin nəticəsi ancaq yaradana şükr və dua etmək olacaqdır. Şeytana uyan şəxsin qazandığı günahdır və axirətdə onu gözləyən əzabdır. Bəzən də Rəbbi tanıyan, Onu sevən bir insan həyatda gözlənilməz bir haqsızlıqla qarşılaşır, hadisədən təsirlənir və o, şeytana uyur və günah qazanır. Burada səbəb nəticəni yox, vəsilə nəticəni verdi".
Başdan-başa bəndə Xətai xətalıdır,
Zahid, xaçan ki, xublərin sevmək günah ola?
Ş.İ.Xətai
Müəlliflərin fikrincə, yuxarıda qeyd edilən beytdə belə bir fikir aşılanır - yəni, hər bəndənin xətası var, lakin xətanın Rəbbin bağışlaya biləcəyi xəta olması gərəkdir və xətadan tövbəyə qədər yol vardır.
"İslam və digər dinlərə ümumi baxış" kitabında dinlərdə yaranan təriqətlərə də nəzər salınmış, onlar arasındakı oxşarlıqlar barədə dini və elmi araşdırmalar aparılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında