Azərbaycan Turizm İnstitutunda "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransı ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq, bu təhsil ocağının fəaliyyəti və konfrans haqqında iştirakçılara məlumat verdi. Rektor bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan Turizm İnstitutu inkişaf strategiyasına uyğun olaraq keyfiyyətli kadr hazırlığı ilə yanaşı, təhsil və elmin nəzəri-təcrübi vəhdətinə xüsusi əhəmiyyət vermişdir.
ATİ turizmin inkişafı məqsədilə vaxtaşırı təşkil etdiyi konfrans, görüş və seminarlarda elmi araşdırmaların geniş müzakirə mövzusuna çevrilməsində maraqlıdır. 2006-cı ilin sentyabrında fəaliyyətə başlayan institut elə həmin il "Turizm təhsili: problemlər və vəzifələr", 2008-ci ildə "Hər mövsümdə Azərbaycan" və "Turizm və rekreasiya: problemlər və perspektivlər" mövzularında keçirilmiş beynəlxalq və ənənəvi respublika konfranslarına ev sahibliyi etmişdir.
Növbəti- "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda keçirilən I Beynəlxalq elmi-praktik konfransda iştirakçı olan 14 ölkənin, o cümlədən Türkiyə, Rusiya, Avstriya, Polşa, Ukrayna, Bolqarıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və s. dövlətlərin alim və mütəxəssislərinin 50 məruzəsi və təklifləri dinlənildi.
Konfransın işi "Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti. Turizmin forma və növləri", "Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri. Turizmə marketinq strategiyaları", "Turizm biznesinin təşkili və idarə edilməsi. Turizm üçün kadr hazırlığı. Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi" bölmələrini əhatə edirdi.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışı zamanı konfrans iştirakçılarını təbrik edərək bildirdi ki, son illərdə turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahədə müsbət dinamika və inkişaf müşahidə olunur. Son beş ildə Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının bir neçə dəfə artması turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir.
Turizm və rekreasiya perspektivləri ilə bağlı 2008-ci ildə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə "Turizm və rekreasiya zonaları haqqında nümunəvi əsasnamə"nin təsdiq edildiyini vurğulayan nazirlik rəsmisi bu sənəddə turizm və rekreasiya zonalarının yaradılmasının qeyd edildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, 2010-cu ildə də "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir: "Bu sənədlərin icrasını təmin etmək məqsədilə ilkin olaraq Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları üzrə ərazilərin turizm və rekreasiya zonaları elan olunması üçün müvafiq işlər görülüb. Respublika Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra bu rayonlarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı zonaların Baş Planı hazırlanacaq. Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ilk növbədə Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının Xəzərsahili ərazilərinin, Quba və Qusar rayonlarında turizm üçün əlverişli olan sahələrin turizm və rekreasiya zonalarının xəritəsi hazırlanıb.
Bu zonaların yaradılmasında əsas məqsəd ölkəmizin şimal bölgəsi üzrə turizm ərazilərinin idarə olunmasının təkmilləşdirilməsi, keyfiyyətli turizm xidmətlərinin göstərilməsi, nəzarət mexanizminin gücləndirilməsi, müasir standartlara cavab verən, müxtəlif çeşidli və yüksək keyfiyyətli xidmət göstərəcək kompleks xidmət infrastrukturunun yaradılmasıdır".
N. Səmədov onu da bildirdi ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. O dedi: "Əgər 2003-cü ildə turizm sahəsində çalışan işçilərin sayı 2 min 678 nəfər idisə, bu rəqəm 2011-ci ildə 7 min 739 nəfər olmuşdur. Analoji olaraq, 2003-cü ildə ölkəyə 1 milyon 13 min 811 nəfər əcnəbi gəlmişdisə, 2011-ci ildə artıq Azərbaycana gələn əcnəbilərin sayı 2 milyon 239 min 141 nəfər olmuşdur. Xarici turistlərin ölkəmizdəki xərcləri də müvafiq olaraq 57,7 milyon dollardan 1223,1 milyon dollara yüksəlmişdir. Bu irəliləyiş ilk növbədə turizm sahəsində dövlət siyasətinin, dövlət proqramlarının uğurlu icrasının nəticəsində olmuşdur". Nazir müavini konfrans iştirakçılarının nəzərinə çox mühüm bir faktı da çatdırdı ki, Azərbaycana turistlər daha çox 4 qonşu ölkədən - Rusiya, Gürcüstan, Türkiyə və İrandan gəlir. Azərbaycandan gedən turistlər daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri), Rusiya və Gürcüstana səfər etmişlər. Bu ilin ilk 6 ayının statistikası onu göstərir ki, yarım il ərzində 7 faiz artım olmuşdur.
Çıxışının sonunda natiq xüsusi vurğuladı ki, müasir dövrdə Azərbaycanda turizm və rekreasiya mövzusu çox maraqlı və aktual bir məsələdir. Birinci Elmi Praktik Konfransda səslənən fikirlər də şübhəsiz ki, qarşılıqlı maraq doğurur və bu sahə təcrübə mübadiləsi üçün çox vacibdir.
Konfransın plenar iclas və bölmələrində Türkiyənin Boğaziçi Universitetindən professor Bülənt Himmətoğlu, İşil Keskin, Şimali Kipr Beynəlxalq Universitetindən dosent Ali Öztüren, Avstriyanın Vyana Universitetindən Mark Herz, Rusiya Dövlət Turizm və Servis Universitetindən dosent O. Zuyeva, Gürcüstan Universitetindən professor M.Metreveli, Qazaxıstan Turizm Assosiasiyası, Qazaxıstan Mehmanxanalar və Restoranlar Assosiasiyasının nümayəndəsi Ş.Adilbəyova və başqaları məruzələrlə çıxış etdilər. Məruzələr dinləyicilərə 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim olunurdu.
İki gün davam edən konfrans başa çatdıqdan sonra qonaqlar üçün Bakıətrafı yerlərə müxtəlif turlar təşkil edildi, xatirə şəkilləri çəkdirildi.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.