Noyabrın 23-də Bakıda, Səadət sarayının işgüzar görüşlər evində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 20 illiyinə həsr olunmuş "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 20 il: inkişaf mərhələləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə TQDK-nın 20 illik fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olmuşlar.
Azərbaycan, Türkiyə, Böyük Britaniya, Niderland, Rusiya, Qazaxıstan və digər ölkələrdən nümayəndələrin iştirak etdikləri konfransı TQDK-nın sədr müavini Namiq Babayev açaraq qonaqları salamlamış, tədbirin gündəliyi haqqında məlumat vermişdir.
Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 20 il: inkişaf mərhələləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Slaydlarla müşayiət olunan məruzədə Məleykə Abbaszadə TQDK-nın yaranma tarixi, 20 illik fəaliyyəti, beynəlxalq əlaqələri, əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermişdir.
Məleykə Abbaszadə bildirmişdir ki, 20 il əvvəl TQDK-nın yaradılmasından əsas məqsəd ali məktəblərə qəbul imtahanları zamanı subyektivliyin aradan qaldırılması, obyektivliyin tam təmin edilməsi olmuşdur. TQDK-nın yaradılması haqqında Fərmanın imzalanmasından cəmi dörd ay sonra ilk imtahan keçirilmişdir. Postsovet məkanında ilk dəfə ali məktəblərə mərkəzləşmiş qaydada test üsulu ilə qəbul imtahanı keçirən Azərbaycanda ötən dövrdə zəngin təcrübə əldə edilmişdir.
Bildirilmişdir ki, 1993- 1994-cü illərdən başlayaraq komissiyada işlər yeddi əsas istiqamət üzrə aparılmağa başlanmışdır. Hər bir istiqamət üzrə işlər yeni keyfiyyət mərhələsində indiyədək davam edir. İmtahanların məzmununu müəyyənləşdirmək, bu işə bütün elmi və pedaqoji ictimaiyyəti cəlb etmək məqsədilə TQDK-da 1994-cü ildən başlayaraq fənlər üzrə geniş elmi-metodiki seminarlar fəaliyyət göstərir.
Ötən 20 il ərzində TQDK tərəfindən keçirilən imtahanlar və onların uğurlu nəticələri barədə məlumat verən komissiya sədri qeyd etmişdir ki, 2005-ci ildən etibarən imtahanlar sırasına ali təhsilin magistratura pilləsinə qəbul imtahanları da daxil edilmişdir. İyirmi il ərzində TQDK-nın keçirdiyi 42 növ imtahanda 2 milyon 155 min vətəndaş iştirak etmişdir.
Məleykə Abbaszadə bildirmişdir ki, imtahanların məzmununun müəyyənləşdirilməsi istiqamətində görülən işlər TQDK-nı ölkədə təhsil sahəsində aparılan islahatları daim diqqət mərkəzində saxlamağı tələb edir. Məsələn, bu il 5-ci siniflərdə tədris prosesi yeni kurikulum üzrə aparılır. Bu isə o deməkdir ki, həmin şagirdlər bir neçə ildən sonra keçirəcəyimiz buraxılış və qəbul imtahanlarında iştirak edəndə onların bilikləri artıq yeni meyarlar əsasında qiymətləndiriləcəkdir. Hesab edirik ki, bu baxımdan seminarlarda aparılan fikir mübadilələri komissiyanın işinə böyük töhfə verir. Bu seminarlar bütün pedaqoji ictimaiyyət üçün açıqdır.
Qeyd edilmişdir ki, subyektivliyin aradan qaldırılması məqsədilə imtahana hazırlıqla bağlı TQDK-nın fəaliyyətində bütün texnoloji proseslərin avtomatlaşdırılması həyata keçirilmişdir. Bunun nəticəsində 1998-ci ildə TQDK-da xüsusi proqram təminatı ilə təchiz olunmuş açıq sosial-texniki sistem yaradılmışdır. Hazırda yeni texnoloji imkanlardan istifadə edərək bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir. Bundan başqa, internet xidmətlərinin geniş yayılması baxımından məlumat bazalarının müdafiə olunması mühüm məsələlərdən biridir.
Bildirilmişdir ki, toplanılan məlumat bazalarından, həyata keçirilən elmi-statistik araşdırmaların nəticələrindən bütün ictimaiyyətin faydalanması üçün imkanlar yaradılır. Məsələn, 1995-ci ildən başlayaraq qəbul imtahanlarında göstərdikləri nəticələrin tarixini əks etdirən "Mənim məktəbim" portalı fəaliyyət göstərir. Bu portalda 4 min 500 məktəbin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr əks olunmuşdur. Faktiki olaraq, TQDK-nın saytı təhsil sistemində gedən islahatları izləməyə imkan verir.
Məleykə Abbaszadə vurğulamışdır ki, Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı fərmana əsasən "Tələbə-məzun" məlumat bazası Dövlət elektron məlumat sistemi kimi təsdiq edilmişdir. Bu bazada 1992-2012-ci illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş bütün şəxslər haqqında məlumat vardır. İndiyədək bütün ali və orta ixtisas təhsili müəssisələri tərəfindən bu sistemə məzunlar və tələbələr haqqında 83 min 151 məlumat daxil edilmişdir.
Diqqətə çatdırılmışdır ki, 1999-cu ildən başlayaraq TQDK əhaliyə elektron xidmətlər göstərir. Həmin xidmətlər haqqında məlumatlar "Elektron hökumət" portalında əksini tapmışdır. Hər il bu elektron xidmətlərdən təxminən 200 mindən çox insan faydalanır. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar bu silsilədən olan yeni sistem - "Şagird-məzun" sistemi də yaradılır.
Qeyd edilmişdir ki, TQDK-nın 8 regional bölməsinin fəaliyyət göstərməsi ilə əlaqədar bu ildən etibarən qəbul imtahanlarının coğrafiyasının genişləndirilməsi planlaşdırılır.
Məleykə Abbaszadə demişdir ki, TQDK-nın 20 ildə qazandığı ən böyük nailiyyəti ictimaiyyətin etimadını və inamını qazanmasıdır. Bunu təkcə "daxili" qiymətləndirmənin deyil, "xarici" qiymətləndirmənin də nəticələri sübut edir. 2007-ci ildə Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut tərəfindən dərc olunmuş "Corrupt schools, corrupt universities: what can be done" adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki, komissiya beynəlxalq səviyyədə biliyin qiymətləndirilməsi sahəsində aparılan işləri daim izləyir, yenilikləri ölkədə tətbiq etmək imkanlarını araşdırır. "Bizim qarşımızda şagirdləri özünə güvənli və kreativ şəxsiyyətlər kimi yetişdirmək vəzifəsi durur", -deyən TQDK sədri vurğulamışdır ki, 2005-ci ildə yeni Əsasnamənin təsdiq edilməsi komissiyanın fəaliyyətinin mühüm mərhələsinin başlanğıcı olmuşdur. Əsasnamənin təsdiqi ilə TQDK-nın səlahiyyətləri artırılmış, komissiyaya tamamilə yeni növ imtahanların keçirilməsi həvalə olunmuşdur.
Azərbaycanda təhsilin inkişafının ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını söyləyən Məleykə Abbaszadə Prezident İlham Əliyevin hələ 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə dünya Sammitindəki çıxışında səsləndirdiyi "Qara qızılı insan kapitalına çevirək" devizini xatırlatmışdır.
Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) rəhbəri Əli Dəmir bildirmişdir ki, bu gün hər bir ölkənin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyət üçün faydalı vətəndaşların yetişdirilməsidir. Bu baxımdan insanların, xüsusilə də kreativ gənclərin təhsil almaları və potensial kadr kimi hazırlanmaları üçün lazımi şərait yaradılmalıdır. Əli Dəmir bu məsələdə uğur qazanılması üçün seçmə, yerləşdirmə prosesinin düzgün aparılmasının zəruriliyini vurğulamışdır.
ÖSYM-in fəaliyyəti haqqında danışan Əli Dəmir demişdir ki, qurumun əsas məqsədi imtahanlar zamanı ədalət prinsipinə riayət edilməsinin təmin olunmasıdır. Bildirilmişdir ki, ÖSYM artıq iki ildir ki, imtahan proseslərini yeni layihə əsasında həyata keçirir.
ÖSYM-in TQDK ilə sıx əməkdaşlıq etdiyini söyləyən Əli Dəmir bu əlaqələrin ölkələrimizin təhsil sisteminin inkişafına töhfələrindən danışmışdır.
Azərbaycanın təhsil sistemində aparılan islahatları, tətbiq edilən yenilikləri yüksək qiymətləndirən ÖSYM-in rəhbəri TQDK-nın 20 illik fəaliyyətində böyük uğurlar qazandığını söyləmiş, yubiley münasibətilə kollektivi təbrik etmişdir.
Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Niderlandın Təhsil Sahəsində Ölçmələr üzrə Milli İnstitutunun mütəxəssisi Jan Vieqers təmsil etdiyi qurumların fəaliyyəti, gördükləri işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın dünyanın müxtəlif ölkələrində keçirdiyi beynəlxalq tədbirlərdə bütün qitələrin ali təhsil müəssisələri təmsil olunur. Qeyd edilmişdir ki, 2007-ci il Bakı şəhərində TQDK-nın təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 33-cü konfransı keçirilmişdir. Dünyanın 40 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyi bu konfransın peşəkar fikir və təcrübə mübadiləsi aparılması baxımından nəticələri çox uğurlu olmuşdur.
TQDK-nın Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın fəal üzvlərindən biri kimi beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar qazandığını diqqətə çatdıran Jan Vieqers ayrı-ayrı ölkələrin təhsil sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
Rusiyanın Təhsilin Keyfiyyətinin Monitorinqi üzrə Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Valentina Kiselyova TQDK-nın 20 illik fəaliyyətində mühüm nailiyyətlər qazandığını söyləmiş, qurumun bu illər ərzində əldə etdiyi təcrübədən faydalanmağın əhəmiyyətini vurğulamışdır. V.Kiselyova Azərbaycanda və Rusiyada təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışmış, bu istiqamətdə həyata keçirilən islahatların yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Bildirilmişdir ki, təhsil islahatları həyata keçirilərkən müəyyənləşdirilən məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin məntiqi ardıcıllığı gözlənilməlidir. İlk növbədə təhsil sisteminin məqsədləri müəyyənləşdirilməli, daha sonra şagirdlərin müəyyən səviyyələrdə yiyələnməli olduqları bilikləri əks etdirən standartlar qəbul edilməlidir.
Qazaxıstanın Milli Test Mərkəzinin şöbə müdiri Jandos Əhmədov ölkəsinin təhsil sistemi, qəbul imtahanları prosesində son dövrlərdə tətbiq edilən yeniliklər haqqında məlumat vermişdir. O, həmçinin təhsilin qiymətləndirilməsində mövcud problemlərin həllinə yönəlmiş, xüsusən qiymətləndirilmənin keyfiyyətinin qaldırılması, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar barədə danışmışdır. Bildirilmişdir ki, kütləvi xarakter daşıyan və yüksək müsabiqə vəziyyəti şəraitində keçirilən imtahanlar şagirdlərin biliyini obyektiv, etibarlı, şəffaf şəkildə qiymətləndirməyə imkan verməlidir.
TQDK-nın 20 illik fəaliyyəti dövründə bir çox yeniliklərə imza atdığını vurğulayan Jandos Əhmədov komissiyanın xüsusilə tələbə seçmə və yerləşdirmə sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Tacikistanın Təhsilin İnkişafı üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Səbzəli Cəfərov ölkəsində qiymətləndirmə sistemi ilə bağlı məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, qloballaşma ilə müşayiət olunan sürətli sosial, mədəni və iqtisadi dəyişikliklər bütün dünyada təhsil sistemləri qarşısında da yeni tələblər qoyur. Təhsil siyasəti və bu sahədə qazanılan təcrübə, o cümlədən seçmə və qiymətləndirmə prosesi daim yeniliyə və dəyişikliyə məruz qalır. Bakıda keçirilən konfrans qiymətləndirmə sistemləri, yeniliklər və təhsil sahəsində baş verən dəyişikliklərlə bağlı fikir mübadiləsinin aparılması baxımından olduqca əhəmiyyətlidir.
S.Cəfərov TQDK-nın 20 illik fəaliyyəti dövründə əldə etdiyi uğurların əsl nümunəyə çevrildiyini vurğulamışdır.
Sonra konfrans işini iki sessiyada davam etdirmişdir.
Sessiyalarda Azərbaycanın və Qazaxıstanın təhsil üzrə ekspertləri məruzələrlə çıxış etmişlər.
Birinci sessiyada "TQDK-nın elektron xidmətləri: namizədlərlə ünsiyyətin asanlaşdırılması yolunda ən təsirli vasitə", "Test bankının formalaşdırılmasının və idarə edilməsinin inkişaf mərhələləri", "İmtahanların layihələşdirilməsi və təşkili üçün statistik informasiyadan istifadə haqqında" və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzələrdə TQDK-nın 1992-ci ildən ölkə vətəndaşlarına göstərdiyi xidmətləri asanlaşdırmaq məqsədilə komissiyanın fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqindən bəhs edilmişdir.
Sessiyada, həmçinin TQDK-nın yaradılmasından sonra testlərin formalaşdırılması prosesi və inkişaf mərhələləri, test bankının idarə olunması, imtahana düşəcək sualların seçilməsi və imtahan sual kitabçasının məxfi şəraitdə hazırlanması prosesi barədə danışılmışdır.
Bildirilmişdir ki, TQDK-nın ölkənin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları planlı şəkildə abituriyentlərin bilik və bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılır. Bununla əlaqədar, hər il tələbə qəbulunun elmi-statistik təhlili aparılır və bu təhlillərə əsasən alınan nəticələr imtahan texnologiyasının təkmilləşdirilməsi, təhsil sisteminin inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərin həllində istifadə edilir.
İkinci sessiyada "TQDK-nın ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının hazırlanması - 20 illik təcrübə", "Azərbaycan Respublikasında magistratura səviyyəsinə qəbul haqqında", "Qazaxıstan Respublikasında paralel müsabiqə zamanı dövlət təhsil qrantlarının ardıcıl paylanması" və digər mövzularda məruzələr edilmişdir.
Məruzələrdə qəbul imtahanlarının məzmunu ilə bağlı dövlət standartlarının yaradılması və təkmilləşdirilməsi, test bankının yaradılması və onun zənginləşdirilməsinin təşkili, test tapşırıqlarının keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində görülən işlər, testologiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bölgələrdə fəaliyyət göstərən müəllimlərin elmi-metodik işlərə cəlb edilməsi məsələlərindən danışılmışdır.
Bildirilmişdir ki, qəbul imtahanlarının keçirilməsi üçün imtahanın məzmununa uyğun materialların hazırlanmasında standart kimi fənlər üzrə qəbul proqramları əsas götürülür. Bu proqramlar isə orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərsliklər əsasında hazırlandığı üçün dərsliklərin elmi-metodiki baxımdan mütəmadi olaraq monitorinqi keçirilir.
Sessiyalarda məruzələrlə bağlı maraqlı müzakirələr aparılmış, suallar cavablandırılmış, müvafiq təkliflər səsləndirilmişdir.
Konfrans noyabrın 24-də başa çatacaqdır.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.