Ömrünü xalqına həsr edən insanlar heç vaxt tarixin qaranlıq laylarında itib-batmırlar. Bunun sübuta ehtiyacı yoxdur. Fəaliyyət istiqamətinə baxmayaraq, atdığı hər bir addımda vətənpərvərlik nümunəsi olmaq hər insana müyəssər olmur. Çox insan "Vətənimi sevirəm" deyə bilər, lakin bunu əməldə göstərmək, həm fikirdə, həm gördüyün bütün işlərdə sübuta yetirmək az insana nəsib olur. İctimai-xadim, böyük alim, xeyriyyəçi, mübarizə adamı Qulamrza Səbri Təbrizi məhdud sayda olan belə insanlarımızın sırasında qərar tutmuşdur.
Bu günlərdə Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində rellaşan tədbir Edinburq Universitetinin professoru, Qulamrza Təbrizinin vətənpərvər fəaliyyətinin daha bir hesabatı idi. Tədbir professorun "Yaranış" adlı yeni kitabının təqdimatına həsr olunmuşdu. Tədbirdə görkəmli alimlər, ictimai xadimlər, jurnalistlər və fəal gənclər iştirak edirdilər. Öncə 77 yaşlı professorun dəyərli ömür yolundan bəhs edən video-çarx nümayiş etdirildi. Daha sonra onun mübarizə fəaliyyəti ilə bağlı iştirakçılar tərəfindən maraqlı fikirlər səsləndirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın Şərqşünaslıq İnstitutu Güney Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Əkrəm Rəhimli "Yaranış" kitabı barədə geniş məlumat verdi. Sonra AMEA-nn Nizami adına Ədəbiyyat İnstitutu Güney Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sabir Nəbioğlu, "Güneyin səsi" elmi-publisistik dərgisinin baş redaktoru Ənvər Yusifoğlu, DAK Ağsaqqallar Şurasının üzvü, AMEA-nın elmi əməkdaşı Babək Abışov, DAK Ağsaqqallar Şurasının üzvü, AMEA-nın Botanika İnstitutunun professoru Məmməd Nəcəfzadə, AZTV-nin "Turan" proqramının aparıcısı, əməkdar jurnalist Zərnişan Azayeva, əməkdar jurnalist Mirvari Rəhimzadə və digərləri müəllifin həyat yolu, yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti haqqında və Güney Azərbaycanda çağdaş ədəbi proseslər barəsində maraqlı təhlillərlə çıxış etdilər.
Əgər Qulamrza Səbri Təbrizini heç tanımayan bir şəxs bu tədbirdə iştirak etsəydi, haqqında deyilən yüksək fikirlər və bu insanın milli mübarizə ilə zəngin həyat yolu barədə eşitdikləri onun haqqında tam təsəvvür yaradardı. Tədbirdə Qulamrza bəyin xeyriyyəçilik fəaliyyəti barədə xüsusi danışıldı. Onun şəxsi vəsaiti hesabına İranda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və fədakarlıq həqiqətən təqdirəlayiqdir. Xüsusilə bu ilin yayında Güney Azərbaycanda baş vermiş güclü zəlzələdə həlak olan soydaşlarımızın ailələrinə yardım etməsi və öz şəxsi mülkünü sataraq altmış min manat vəsaiti fəlakət bölgəsinə göndərməsi hər kəs üçün örnək olası bir addımdır. Professorun öz təbirincə desək, " Mən Vətəndən çıxdım, amma Vətən məndən çıxmadı! " kəlamının doğruluğu onun hər bir hərəkətində müşahidə olunmaqdadır. Sinninin bu vədəsində də gənclik eşqi ilə yazıb-yaradan, yorulmaq bilmədən mübarizə aparan Qulamrza Səbri Təbrizinin yenicə işıq üzü görmüş "Yaranış" kitabındakı şeirləri də özü kimi fəlsəfi, milli çalarlarla zəngin, sağlam ruhlu, mühakimə qabiliyyətlidir. Güclü təfəkkürü, dəmir məntiqi, sağlam düşüncələri, dərin milli təəsübkeşliyi onun bütün şeirlərində hiss olunur. Sadə, hər kəsin anlayacağı bir tərzdə yazılmış, üslub baxımından özünəməxsusluğu ilə seçilən bu şeirlər gənc nəslin milli ruhda tərbiyəsi üçün olduqca əhəmiyyətlidir.
Qırx ildən artıqdır ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dünyanı dolaşan, "Azərbaycanın daşı, torpağı da anamın dilində danışır" deyən əsl ziyalı, xalqının mənafeyini qoruyan və onu hər yerdə ləyaqətlə təmsil edən görkəmli alimdir Qulamrza Səbri Təbrizi. Ömrünün böyük bir hissəsi mühacirətdə keçdiyi üçün onun yaradıcılığında Vətən həsrəti, yurd sevgisi, milli təfəkkür tərzi üstünlük təşkil edir. Qulamrza Təbrizi milli mühacirət alimi, milli mühacirət şairidir. Onun ən ülvi amalı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əsərlərini oxuyan, fəaliyyətinə nəzər salan hər kəsin görə biləcəyi gün kimi aydın həqiqətdir bu.
{nl}
Anar TURAN, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.