Bəzən elə məqam yetişir ki, illərlə tanıdığın, hörmət etdiyin, işığına uçunduğun bir insan haqqında ürək sözlərini başqalarına çatdırmağa ehtiyac duyursan. Bu payız günlərində mən də görkəmli Azərbaycan alimi və ziyalısı, dostluğunu özümə fəxr bildiyim Vaqif Abbasovun düşüncəmdə formalaşan portretini öz cizgilərim və rənglərimlə oxuculara təqdim etmək istəyirəm.
Elə insanlar var ki, onlar haqqında düşünəndə qəlbimiz işıqla dolur və bu işığın şölələri üzümüzə çıxır, istər-istəməz gülümsünürük. Vaqif müəllim məhz o insanlardandır. Onu şəxsən tanıyanlar bu xoş ovqatı daha gözəl duyarlar.
Bəri başdan qeyd edim ki, Vaqif müəllimlə məni hələ otuz ildən də çox bundan əvvəl Moskvada hüquq fakültəsində birgə təhsil aldığımız , hazırda Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışan tələbə dostum tanış edib. Əlbəttə, ilk ünsiyyətdə insanların qəlbində yer, həm də xüsusi yer tutmaq çox az adama nəsib olur. Bununla belə, birinci görüşümüzdəcə Vaqif müəllimin ziyalı təbiəti, erudisiyası, həyata, insanlara özünəməxsus baxışları məni heyran etdi. Qarşımda insani və elmi cəhətdən yetkin, müdrik bir şəxsin dayandığını hiss etdim. Sonralar Vaqif müəllimlə davamlı ünsiyyətimiz get-gedə böyüyüb dostluğa çevrildi.
Vaqif müəllimi mənə sevdirən onun əqidəsi, əməlləri, gördüyü işlərdir... Dünyaya, həyata baxışıdır. Onun əqidəsi təmizlik, saflıq, paklıq üzərində qurulub. Onu mənə dost edən özünəməxsus düşüncə tərzi, məntiqi, analitik ağlı, universallığı, qətiyyəti, mübarizliyidir. O, hər şeyi düşünərək gündəliyə gətirir, bu səbəbdən də düşündüyündən heç vaxt geri çəkilmir.
Professor Vaqif Abbasovun ömür yoluna nəzər salanda hər şeydən əvvəl halallıqla qazandığı uğurların bolluğu və bu yolda çəkilən zəhmət barədə fikirləşdim... O, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1973-1978-ci illərdə Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Neft-Kimya aspiranturasında oxuyub. Əvvəlcə elmlər namizədi elmi dərəcəsini alıb, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1992 -ci ildə isə professor vəzifəsinə seçilib. 1978-1981-ci illərdə Azərbaycan MEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə isə baş elmi işçi kimi fəaliyyət göstərib. 1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olub.
Vaqif Abbasov hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Neft-Kimya direktoru, TQDK nəzdində kimya fənni üzrə ekspertlər qrupunun və seminarın sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Kimya və kimya texnologiyası" bölməsinin sədri, Respublika Korroziya cəmiyyətinin vitse-prezidenti, "Kimya məktəbdə" jurnalının baş redaktoru, "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorunun müavini, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan MEA-nın müxbir üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycanın Əməkdar müəllimi" fəxri adına layiq görülüb.
O, çapdan çıxmış 300-dən artıq elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 15 dərsliyin, 11 dərs vəsaitinin müəllifidir. Həmin elmi əsərlərdən 70-dən artığı xarici ölkələrdə çap olunub. Vaqif Abbasovun müəlliflik şəhadətnamələrinin və patentlərinin biri SSRİ-də, üçü Rusiya Federasiyasında, 19-u isə Azərbaycan Respublikasında verilib.
O, kadr hazırlığı sahəsində də öz əməyini əsirgəməyib, indiyədək 22 elmlər namizədinin elmi rəhbəri, 6 elmlər doktorunun elmi məsləhətçisi olub.
Professor Vaqif Abbasovun gərgin zəhməti həm dövlətimizin, həm də xarici ölkələrin elmi dairələrinin diqqətindən kənarda qalmayıb. O, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı ilə təltif edilib. 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye Nazirliyinin Fəxri Fərmanına, 1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına medala layiq görülüb.
Bütün bunları ona görə xatırladıram ki, Vaqif Abbasovun oxucunun təsəvvüründə yaratmaq istədiyim portretinin cizgiləri tamamlansın, onun elm adamı kimi hansı zirvələr fəth etdiyi məlum olsun. Şübhəsiz ki, bu uğurları əldə edənəcən yuxusuz gecələr keçirib, saysız-hesabsız maneələri adlayıb, qəlbinin işığını gördüyü işdən və insanlardan əsirgəməyib. Bütün bunların nəticəsidir ki, indi professor Vaqif Abbasovun adı respublikamızın elmi ictimaiyyəti arasında hörmətlə çəkilir.
Onun ömür yolu mən desəm də, deməsəm də nəsillərə nümunədir, müəllim adını illərlə şərəflə daşıyıb. Bu peşə Allahla uşaqlar arasında sevgi dərsidir. Bu dərsi yaxşı bilənlər, bu dərsə aşiq olanlar başqalarının görə bilmədiklərini görür, heç zaman eşidə bilmədiklərini eşidirlər.
Mən hüquqşünasam və hüquq elminin həm nəzəri, həm də praktiki sahəsində, insanların hüquq və vəzifələrinin müdafiəsi sistemində çalışıram. Təbii ki, professor Vaqif Abbasovun məşğul olduğu elm sahəsi ilə yaxın tanışlığım yoxdur. Amma onun elmi axtarışları və əldə etdiyi uğurlar haqqında mətbuatdan xəbər tutmuşam... Bilirəm ki, Vaqif müəllim ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf edib, bu zəmində də mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaradıb.
Karbamid və aminlər əsasında yeni tip fosfat komplekslərinin sintez üsulunu yaradan Vaqif Abbasov Olefinlər əsasında korroziya inhibitorları alınmasının elmi əsaslarını işləyib hazırlayıb. O, eyni zamanda inhibitorlarının alınma texnologiyasını yaradıb, sənaye sınaqlarını keçirib və sənayedə geniş tətbiqini təşkil edib. Vaqif Abbasov turş mühitlər üçün suda həll olan inhibitor yaradıb, sənayedə tətbiqini həyata keçirib. O, gərgin axtarışlarını daha da genişləndirərək parafinçökmə və korroziya inhibitorunu yaradıb və onun istehsalını təşkil edib.
Həmişə yenilikçi alim kimi tanınan Vaqif Abbasov nefti sudan təmizləmək və duzsuzlaşdırmaq üçün deemulqator yaradıb, Azərbaycanın neft emalı komplekslərində tətbiqini gerçəkləşdirib. O, dəri sənayesi üçün dünyada analoqu olan və olmayan yeni aşı maddəsi yaradıb və həmin maddə bir çox ölkədə, o cümlədən, Türkiyədə uğurlu sənaye sınaqlarından keçib. Maddənin tətbiq olunması dəri sənayesində işlənən səkkiz maddənin istifadəsini aradan qaldırmağa imkan verib.
Eyni zamanda dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla araşdırmış professor Vaqif Abbasov müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini də tədqiq edib. Onu da qeyd edək ki, müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq onun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçirilib, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə bu ölkədə dərman preparatı kimi satışına icazə verilib.
Əlbəttə, neçə illərdir müşahidə etdiyim respublika və beynəlxalq əhəmiyyətli bu elmi uğurların qazanılması təkcə Vaqif müəllimin, onun başçılıq etdiyi kollektivin deyil, bütövlükdə Azərbaycan elminin uğurudur.
Vaqif müəllimlə hər ünsiyyət insanı zənginləşdirir, ona ruh yüksəkliyi, qəlbinə isə təpər verir. İlk baxışdan elə görünür ki, onunla ancaq elm sahəsində, kimya, xüsusilə neft kimyası mövzusunda söhbət etmək olar. Amma ilk ünsiyyətdəcə yanıldığını dərk edirsən: Vaqif müəllimə könlünü aça, mədəniyyətimizdən, tariximizdən, ədəbiyyatımızdan, bütövlükdə mənəviyyatımızdan söhbət edə bilərsən, hər sahədə də onun dərin və hərtərəfli biliyinin şahidi ola bilərsən.
Vaqif müəllimin milli və insani təəssübkeşliyi barədə saatlarla danışmaq olar. O, xalqımızın ümummilli problemlərini həmişə şəxsi uğurlarının fövqündə saymağı bacaran ziyalılarımızdandır. Yüksək tribunalarda da, məhrəm söhbətlərində də Azərbaycanın Qarabağ dərdini dilinə gətirir, haqqın öz yerini tapması, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hamının dövlətimizə və Prezidentimizə dəstək olmasının vacibliyi haqqında danışır. Onun dövlətçiliyimizə sədaqəti, xalqımızın gələcəyinə inamı hər söhbətində özünü açıq-aydın büruzə verir.
Bir faktı xatırladım. Son görüşlərimizin birində Prezidentimiz tərəfindən qeyrətli həmvətənimiz Ramil Səfərovun əfv olunması xəbərini eşitdik. Vaqif müəllim bu xəbərdən o qədər duyğulanmışdı ki, sevincinin həddi-hüdudu yox idi. Əlbəttə, o, bu faktı dövlətimizin öz vətəndaşına sahib çıxması kimi qiymətləndirirdi, üstəlik də çox təbii insani hisslərini paylaşırdı.
Onun ədəbiyyatımıza sevgisi ayrıca bir yazının mövzusudur. Vaqif müəllim gənclik çağlarından qəlbindəki kövrək duyğuları qələmə alır, dost məclisində, söz anlayan yanında şeirlərini oxumağı sevir. Onun qələmindən çıxanları oxuyanda vətəndaş qeyrəti, ziyalı təəssübkeşliyi ilə yanaşı, saf adamlara xas olan hisslərin şahidi olursan. Şeir oxuyanda Vaqif müəllim başqalaşır, az qala, başqa planetin adamına oxşayır. Heç təsadüfi deyil ki, bu məhrəm duyğular artıq kitab şəklində üzə çıxaraq oxuculara təqdim olunmuşdur.
Vaqif müəllimin insanlarla ünsiyyət mədəniyyətini xüsusilə vurğulamaq istəyirəm. Dəfələrlə məclislərində olsam da, həmişə hiss etmişəm ki, növbəti görüş üçün darıxıram. O, həmsöhbətində güclü və silinməz təəssürat yaratmağı bacarır, bu da məncə, ona Allahın bəxş etdiyi insani qabiliyyətlərdən biridir. Onun bütün məsələlərə fərdi və fərqli baxışı var. Eyni zamanda, müəyyən məsələ barədə öz qənaətlərini həmsöhbətinə hökm şəklində təlqin etməyə çalışmır, dediklərini elə əsaslandırır ki, qəbul etməyə bilmirsən. Elmi təfəkküründəki nizam və ardıcıllığı insanlara münasibətində göstərmək də onun gözəl xüsusiyyətlərindən biridir.
Artıq neçə illərin ünsiyyətindən sonra tamamilə səmimiyyətlə deyə bilərəm ki, professor Vaqif Abbasov insan kimi bütöv, dost kimi sədaqətli, ziyalı kimi təəssübkeş şəxsiyyətdir. Bilirəm ki, Vaqif müəllim nəyi söz verdisə, yerinə yetirəcək, ən çətin anlarında arxa-dayağın olacaq, heç vaxt haqqı nahaqqa verməyəcək.
Professor Vaqif Abbasovun çoxşaxəli elmi axtarışlarını, ictimai fəaliyyətini, ziyalı kimi gerçəkləşdirdiyi işləri göz önünə gətirdikcə bir daha əmin oluram ki, onun yenicə arxada qoyduğu 60 illik ömrünü uğurlu və barlı-bəhrəli saymağa haqqı var. Elm sahəsində əldə etdiyi nailiyyətlər, ictimai mühitdə qazandığı nüfuz, insanlar arasında nail olduğu hörmət yaşadığı zəngin və şərəfli ömrün mənasıdır.
Ona da əminəm ki, Vaqif Abbasov heç vaxt həyatda qazandıqları ilə kifayətlənməyəcək, özünəməxsus gənclik enerjisi, həvəs və inadla axtarışlarını davam etdirəcək, elmin yeni-yeni zirvələrini fəth edəcək, ictimai fəaliyyətini genişləndirəcək, elmimizin inkişafı və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Professor Vaqif Abbasov məndən ötrü həmişə ünsiyyətdə olmaq istədiyim, insani keyfiyyətlərindən öyrəndiyim, dostluğuna güvəndiyim, qürur duyduğum və fəxr etdiyim insandır.
Nə yaxşı ki, bu dünyada Siz varsınız, Vaqif müəllim!
{nl}
Hacı İBRAHİMOV, hüquq elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.