Texniki peşə təhsili: nailiyyətlər, problemlər

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə başlanan təhsil islahatları bu gün sürətlə həyata keçirilməkdədir. Milli təhsil sisteminin tərkib hissəsi olan texniki-peşə təhsili sahəsində başlanan islahatın da nəticələri artıq öz bəhrələrini verməkdədir. Xüsusilə bu sahədə qəbul olunan Dövlət Proqramı (2007-2012-ci illər) müstəqil Azərbaycanda peşə təhsilinin inkişafına güclü stimul verdi. 
Sovetlər dövründə Azərbaycanda peşə təhsili sürətlə inkişaf etmişdir. Xüsusən Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə texniki peşə təhsili sistemi sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev peşə təhsilinin inkişafını çox əhəmiyyətli hesab edərək, hələ o dövrdə hər hansı bir iri müəssisənin istifadəyə verilməsindən öncə, həmin müəssisə üçün ixtisaslı işçi qüvvəsi hazırlaya bilən texniki peşə məktəbinin yaradılmasına önəm verirdi. Təsadüfi deyil ki, o zaman yaranan ən böyük müəsisələr olan Bakı şəhərində "Məişət kondisionerləri", "Azon" və Şin zavodları, Gəncədə Büllur və Çini qablar zavodları, Xalça fabriki üçün peşə-ixtisas kadrları hazırlayan texniki peşə məktəbləri kompleksləri tikilib istifadəyə verilmişdi. Bundan əlavə, 1969-cu ildən başlayaraq respublikada fəaliyyət göstərən texniki peşə məktəblərində peşə təhsili ilə yanaşı, orta təhsil almaq imkanı da yaradılmışdı.
Təəssüflə qeyd edilməlidir ki, Heydər Əliyevin Moskvaya getməsi və daha sonralar baş verən məlum hadisələr texniki peşə təhsili sistemində bir çox problemlərin yaranmasına səbəb oldu. Ermənistanın Azərbaycana təcavüzü, bunun nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün yaranması, sovet imperiyasının dağılması, mövcud əlaqələrin qırılması və siyasi-iqtisadi problemlər texniki peşə təhsilinin tənəzzülünə səbəb olmuşdur. Bu müddət ərzində 70-ə yaxın peşə təhsili müəssisəsinin fəaliyyəti dayandırıldı, birləşdirildi və yaxud onların bazasında orta-ixtisas təhsili müəssisələri yaradıldı.
SSRİ dağıldıqdan sonra təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yarandı. O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətdə idi. Ulu öndərin hakimiyyətə yenidən qayıdışı başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni dövrün başlanğıcını qoydu. 1999-cu ildə ulu öndərin imzaladığı Təhsil İslahat Proqramı texniki peşə təhsili sahəsində də əsaslı dönüşün yaradılması üçün yeni imkanlar açdı. Problemlər həddən artıq çox idi. Binalar yararsız hala düşmüşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşmışdı.Yataqxanalar qaçqın və məcburi köçkün ailələri tərəfindən zəbt olunmuşdu. Buna baxmayaraq, texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyllər yaranmağa başladı.
Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Respublika Prezidenti cəmiyyətin inkişafında texniki peşə təhsilinin rolunu yüksək qiymətləndirərək demişdir: "İnkişaf etmiş ölkələrdə texniki peşə məktəbini bitirən insanlar çox böyük imkanlara malik olur, çox yaxşı maaşla təmin olunurlar. Nəzərə alsaq ki, indi Azərbaycanda sənaye sahəsində maaşlar humanitar sahədə olan maaşları üstələyir və yəqin ki, gələcəkdə bu ənənə davam edəcək, bu sahəyə çox böyük diqqət göstərməliyik". Bu zərurəti nəzərə alan ölkə başçısı cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" imzalamışdır.
Bu proqramın qəbulundan sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bununla yanaşı, digər dövlət proqramlarında da peşə təhsili ilə bağlı müddəalar var ki, onların da bu sahənin inkişafında əhəmiyyətli rolu var. Bu gün gənclər daha çox turizm, xidmət, yüngül sənaye, İKT, avtomobillərə xidmət sahəsi və s. sahələr üzrə peşələrə yiyələnməyə daha çox həvəslidirlər. Qeyd etdim ki, müstəqilliyin ilk illərində peşə təhsilinə maraq, demək olar ki, azalmışdı. Lakin ölkəmizin sürətli inkişafı, yeni iş yerlərinin açılması, zavod və fabriklərin işə salınması bu sahəyə də tədricən marağı artırdı.
Texniki peşə təhsilinin inkişafı üçün qəbul edilmiş dövlət proqramı ilə yanaşı, ölkənin inkişafına xidmət edən digər proqramların icrası da bu sahənin inkişafına təkan verdi. Təsadüfi deyil ki, 2008-ci ildən başlayaraq 20-yə yaxın peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş, 3 yeni peşə təhsili müəssisəsi (Naxçıvan Peşə liseyi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi) istifadəyə verilmişdir. Naxçıvan Peşə Liseyi, Qəbələ və İsmayıllı Peşə Tədris Mərkəzləri isə öz müasirliyinə görə nəinki respublikada, həmçinin regionda fərqlənirlər. Dövlət Proqramının qəbulu həmçinin peşə təhsili müəssisələrinin maddi-texniki bazasının da güclənməsinə şərait yaratdı. Bu gün ixtisaslı kadrların hazırlanması zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməmək mümkün deyildir. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət proqramının icrasına başlanan zaman ilk peşə-ixtisas təhsili müəssisələrində şagird kompyuter nisbəti təqribən 130:1-ə idi. Dövlət Proqramının icrası nəticəsində isə bu nisbət 32 nəfərə düşmüş, gələcək illərdə isə bu rəqəmin daha da aşağı düşməsi gözlənilir. Peşə təhsili müəssisələrinin İKT avadanlıqları ilə təchizatı xeyli yüksəlmişdir. Artıq Dövlət Proqramına uyğun olaraq peşə təhsili müəssisələri elektron informativ resurslardan geniş istifadə etməyə başlamışlar. Bunun nəticəsində 15-ə yaxın müəssisənin elektron səhifələri yaradılmışdır. "Elektron peşə təhsili portalı" istifadəyə verilmişdir.
Əvvəlki illərlə müqayisədə son vaxtlar texniki peşə təhsili müəssisələrinə marağın artması bir daha göstərir ki, artıq peşə təhsili sahəsində islahatlar doğru yolla aparılır. Bunun başlıca səbəbləri təhsil şəraitinin nisbətən yaxşılaşması, hazırda əmək bazarında ilk peşə-ixtisas təhsilli kadrlara tələbatın artması və bir sıra peşə təhsili müəssisələrinin işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması vasitəsilə məzunlara iş təklif etmək imkanının yüksəlməsi və s. məsələlərdir.
Peşə təhsilinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də diqqətəlayiqdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları", "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti", "İlk peşə-ixtisas təhsili üzrə İxtisasların Təsnifatı" sənədləri qəbul edilmişdir. İlk peşə-ixtisas təhsili sahəsində islahatların həyata keçirilməsinə dəstək məqsədilə Təhsil Problemləri İnstitutunun tərkibində "İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi" yaradılmasıdır. Mərkəzin tərkibində "Monitorinq və proqnozlaşdırma" və "İlkin peşə təhsilinin kurikulum" şöbələrinin yaradılması da bu sahənin inkişaf etdirilməsinin Təhsil Nazirliyinin daim diqqətində olduğunu göstərir.
"Azal" Səhmdar Cəmiyyətinin dəstəyi ilə 12 nömrəli Bakı peşə liseyində "Aviasiya cihazlarının təmiri üzrə mexanik" ixtisası ilə bağlı təlim- tədris mərkəzi yaradılmışdır. Sumqayıtdakı 10 nömrəli peşə liseyində əlavə tədris otaqları tikilmiş, Lənkəran peşə liseyində müxtəlif peşələrin tədrisi üçün tədris otaqları və emalatxanalar yaradılmışdır. Quba, Tovuz peşə liseyləri, Mingəçevir, Oğuz, Zaqatala peşə məktəblərində müxtəlif ixtisaslar üzrə müasir tipli tədris sinifləri inşa edilmiş, Abşeron rayonunun Ceyranbatan peşə liseyində "Avtomobil kranı maşinisti" ixtisası üzrə tədris bazası yenidən qurulmuşdur.
Heydər Əliyev Fondunun da texniki peşə təhsilinin inkişafında xüsusi xidmətləri var. Belə ki, peşə təhsili müəssisələrinin təmiri, yeni avadanlıqların alınması sahəsində Heydər Əliyev Fondunun böyük xidmətləri olmuşdur. Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında "Azərbaycanın peşə texniki təhsilinin təkmilləşməsi" layihəsi nin həyata keçirilməsi ilə bağlı 2007-ci il iyunun 18-də saziş imzalanmışdır. Ümumi dəyəri 489.290 ABŞ dolları olan bu layihənin məqsədi mehmanxana xidməti və İKT ixtisasları üzrə müasir tələblərə cavab verən yeni kurikulum və dərs vəsaitlərinin, texniki peşə təhsili üzrə kadrların ixtisas artırmaları üçün təlim resurs mərkəzinin yaradılması idi. Bu layihənin reallaşması üçün Yaponiya hökuməti də 203.400 ABŞ dolları həcmində qrant ayırmışdır. Bundan əlavə, cari ilin sentyabr ayının 14-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kino-telemontajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.
Mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, Dövlət Proqramı çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin nəinki respulikada, həmçinin ölkə xaricində də təlimlərə cəlb edilməsi mümkün olmuşdur. Buna misal olaraq, Türkiyə Milli Təhsil Nazirliyi ilə qurulmuş əlaqələr, bundan əlavə, Cənubi Koreya, Sinqapur, Yaponiya, Almaniya, Avstriya, Belarus və s. kimi ölkələrdə təşkil edilən təlimlərdə azərbaycanlı mütəxəssislərin iştirak etməsini misal göstərmək olar.
İlk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlərdən biri də Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin çatışmazlığıdır. Belə ki, həm sovetlər dönəmində, həmçinin müstəqilliyimizin ilk illərində ana dilində ədəbiyyatla təchizatda müəyyən problemlər mövcud idi. Kitabxanalardakı mövcud vəsaitlərin əksəriyyətini rus dilindəki və ya tərcümə olunmuş ədəbiyyat təşkil edirdi. Bununla əlaqədar olaraq, Dövlət Proqramının icrası zamanı bu problemin də həll edilməsi istiqamətində qəti addımlar atıldı. Qısa müddət ərzində 40-a yaxın peşə üzrə yeni dərslik və dərs vəsaitləri hazırlanmışdır. Dərslik və dərs vəsaitlərinin hazırlanmasına yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb edilmişdir.Təhsil Nazirliyinin sifarişindən əlavə, YUNESKO, Dünyaya Baxış, Uşaqların Xilası təşkilatları ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində də müxtəlif adda dərslik və dərs vəsaitləri hazırlanmışdır. Dövlət Proqramı çərçivəsində yaradılmış elektron peşə təhsili portalında (www.avel.edu.az) elektron dərsliklər də yerləşdirilmişdir.
Təhsil Nazirliyi bir neçə şirkətlə birgə peşə təhsili ilə bağlı layihələr reallaşdırır. Belə ki, Azercell MMC, Azərsun Holdinq, Kür.Titan Group, ARDNŞ, Gilan turizm.Gilan İnşaat, və digər şirkətlərlə tyexniki peşə təhsili müəssisələri arasında sıx əlaqələr yaradılmışdır. Azərsun Holdinq şirkəti ilə "Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi çərçivəsində Niyyət Protokolu imzalanmışdır. "Biznes və təhsil müəssisələri ilə əməkdaşlıq "layihəsi çərçivəsində isə" peşə məktəblərinin inkişafı layihəsi həyata keçirilməkdədir. 7 nömrəli peşə liseyinin bazasında KÜR şirkətinin dəstəyi ilə informasiya-kommunikasiya texnologiyası üzrə yeni laboratoriya, 12 nömrəli Bakı peşə liseyinin bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə rabitə sahəsi üzrə ixtisaslaşdırılmış emalatxana və s. yaradılmışdır. Belə layihələr çoxdur və Təhsil Nazirliyi digər şirkətlərlə də bu sahədə əməkdaşlıq etməyə hazırdır.
"Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yaradıcı Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər də diqqətəlayiqdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşəbbüsü "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır. Layihənin əsas məramı 2 nömrəli Bakı peşə liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq, məcburi köçkün ailələrindən olan gənclərin peşə təliminə cəlb edilməsi vasitəsilə onların sosial-müdafiəsinin gücləndirilməsinə yardım etməkdir. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 99990 ABŞ dollarıdır. Təhsil Nazirliyi isə 50 min manat məbləğində vəsait ayırmışdır. Layihənin həyata keçirilməsi nəticəsində hazırda peşə təhsili müəssisəsində oxuyan şagirdlərin müvafiq peşələrə yiyələnmələri üçün daha səmərəli mühit formalaşacaq, peşə liseyinin ərazisində, həmçinin yaxın ərazilərdə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələrin övladlarının da qısamüddətli kurslar vasitəsilə müvafiq peşə sahibi olmasına şərait yaradılacaqdır.
KNAUF şirkətlər qrupu ilə əməkdaşlıq davam etmişdir. Hazırda MDB ölkələrinin 60-dan çox ilk peşə-ixtisas təhsili müəssisəsi, kollec və texnikumu ilə müxtəlif istiqamətlərdə iş aparılır. Həmin işlərin sırasına qısa və ortamüddətli proqramların birgə hazırlanması, tədris-metodik vəsaitlərin hazırlanması, təlim prosesi üçün zəruri olan informasiya və sənədləşmə ilə təminat, KNAUF Təlim Mərkəzlərində dərs deyən müəllimlərin hazırlanması, tədris prosesinin maddi-texniki materiallarla təmin edilməsi, şagirdlərin və öyrədənlərin respublika və beynəlxalq müsabiqələrinin hazırlığı və keçirilməsi və s. daxildir.
Bu gün peşə təhsili sahəsində bəzi problemlər hələ də qalmaqdadır. 60 texniki peşə məktəbinin əsaslı təmirə ehtiyacı var. Bir çox müəssisələrin, idman zallarının, yataqxanaların da əsaslı təmiri vacib məsələ kimi qarşıda durur. Bəzi ixtisaslar üzrə kadr hazırlığı üçün müvafiq texnika və avadanlıqlara ehtiyac var.
Daha bir problem ilk peşə-ixtisas təhsili müəssisələrində mövcud olan yataqxanalarla əlaqədardır. Belə ki, hazırda 48 ilk peşə-ixtisas təhsili müəssisəsində yataqxana mövcud olmasına baxmayaraq, bir neçəsini çıxmaq şərtilə digərlərinin hamısında 1300-ə yaxın məcburi köçkün ailəsi məskunlaşmışdır.
İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların asudə vaxtının, həmçinin idmanla səmərəli məşğul olmaları istiqamətində də müəyyən problemlər mövcuddur. Belə ki, hazırda respublikamızda idmanın, bədən tərbiyəsinin inkişafına böyük diqqət göstərildiyi bir dövrdə hələ də 20-yə yaxın peşə təhsili müəssisəsində ümumiyyətlə nə idman zalı, nə də idman meydançası mövcud deyil. Söz yox ki, bu problemlər tədricən öz həllini tapacaq. Dövlətin peşə təhsilinə qayğı və diqqəti bunu deməyə əsas verir. Bu günlər yeni layihələrin reallaşması yolları müəyyənləşdirilir.
Artıq peşə təhsilinin inkişafı üçün strateji istiqamətləri müəyyənlədirmişik. Yaxşı bilirik ki, cənab Prezident İlham Əliyevin təhsilin bu sahəsinə göstərdiyi qayğı texniki peşə təhsilinin daha da təkmilləşməsinə, yeni-yeni peşə təhsili müəssisələrinin yaranmasına imkan yaradacaq. Bunun üçün ölkəmizdə güclü siyasi-iqtisadi potensial mövcuddur.

{nl}

Namiq MƏMMƏDOV, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında