Noyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov görkəmli alim Vasim Məmmədəliyevin mənalı və şərəfli ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışmışlar.
Qeyd edilmişdir ki, V. Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmiş, Tbilisi Dövlət Universitetinin aspiranturasında oxumuşdur. V. Məmmədəliyev Tbilisidə "Müasir ərəb-Azərbaycan ədəbi dilində və İraq dialektində felin zaman formalarının müqayisəli tipoloji təhlili" mövzusunda namizədlik, 1974-cü ildə "Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru olmuşdur.
V.Məmmədəliyevin elmi araşdırmaları ərəb dilçiliyi və ümumi dilçilik sahələrini, islamşünaslıq və digər sahələri əhatə etmişdir.
V.Məmmədəliyev İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı) Müsəlman Hüququ Akademiyasının üzvüdür.
V.Məmmədəliyevin 30-dan çox kitabı nəşr olunmuşdur. Alimin "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Ərəb dilçiliyi", "Quran və elm" və digər əsərləri böyük maraqla qarşılanmışdır. Görkəmli alim müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda məruzələr etmişdir.
Alim 1992-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. V.Məmmədəliyev müqəddəs kitabımız Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir.
Səmərəli xidmətlərinə görə "Şöhrət" ordeni və digər orden, medallarla təltif edilmiş, Prezident təqaüdünə layiq görülmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə akademik Vasim Məmmədəliyevin böyük bir alim, elm xadimi, gözəl, nəcib bir insan olduğunu diqqətə çatdırmışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin alimlərə və təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatmışdır. Akademik V.Məmmədəliyevin elm və təhsil sahəsində göstərdiyi böyük xidmətlərdən bəhs edən nazir ona yeni nailiyyətlər arzulamışdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva akademik Vasim Məmmədəliyevin elmə, təhsilə verdiyi əvəzsiz töhfələrdən, elmi araşdırmalarının, əsərlərinin əhəmiyyətindən danışmışdır.
Professor N.Paşayeva demişdir: "Hər hansı humanitar elmlə məşğul olan insan öz çiyninə böyük bir yük qoymuş olur: o, insanlara, cəmiyyətə, dünyaya daima yüksək ideallardan, mənəviyyatdan söz açmış olur. Çünki humanitar elmlərin əsas məqsədi bu gözəlliyi, bu ali hissləri, ali duyğuları, ali idealları insanlara və cəmiyyətə çatdırmaqdır. Humanitar elmləri təmsil edən insanların özlərinin buna mənəvi haqqı olmalıdır. Məhz ona görə də Məhəmməd Peyğəmbər alimləri peyğəmbərlərin davamçıları sırasına qatmışdır və demişdir: "Alimin mürəkkəbi şəhidin qanına bərabərdir".
Beləliklə, Vasim müəllim, siz həmin nadir insanlardan birisiniz. Siz bu mənəvi haqqı özünüzdə daşıya bilən insanlardan birisiniz. Siz sözü ilə əməli bir olan insanlardansınız. Qurani-Kərimi şərh etmək missiyası sizin çiyninizə düşmüşdür. Biz xoşbəxtik ki, Qurani-Kərimi şərh edən insan özü saf insandır. Özü nəcib insan, əsl insandır. Siz ərəb dilinin böyük tədqiqatçılarındansınız. Ərəb dili isə Məhəmmədin dili, Quranın dili, həm də böyük Şərq elinin dilidir."
Professor N.Paşayeva akademik V.Məmmədəliyevə xoş arzularını da bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Vaqif Abbasov və digər çıxış edənlər də akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsində böyük xidmətlərindən bəhs etmiş, ona uğurlar arzulamışlar.
Akademik Vasim Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevə alimlərə, təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, tədbirin iştirakçılarına təşəkkür etmişdir.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.