Ziyalı ömrü...

Deyirlər ki, hər bir insan bu həyatda öz taleyini yaşayır. Zaman isə hər bir şəxsə öz qiymətini verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insanlardır ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə xoş təəssürat yaradır, insanların sevgisini qazanır, sədaqətli dostluğu və öz sahəsində peşəkarlığı ilə seçilir. Tanınmış jurnalist, qələm dostumuz Afət Sadıqoğlu da məhz belə bir insandır. 
Afət müəllimi uzun illərdir ki, tanıyıram. Tanıyıram dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam. Hələ orta məktəbdə təhsil aldığım illərdə Naxçıvan Muxtar Respublikasında işıq üzü görən "Şərq qapısı" qəzetində axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.
Kövrək qəlbi, səmimi dostluğu, gülər üzü ilə də digərlərindən seçilən Afət müəllim 1947-ci il noyabrın 12-də Naxçıvan şəhərində dünyaya göz açmışdır. Hələ orta məktəbdə oxuyarkən ilk məqalələri "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdu. O vaxtdan jurnalistikaya böyük maraq göstərən Afət Məmmədov hərbi xidmətdən qayıdandan sonra, 1968-69-cu illərdə "Şərq qapısı" qəzetində korrektor işləmişdir. Qəzetin baş redaktoru, görkəmli ictimai xadim Rəşid Qazıbəyov istedadlı gənc Afətin fəaliyyətini yüksək qiymətləndirmiş, müxtəlif mövzularda məqalələrlə qəzetdə çıxış etməyə həvəsləndirmişdir. Bu sahənin sirlərinə dərindən yiyələnmək və peşəkar jurnalist kimi fəaliyyət göstətmək üçün ali təhsil almağı qarşısına məqsəd qoyan gənc Afət müqəddəs amala çatmaq məqsədilə 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə tələbə yoldaşları üçün nümunə olmuş, ictimai işlərdə fərqlənmiş, həm də universitetin qəzeti ilə yanaşı, "Kommunist", "Azərbaycan gəncləri", "Bakı" axşam qəzeti, "Sovet kəndi", "Azərbaycan müəllimi", "Şərq qapısı" və digər qəzetlərdə maraqlı mövzuda məqalələri dərc olunmuşdur. Beş ildən sonra Afət müəllim yenidən doğma Naxçıvana qayıdaraq bu dəfə peşəkar jurnalist kimi "Şərq qapısı" qəzetində fəaliyyətə başlamışdı. O, burada görkəmli yazıçı və jurnalistlərlə çalışaraq püxtələşir, qələmini bütün janrlarda sınamağa çalışır və uğur qazanırdı. Peşəkar jurnalistlər Rəşid Qazıbəyov, Əli Mirzəyev, Hüseyn Razi, Əhməd Mahmud, Sənubər Kərimova,Vahid Bağırov, Elxan Əliyev, Akif Axundov, Möhsün Möhsünov və başqaları artıq qəzetin iqtisadiyyat şöbəsinin müdiri olan Afət müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirir, onu digərlərinə nümunə göstərirdilər. Həqiqətən də, nümunəvi jurnalist, nümunəvi insan olmaq onun həyatının bir parçasına çevrilmişdir. O, artıq hər yerdə özünü doğrultmuşdu. Ordu sıralarında, komsomol, partiya işində nümunəvi xidmətlərinə görə çoxsaylı fəxri fərmanlar almışdır. Jurnalist kimi yüksək fəaliyyəti də diqqətlərdən yayınmamış, 1981-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, 1991-ci ildə isə Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, çoxsaylı təşəkkürnamələr almışdır.
Həmin dövrlərdən başlayaraq Afət müəllimin imzasına təkcə yerli mətbuat orqanlarında deyil, respublika və bəzi xarici ölkələrin mətbuatında da rast gəlmək olardı. O, Türkiyədə, İranda, Almaniyada, Rusiyada həyatın müxtəlif sahələrindən bəhs edən məqalələrlə çıxış edir, Azərbaycan həqiqətlərini həmin ölkələrin ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəmir. Afət müəllimin həm ölkə daxilində, həm də xaricdə dərc olunan məqalələrində doğma Azərbaycanımızın xoş və gözəl çağları ilə yanaşı, ağrılı-əzablı qanlı yanvar hadisələri, müstəqillik uğrunda şərəfli mübarizə tarixi, həmçinin dövlətçiliyimizin bu günü və şanlı gələcəyi öz əksini tapmışdır.
Bədii yaradıcılıq sahəsində də böyük uğurlar qazanan Afət müəllim on kitabın müəllifidir. Uzun illərin müşahidələri, elmi-publisistik, tarixi axtarışları, böyük sirləri özündə gizlədən Gəmiqayadan, Nuh əfsanəsindən bəhs edən "Ulu məskən", "Naxçıvan qədim diyardır" povest və hekayələri "Dəniz kimi məğrur insan", "Mənim çiçəkli dünyam" kitablarında yer almış, oxucuların rəğbətini qazanmışdır. Beynəlxalq siyasət və ölkəmizin tarixi əlaqələri barədə də geniş araşdırma aparan Afət müəllim dəyərli əsərlər ərsəyə gətirmişdir. "Azərbaycan-Norveç əlaqələri", "Tur Heyerdal Azərbaycanda", "Beynəlxalq Mühəndislik Akademiyasının Azərbaycan bölməsi", "Azərbaycan-Hindistan əlaqələri" (Azərbaycan və ingilis dillərində), "Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri" və digər kitablarını bu qəbildən hesab etmək olar. Bu əsərlərdə geostrateji məsələlər və ölkəmizin milli maraqlarının qorunması istiqamətində həyata keçirilən siyasət, tarixi əlaqələrin bugünkü münasibətlər sisteminə təsiri, enerji amili, qlobal və regional təhlükəsizlik məsələləri ətraflı təhlil olunmuş, maraqlı faktlar ortaya qoyulmuşdur. Bütün bunlar Afət müəllimin zəngin fəaliyyətinin və qazandığı böyük təcrübənin nəticəsində ərsəyə gəlmiş, ondan rişələnmişdir. Afət müəllim 1990-cı ildən başlayaraq "İki sahil" qəzetində bir-birindən maraqlı yazılarla çıxış etmişdir. 1999-2004-cü illərdə "Respublika" qəzetində şöbə müdiri, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (Azər TAc) müxbiri, 2008-ci ildə yenə "Respublika" qəzetində şöbə müdiri, baş redaktorun müavini işlədiyi müddət ərzində kollektivin sevgisini qazanmış, xoş xasiyyəti, işgüzarlığı ilə hər kəsin rəğbətini qazanmışdır. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Bu gün "Xalq qəzeti"nin baş redaktorunun müavini vəzifəsində uğurlu peşəkar jurnalist fəaliyyətini davam etdirən Afət müəllim qısa zaman ərzində qəzetin kollektivinin hörmətini qazanmışdır.
Əzmkarlığı ilə seçilən Afət müəllim xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfransların da iştirakşısı olmuşdur. Şimali Kiprdə və Hindistanda keçirilən tədbirlərdə onun çıxışları böyük maraqla qarşılanmışdır.
Ömrünün aqillik dövrünü yaşayan Afət müəllimin 65 yaşı tamam olur. Ziyalı ömrünü yaşayan, hər gününü axtarışlara, yaradıcılığa həsr edən Afət müəllimi bu münasibətlə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında