Vasim Məmmədəliyev-70 . Alim ömrünün işığı dünyanı dolaşan şöhrətə çevrilir

Bu günlərdə bir məktub oxudum. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun alim dostum Vasim Məmmədəliyevə ünvanladığı açıq məktub idi. Çox xoşuma gəldi. Dogrusu, mən çoxdandır ki, açıq məktublarda şablon cümlələrdən və adi təriflərdən uzaq belə səmimi sözlər oxumamışdım. Akademik Vasim Məmmədəliyevə ünvanlanan 10 açıq söz çox maraqlı idi.
Nizami o sözlərin yeddincisini dedi, amma səkkizincisini alimin 80 yaşında, doqquzuncusunu 90 yaşında, onuncusunu isə 100 yaşında deyəcəyini vəd edir. İnşallah. Nizaminin dediyi səmimi sözlərin cazibəsindən hələ də cıxa bilmirəm. "Açıq məktub"un hər sözünü oxuduqca, sanki, elə Nizaminin özünü dinləyirdim. Nizami elə danışdığı kimi də yazır, yazdığı kimi də danışır: özünəxas üslub, rəvan ifadələr, səlis cümlələr... Elə mənim sətirlərim də bir növ məktub xarakterlidir.
Əziz Vasim! İkimiz də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 1964-cü il məzunuyuq. Eyni fakültənin iki şöbəsi. Şöbələrin biri ərəb dilini, o birisi fars dilini öyrədirdi. Güclü müəllimlərimiz vardı: Ələsgər Məmmədov - Əli Azəri; Əhməd Yusifi - Mübariz Əlizadə; İsmayıl Şəms - Əhməd Şəfai; Təhmurəs Cahani - Həsən Mahmudov və başqaları. Bizə müxtəlif fənlərdən dərs deyən görkəmli müəllimlər az deyildi: Mir Cəlal Paşayev, Gülhüseyn Hüseynoğlu, Rüstəm Əliyev, İzzət Rüstəmov, Yusif Seyidov, Yusif Yusifov, Nəyyerzaman Hatəmi, Təhminə Rüstəmova, Rəhim Sultanov, Ağadadaş Dadaşov, Anya Rzayeva, Qulam Darabadi və başqaları. Neçə illər arxada qaldı, adlarını çəkdiyim ustadlardan sən müxtəlif elmləri öyrəndin və... akademik oldun (halbuki onların heç birinə bu ali elmi titul qismət olmamışdı). Sən həyatdan köçmüş ustadlarımızı həmişə hörmətlə yad edir, sağ qalanlara isə uzun və sağlam ömür diləyirsən. Demək, sən və 70 yaş.
Əziz həmkar! Ey respublikamızın ən ali mükafatları olan "Şöhrət" və "Şərəf" ordenləri kavaleri! Mən tələbəlikdən indiyəcən sənin keçdiyin elmi yola qısa bir nəzər salmaq istəyirəm: - Mən hələ tələbə ikən mütərcim kimi Əfqanıstana işləməyə getdim, sən isə Tbilisi Dövlət Universitetinin aspiranturasında oxudun: - Sən cəmi dörd ildən sonra həmin unuversitetdə "Müasir ərəb-Azərbaycan ədəbi dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdin, Bakı Dövlət Universitetində müəllim oldun. 1968-ci ildən indiyədək həmin ali məktəbin ən nüfuzlu müəllimlərindən birisən. 1974-cü ildə müdafiə etdiyin doktorluq elmi işinin taleyi də Tbilisi şəhəri ilə bağlı oldu. Yenə həmin Tbilisi Dövlət Universitetində "Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" adlı doktorluq dissertasiyasını müdafiə etdin. Cəmi dörd ildən sonra isə sənə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor adı verildi. Elmi yaradıcılığın və dünyanın müxtəlif yerlərindəki həmkarlarınla əməkdaşlığın elə şəkildə genişləndi ki, biz səninlə fəxr etdik, dövlət isə sənə "Əməkdar elm xadimi" fəxri adı verdi. Bir sıra nüfuzlu beynəlxalq konfrans və sessiyalarda (Rusiya Federasiyası, Polşa, İraq, Misir, ABŞ, İndoneziya, Dubay, Küveyt, Gürcüstan, Dağıstan və s.) elmi çıxışlar etdin. 1978-2009-cu illəri əhatə edən həmin çıxışlar təkcə sənə deyil, həm də Azərbaycan elminə növbəti bir nüfuz qazandırmış oldu.
Mən bir dost kimi fəxr edirəm ki, sən 1989-cu ildə İraq Elmlər Akademiyasının üzvü seçildin. 1991-ci ildən etibarən Azərbaycan Dövlət Televiziyasında, əsl haqq adamı olaraq, "Haqqın dərgahı" kimi sanballı və savablı bir məclisdə aparıcı oldun. 1995-ci ildə İslam Konfransı Təşkilatı nəzdində İslam Hüququ Akademiyasının üzvlüyünə qəbul edildin, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının üzvü oldun. 10 il BDU Şərqşünaslıq fakültəsinin dekanı, "Elmi əsərlər"in Şərqşünaslıq seriyasının redaktoru kimi vəzifələrdə elə bir məsuliyyət nümayiş etdirdin ki, onu ancaq Vasim Məmmədəliyev göstərə bilərdi. Sən bir alim və təhsil təşkilatçısı kimi 14 il yorulmaq bilmədən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Şərqşünaslıq üzrə Elmi-metodik Şurasının sədri vəzifəsində çalışdın. Ali təhsil aldığın Bakı Dövlət Universitetində iki il prorektor oldun. Bu gün artıq 20 ildir ki, həmin ali məktəbdəki ərəb filologiyası kafedrasının əvəzsiz müdirisən. Tanrı sənə təkcə alimlik və müəllimlik kimi ali keyfiyyətləri deyil, həm də bunlardan az məsuliyyət tələb etməyən jurnalistlik məharəti də verib. 1994-1995-ci illərdə "Şəhriyar" qəzetinin redaktoru kimi fəaliyyət göstərməyin heç kəsin yadından çıxmayıb.
Artıq 15 ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədrisən. Elə AMEA-nın müxbir üzvü seçilməyindən də on il keçir.
Biz dostların həmişə fəxrlə yada salırıq ki, bir zamanlar universitet auditoriyalarında tanış olub dostlaşdığımız Vasim indi Dağıstan Respublikasının "Əməkdar elm xadimi" adına layiq görülmüş azsaylı ziyalılarımızdan biridir. Sənin son səkkiz ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyətin də biz dostlarının iftixar mənbələrindən biridir. Sən, həqiqətən, elə yüksək səviyyəli elmi, dini, ictimai fəaliyyət göstərdin ki, hələ 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçildin. Bizim gənclik dostumuz Vasim 2003-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət"ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin fərmanına əsasən "Şərəf" ordeni ilə təltif ediləndə sevincimiz elə dost sevinci qədər idi. Vasimin bu ildən Prezident təqaüdünə layiq görülməsi isə dostların həmin sevincini birə-beş qat artırıb.
Dostum Vasim! Bu "Açıq məktub"da sənin haqqında mənə məlum olan hər şeyi açıqlamadım. Vaxt gələr, illər ötər, sənə və mənə Allahın bəxş edəcəyi növbəti 10 illikdə sənin haqqında bildiklərimin hamısını deyərəm, inşallah. İndisə sənə uzun ömür və can sağlığı arzulayıram. Bu bir həqiqətdir ki, xalq üçün yaşayan, millətin inkişafı üçün çalışan, elmin , təhsilin , maarifin inkişafına xidmət edən insanları ulu Tanrı da çox sevir, onun yaratdığı insanlar da. Həmişə çox seviləsən, 70 yaşın mübarək!

{nl}

Şahin FAZİL, tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında