Şriftin ölçüsü:
06.11.2012 12:59 | Oxunma sayı: 1077
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində həyata keçirilən islahatlar onun keyfiyyətcə yüksəlməsinə səbəb olmuş, son 17 ildə müasir avadanlıqlarla təchiz olunmuş 200-dən artıq məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.
Noyabrın 5-də yeni tikilən məktəblərin sırasına daha biri əlavə olunmuş, Şərur rayon Aralıq kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Məktəb təhsil verməklə yanaşı, eyni zamanda, gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır" fikrini xatırladaraq demişdir: "Bu gün istifadəyə verilən 414 şagird yerlik məktəbdə 40 müəllim 218 şagirdi gələcəyə hazırlayacaqdır. Məktəbdə təhsilli, yüksək intellektə malik gənclərin yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Bu gün 3-ü elektron lövhəli olmaqla, 23 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinet, idman zalı, 10 mindən artıq ədəbiyyat fondu olan kitabxana, 38 kompüterin quraşdırıldığı 2 kompyuter sinfi müəllim və şagirdlərin istifadəsinə verilir. Yaradılan şərait, göstərilən qayğı pedaqoji kollektivin üzərinə yeni vəzifələr qoyur. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmalıdır".
Ali Məclisin sədri Aralıq kənd tam orta məktəbinin ötən illərdəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir ki, bu təhsil ocağı 2010-cu ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmış, məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 1-i isə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Zəngin təhsil ənənələrinə malik olan Aralıq məktəbi ötən tədris ilində də qənaətbəxş nəticə göstərmiş, məktəbin məzunlarından 6-sı ali məktəblərə, 3-ü kolleclərə qəbul olunmuş, 1 nəfər isə ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplamışdır.
Qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirən Ali Məclisin sədri demişdir ki, mənim üçün də doğma olan Aralıq kəndi muxtar respublikanın abad kəndlərindən biridir. Aralıq kəndində, eləcə də digər yaşayış məntəqələrində tikilənlər, qurulanlar, ilk növbədə, bu kəndlərdə yaşayan əhalinin rahatlığına xidmət edir. Tikilən yeni binalar, çəkilən yollar, qurulan müasir infrastruktur həm də firavan həyat tərzinin, eləcə də yaxşı iş şəraitinin əsasını təşkil edir, çəkilən zəhmətin səmərəliliyinə səbəb olur.
Məktəbin müəllimi Afaq Əzizova çıxış edərək demişdir ki, Aralıq kənd tam orta məktəbi Şərur rayonunun zəngin ənənələrə malik olan təhsil müəssisələrindən biridir. Əmək qəhrəmanları, qabaqcıl ziyalılar və ictimai xadimlər yetişdirən məktəb bu gün də Şərur rayonunun ictimai-mədəni həyatında özünəməxsus yer tutur. Afaq Əzizova qeyd etmişdir ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan Şərur rayonuna da xeyli pay düşmüş, son 9 ildə 30-dan artıq yeni məktəb binası istifadəyə verilmişdir. Aralıq kənd tam orta məktəbində də tədrisin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılmışdır.
Sonra Ali Məclisin sədri Şərur rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmişdir.
Binanın açılışını bildirən lenti kəsən Ali Məclisin sədri siniflərdə dərs prosesi ilə maraqlanmış, ilk dəfə məktəbə qədəm qoyan birincilərin təhsil aldığı siniflərə baxmış, uşaqları yeni dərs ili münasibətilə təbrik etmişdir.
Ali Məclisin sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür.
Kənd sakinləri, ziyalılar Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində, eləcə də Şərur rayonunda həyata keçirilən işləri ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurlu davamı kimi dəyərləndirmiş, Aralıq kəndinin kompleks şəkildə abadlaşdırılmasını kəndlərin inkişafına göstərilən qayğının real təzahürü olduğunu qeyd etmişlər.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.