Budaq Əbdüləli oğlu Budaqov

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, professor Budaq Əbdüləli oğlu Budaqov 2012-ci il noyabrın 1-də ömrünün 85-ci ilində vəfat etmişdir. 
Budaq Budaqov 1928-ci il fevral ayının 23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə Yerevanda Azərbaycan pedaqoji məktəbində təhsilini davam etdirmiş, 1947-1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil almışdır. O, 1951-1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov burada 1958-1967-ci illərdə böyük elmi işçi, 1967-1986-cı illərdə şöbə müdiri işləmiş, 1974-1983-cü və 1986-1989-cu illərdə isə institutun elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Budaq Budaqov 1955-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1969-cu ildə professor elmi adını almışdır. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Budaq Budaqov respublikamızda coğrafiya elminin inkişafına qiymətli töhfələr vermişdir. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil etmişdir. Budaq Budaqovun əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılmış, landşaftın geokimyasına dair problemlər tədqiq olunmuşdur. Ölkəmizin ərazisinin irimiqyaslı landşaft xəritələrinin və atlasların tərtibində onun mühüm xidmətləri vardır.
Budaq Budaqovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 600-ə yaxın elmi əsərdə, o cümlədən 25 monoqrafiyada öz əksini tapmışdır.
Alimin yaradıcılığında, həmçinin elmi-kütləvi və publisistik məqalələr də geniş yer tutur. O, mətbuatdakı müntəzəm çıxışları ilə ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəltmiş, yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ etmişdir.
Budaq Budaqov elmi yaradıcılığı pedaqoji sahədəki fəaliyyəti ilə uğurlu şəkildə əlaqələndirmişdir. O, respublikamızda coğrafiyaşünaslar məktəbinin formalaşdırılması üçün bilik və bacarığını əsirgəməmiş, coğrafiya dərsliklərinin hazırlanması və yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf etmişdir.
Beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən Budaq Budaqov, həmçinin bacarıqlı elm təşkilatçısı kimi yaxşı tanınırdı. Respublikamızın elmi-mədəni həyatının fəal iştirakçısı olan alim Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi də geniş ictimaiyyət arasında yüksək nüfuza malik idi.
Coğrafiyaşünas alim Budaq Budaqovun altmış ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müxtəlif mükafatlara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali təltifi "Şöhrət" ordeninə layiq görülmüşdür.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq və səmimi insan Budaq Budaqovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

İlham ƏLİYEV, Artur RASİ-ZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ, Misir MƏRDANOV, Mahmud KƏRİMOV, Akif ƏLİZADƏ, Xoşbəxt YUSİFZADƏ, Arif İSMAYILZADƏ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında