Neft Akademiyasının mahnı və rəqs ansamblı Cənubi Koreyadan uğurla qayıdıb

Azərbaycan Dövlət Neft Akademiyasının "Gənclik" mahnı və rəqs ansamblı Cənubi Koreya Respublikasında təşkil olunmuş "Dünya Xalqlarının IV Milli Rəqs Olimpiadası"nda uğurla iştirak edərək Vətənə qayıdıb. Ansambl yüksək peşəkarlıq nümayiş etdirərək festivalın 10 qalibi sırasında özünə yer tuta bilib və gələn il ABŞ-da keçiriləcək növbəti olimpiadada iştirak hüququ qazanıb. 
Ansamblın qələbəsi münasibətilə bu günlərdə Neft Akademiyasında tədbir keçirilib və burada "Gənclik"in "Dünya Xalqlarının IV Milli Rəqs Olimpiadası"nda iştirakının əks olunduğu filmə baxış keçirilib.
Tədbirdə çıxış edən ADNA rektoru, akademik Siyavuş Qarayev mahnı və rəqs ansamblının gənc istedadlarını layiqli qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Rektor deyib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə təkan vermişdir. Mədəni irsimizin qorunub-saxlanmasında, inkişaf etdirilməsində, geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq, ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, onların incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə hər il ənənəvi bədii yaradıcılıq festivalı keçirir".
Akademikin sözlərinə görə, "Gənclik" mahnı və rəqs ansamblı son illər bu festivallarda I yer tutmuş, ötən il isə Rusiyada təşkil olunmuş 8-ci Beynəlxalq Folklor Festivalına dəvət alaraq, 14 ölkənin qatıldığı tədbirdə uğurlu nəticə ilə iştirak etmişdir. Musiqi kollektivinin Cənubi Koreya səfəri də uğurlu olmuş, rektorun dediyi kimi, ümidləri doğrultmuşdur. Ansambl "Dünya Xalqlarının IV Milli Rəqs Olimpiadası"nda həm Neft Akademiyasını, həm də Azərbaycanı layiqincə təmsil etmiş, daha bir uğura imza atmışdır.
Sonra Cənubi Koreyaya gedən ADNA nümayəndə heyətinin rəhbəri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov, kimya-texnologiya fakültəsinin II kurs magistrantı Aysu Cəbiyeva, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin IV kurs tələbəsi Cavid Məmmədov, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin III kurs tələbəsi Mətanət Kərəmova çıxış edərək təəssüratlarını bölüşmüşlər.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında