AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda qrant layihələrinin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılmışdır

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantları vasitəsilə maliyyələşdirilən və həmin institutda həyata keçirilən layihələrin yerinə yetirilməsinin gedişi ilə bağlı hesabat və monitorinq xarakterli seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, seminarda layihə rəhbərlərinin hesabat məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
EİF-in icraçı direktoru Elçin Babayev çıxış edərək bildirmişdir ki, rəhbərlik etdiyi qurumda xüsusilə əhəmiyyətli qrant layihələri üzrə aralıq hesabatların dinlənilməsi və bu məqsədlə seminarların, müşavirələrin təşkili ilə bağlı təqdirəlayiq bir ənənə formalaşmışdır. Burada əsas məqsəd şəffaflığın təmin edilməsinə nail olmaqdır. Layihə üzrə əldə olunan nəticələr elmi ictimaiyyət, bu sahədə çalışan alim və mütəxəssislər qarşısında məruzə edilərkən onun müzakirəsinə imkan yaranır. Bu, layihənin həyata keçirilməsi prosesinə müsbət dəyişikliklər etməyə imkan verir, eyni zamanda, elmi ictimaiyyət layihənin mahiyyəti ilə daha yaxından tanış ola bilir.
İTİ-də həyata keçirilən axtarış-innovasiya xarakterli "Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi" mövzusunda layihənin əhəmiyyətindən danışan E.Babayev bildirmişdir ki, ilkin nəticələr onun uğurla yerinə yetirilməsindən xəbər verir. Hesab edirik ki, bu layihə üzrə əldə olunmuş nəticələr ölkədən kənarda nüfuzlu elmi tədbirlərdə diqqətə çatdırılmalıdır. Qrant layihələri vasitəsilə bu mövzu ətrafında regional və beynəlxalq konfrans keçirmək mümkündür. Məqsədimiz Azərbaycanda elmin inkişafına təkan verə biləcək hər bir addımı bu cür layihələr vasitəsilə dəstəkləməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bu elmi müəssisənin AMEA-nın Geologiya İnstitutu ilə birgə yerinə yetirdiyi "Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi" mövzusunda qrant layihəsi üzrə doqquz aylıq hesabat məruzəsi ilə layihənin rəhbəri, İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış etmişdir.
Məruzədə institutun imkanları, burada aparılan elmmetrik tədqiqatlar, qrant layihəsinin məqsədi və fəaliyyət planı, layihə üzrə cari müddətdə görülmüş işlər, dünya təcrübəsinin öyrənilməsi, təhlillərin aparılması və digər məsələlərlə bağlı geniş məlumat əksini tapmışdır.
Sonra İTİ-də yerinə yetirilən fundamental-tətbiqi xarakterli "Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi" layihəsinin rəhbəri Lyudmila Suxostatın layihənin yerinə yetirilməsinin gedişi haqqında hesabat məruzəsi dinlənilmişdir.
Hesabat çıxışlarından sonra mövzular ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında