Avropada təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumunda Ermənistan-Azərbaycan münaqişəsi əsas müzakirə mövzusu olmuşdur

Oktyabrın 26-da Avstriyanın paytaxtında Avropa dövlətlərində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu öz işinə başlamışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra forum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tərəfindən açıq elan edilmişdir.
Açılış sessiyasında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov qeyd etmişdir ki, son illərdə xarici ölkələrdə azərbaycanlı tələbələrlə görüşlər keçirilir. Bu toplantıların gedişində gənclərimizi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlandırmağın vacibliyi, bu mövzuya həsr olunmuş xüsusi bir forumun keçirilməsinin labüdlüyü özünü göstərmişdir. Məhz buna görə də Vyana Forumu gənclərimizi bu münaqişə ilə bağlı məlumatlandırmaq və onların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolu barədə fikir mübadiləsi aparmaq məqsədini daşıyır.
Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışmış, xüsusilə də gənclərimizin idman sahəsində müvəffəqiyyətləri, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinə toxunmuş, idmanla yanaşı, gənclərimizin öz potensial güclərini intellektual sahədə də artırmalı olduğunu, Azərbaycanın ədalətli mövqeyinin xaricdə təbliğ olunmasında sistemli və ardıcıl iş aparmağın vacibliyini qeyd etmişdir.
Nazir bildirmişdir ki, əgər əvvəllər tələbə və gənclərlə xaricdə keçirilən görüşlərdə tələbələrin üzləşdikləri problemlər, onların qayğıları və cari məsələlərə geniş yer ayrılırdısa, bu dəfə Vyana Forumu tamamilə başqa müstəvidə keçiriləcəkdir, konkret mövzular ətrafında gənclərin bilik əldə etməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov forumda çıxış edərək gəncliyin malik olduğu potensialı yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, heç bir dövlət gənclərin qüvvəsi olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilməz. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında diplomatlarla görüşdə dövlətimizin öz xarici siyasətində hücumçu mövqeyinə keçməsi və bununla bağlı yeni mexanizmlər üzərində iş aparılmasının vacibliyi barədə söylədiyi fikirləri xatırlatmışdır. Qeyd etmişdir ki, bu məqsədin həyata keçirilməsində diplomatlarımızla yanaşı gənclərimiz, xüsusilə də xaricdə təhsil almış və məzun olmuş Azərbaycan övladları öz intellektual qüvvələri, bilik və bacarıqları ilə bir əsgər kimi ön cərgədə informasiya mübarizəsi aparmalıdırlar. Eyni zamanda, yeni medialar və sosial şəbəkələr vasitəsilə birləşən gənclər Azərbaycanın haqq işi uğrunda səylərini gücləndirməlidirlər.
Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, bu gün Azərbaycan regionda lider dövlətdir, dinamik inkişaf edir, ölkədə ciddi sosial-iqtisadi quruculuq işləri gedir, ordumuz gündən-günə güclənir.
Elnur Aslanov vurğulamışdır ki, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan tutduğu mövqe ilə hazırda özünü iqtisadi cəhətdən ümidsiz vəziyyətə salmışdır. Əslində münaqişədə uduzan tərəf artıq məlumdur və hadisələrin gedişi münaqişənin Azərbaycanın xeyrinə həll edilməsini sürətləndirir.
Natiq diqqətə çatdırmışdır ki, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, ikili standartların qarşısının alınması, Ermənistanın təbliğat maşınına qarşı daha yaxşı fəaliyyət göstərmək üçün bugünkü Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Çünki bugünkü gənclik Ermənistanın Azərbaycana qarşı apardığı informasiya mübarizəsini öz bilik və intellektual potensialı ilə üstələməlidir.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, dövlətçilik qarşısında vəzifələrin həll edilməsində təkcə dövlət qurumları deyil, potensial qüvvəyə malik gənclər də yaxından iştirak etməlidirlər. O, eyni zamanda, forumda səslənən fikirlərin sonra inkişaf etdirilməsi, fəallığın artırılması, bu kimi tədbirlərin ardıcıllığını təmin etmək, şəbəkələşmə və məlumat bazalarının yaradılması, xaricdəki ali təhsil ocaqlarında Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda elmi işlərin hazırlanması, yerli mətbuat səhifələrində çıxış kimi strateji istiqamətlər üzərində işləməyi tövsiyə etmişdir.
"Ağıl, söz, fikir, konsepsiyadan güclü silah yoxdur", - deyən A.Əzimov Ermənistanın təbliğat maşınına qarşı mübarizədə tələbə və gənclərin potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
"Ermənistan-Azərbaycan münasibətləri: tarixi aspektlər" adlı ilk sessiyada Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru, professor Həsən Həsənov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İradə Bağırova və Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı məruzə ilə çıxış etmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Gün ərzində forum münaqişənin hüquqi, humanitar və digər aspektlərinə həsr olunmuş məruzələrlə davam etmişdir.
* * *
Forumun ikinci iş günü təşkil edilmiş ilk sessiyada Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, humanitar və digər aspektləri ilə bağlı məruzələr dinlənilmişdir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini, beynəlxalq hüquq üzrə ekspert Tofiq Musayev Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərindən bəhs etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionunun hüquqi statusu, münaqişənin beynəlxalq hüququn norma və prinsiplər əsasında nizamlanması, beynəlxalq təşkilatların münaqişəyə verdiyi hüquqi qiymət, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi barədə məlumat vermişdir.
Milli Məclisin deputatı Rövşən Rzayev "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin yaranması və fəaliyyəti, xalq diplomatiyasının münaqişənin həllinə verə biləcəyi töhfə barədə danışmış, münaqişənin humanitar aspektləri ilə bağlı fikirlərini bölüşmüşdür.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov münaqişə ilə bağlı dünyanın aparıcı beyin mərkəzləri, araşdırmaçıları ilə aparılan iş, xarici ekspertlərin iştirakı ilə reallaşdırılan layihələr, həm münaqişə dövrü, həm də postkonflikt dövr üçün diqqətdə saxlanılmalı olan strateji istiqamətlər barədə çıxış etmişdir.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının koordinatorları Nicat Məmmədli və Sevinc İsgəndərova Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında tələbə və gənclərin işinin təşkili, fəaliyyət istiqamətləri barədə fikirlərini bildirmiş, kampaniya haqqında interaktiv təqdimatla çıxış etmişlər.
Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin üzvləri Ramin Şükürov və Razim Saidov Vyana Forumunun gələcəkdə davamlı xarakter almasına xidmət edəcək konsepsiyanı təqdim etmişlər.
Günün ikinci yarısında isə münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin baxışları və Azərbaycanın mövqeyinin möhkəmlənməsində gənclərin rolu mövzusunda sessiya keçirilmişdir.
Müdafiə Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin direktoru, səfir Mətyu Brayzə, "Turkish Policy Quarterly" məcmuəsinin baş redaktoru Nigar Göksəl, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov beynəlxalq aləmdə münaqişə ilə bağlı düşüncələr, mövcud stereotiplər, ikili standartlar, diaspor işinin təşkili, Azərbaycanın xaricdə təbliği üçün seçilməli olan əsas mövzular ətrafında çıxış etmişlər.
Sonra forumun işi sual-cavab formasında davam etdirilmişdir.
Bununla da Vyana forumu başa çatmışdır.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında