Yeni çapdan çıxmış "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərinin vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir

Görkəmli müğənni, xalq artisti, professor Azər Zeynalovun "Vokal ifaçılığı" kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 və klassik opera-vokal sənətimizin 105 illik yubileyinə həsr olunmuş kitab Təhsil Nazirliyinin müvafiq əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.
Kitabın redaktoru Kamilə Dadaşzadə, rəyçilər Elmira Quliyeva, Məryəm Əlizadə, Ramiz Mirişli, Gülbacı İmanova, Qərinə Kərimovadır.
Yeni nəşr "Ön söz", "Müəllifdən", beş bölümdən, vokalçının kiçik lüğətindən, incəsənətə aid aforizmlərdən, epiloqdan və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
"Ön söz"ün müəllifi xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor, "Şöhrət" ordenli Ramiz Zöhrabovdur. Ön sözdə qeyd olunur ki, illərin qiymətli məhsulu sayılan "Vokal ifaçılığı" dərsliyi müəllifin müvafiq sahə üzrə axtarışlarının uğurlu nəticəsi olmaqla ali musiqi məktəblərinin vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.
"Musiqi sənəti"nə həsr olunmuş birinci bölümdə musiqinin yaranması və tərəqqisi, həmçinin Azərbaycanda peşəkar musiqinin yaranması haqqında geniş məlumat verilmişdir.
Bilavasitə "Vokal sənəti"nə həsr olunmuş ikinci bölümdə opera-vokal ifaçılığının yaranması və inkişafı qabarıq şəkildə, ardıcıllıqla araşdırılmışdır. Burada dünyanın məşhur bəstəkar və ifaçılarının əməyi yığcam şəkildə verilmiş, bütün ifaçıların şəkilləri öz əksini tapmışdır.
"Opera vokal ifaçılığının tədrisində əməli məşğələlər" adlanan üçüncü bölümdə qabiliyyətin aşkarlanması, vokal dərslərində müəllim-tələbə münasibətləri, ifaçılıq aparatının texnikası, vokal sənətində ifaçılıq mədəniyyəti kimi başlıqlar altında verilmiş mövzular tələbələrin yüksək səviyyədə məlumatlanmaları, vokal texnikasını inkişaf etdirmələri üçün nəzərdə tutulmuşdur.
Dördüncü bölüm "Vokal tədrisinin proqramı"nı, beşinci bölüm isə "Peşə problemləri və onların dəf edilməsi"ni əhatə etmişdir.
Ümumiyyətlə, dərslikdə "Vokal" ixtisasının (fənninin) nəzəri və əməli tərəfləri əhatə olunmuşdur. Burada tarixi faktlara istinadla dünyada, eləcə də Azərbaycanda musiqinin və vokal peşəsinin yaranması, əsrlərdən bəri keçdiyi tərəqqi yolu kifayət qədər əks etdirilmişdir.
Qeyd edilmişdir ki, kitabın yazılmasında məqsəd vokal dərsi çərçivəsində tələbələrin bilik dairəsini həm də nəzəri cəhətdən zənginləşdirməkdir. Proqram üzrə bakalavr təhsil pilləsini əhatə edən dərslikdə ara-sıra magistratura və doktoranturaya aid mövzulara da toxunulmuşdur.
Dərslikdə illərin sınağından keçmiş, klassik vokal məktəbinə əsaslanan qanunauyğun nəfəs və səs məşğələləri öz əksini tapmışdır ki, onlara qeydsiz-şərtsiz əməl olunması vacibdir.
"Vokal ifaçılığı" dərsliyinin məziyyətlərindən biri də odur ki, müəllif ilk səhifələrdən başlayaraq Azərbaycan vokal ifaçılığının əsas xüsusiyyətlərinin qanunlarını aydın bir dildə açıqlamış və ənənəvi vokal ifaçılığının əsas xüsusiyyətlərini dəqiq müəyyənləşdirmişdir. Kitabda dünyanın bir sıra görkəmli alimlərindən sitat gətirilmiş və bunlardan bəhrələnmişdir.
Dərsliyin sonunda professor Azər Zeynalov arzularını səciyyələndirərək yazmışdır: "Bu kitabı yazmağa başlayandan bitirən günədək gözlərim qarşısında türk dünyasının vətənpərvər övladlarını, onların qeyrətli simalarını canlandırmışam. Seçdikləri ifaçılıq peşəsində türk ellərinin vətən və millət aşiqi olan gənc sənətçilərinin inkişafına bu kitab vasitəsilə bir azca da olsa yardım edə biləcəyəmsə, özümü azəri millətinin xoşbəxt vətəndaşı sanaram".
"Vokal ifaçılığı" dərsliyi müəllifin bu sahədə maraqlı və ümumiləşdirmə qabiliyyətini açıqlayır.
Azər Zeynalovun irihəcmli dərsliyi musiqişünaslıq elmimizin və vokal ifaçılığının nailiyyəti kimi qiymətləndirilməlidir. Dərslikdən ölkəmizin ali və orta ixtisas musiqi məktəblərində keçilən vokal ifaçılığı kurslarının tədrisində qiymətli vəsait kimi istifadə oluna bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında