Azərbaycan Frankfurt kitab sərgi-yarmarkasında

Son vaxtlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin, ədəbiyyatımızın, milli adət və ənənələrimizin, milli mətbəximizin təbliği məqsədilə mütəmadi olaraq beynəlxalq sərgi-yarmarkalarda, festivallarda fəal şəkildə iştirak edir. Bu istiqamətdə görülən işlər içərisində hər il keçirilən beynəlxalq kitab sərgiləri xüsusi yer tutur. 
Bu sərgilərdə milli mədəniyyətimizin təbliği ilə yanaşı, ölkəmizin kitab mədəniyyəti və bu sahədə son illərdə qazanılan uğurlar dünya miqyasına çıxarılır, nailiyyətlərimiz göz önünə gətirilir. Təkcə 2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundzadə adına Milli Kitabxana ilə birlikdə İstanbul, London, Moskva, Minsk, Budapeşt, Kişinyov və Frankfurtda keçirilən beynəlxalq kitab sərgilərində və yarmarkalarında müvəffəqiyyətlə təmsil olunmuşlar.
Bu sərgilər içərisində hər ilin payızında oktyabrın ortalarında Almaniyanın Frankfurt şəhərində keçirilən ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası xüsusi yer tutur. İlk əvvəl ona görə ki, Frankfurt sərgisi hər il keçirilir və bu sərgi yeganə sərgidir ki, orada demək olar ki, dünyanın bütün ölkələrindən naşirlər, multimediya nümayəndələri, kitabxanalar, mətbəələr iştirak edirlər. Hələ heç bir beynəlxalq kitab sərgi-yarmarkası Frankfurt sərgisindəki qədər böyük və zəngin ekspozisiyaya malik olmamışdır. Sərginin ilk üç günü ərzində yarmarkanın xüsusi qonaqlarının girişinə icazə verilir, geniş ictimaiyyətin nümayəndələri isə son iki gundə sərgiyə gəlir və istədikləri kitabları çox ucuz qiymətlərə ala bilirlər. Dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə, ayrı-ayrı kitabların və bütöv nəşr komplektlərinin müxtəlif ölkələrdə nəşri və yayılması barədə danışıqlar aparmaq üçün Frankfurt Kitab Sərgisinə toplaşırlar. Yarmarka "Alman Nəşriyyatçıları və Kitab Satıcıları" tərəfindən təşkil olunur. 5 gün ərzində yarmarkada dünyanın 118 ölkəsindən 7500-dən çox nəşriyyat, mətbəə və digər müəssisələr öz stendlərini qururlar və bu ekspozisiyalar qarşısında 300 min nəfərədən artıq tamaşaçı baxır.
Frankfurt Kitab Sərgisinin 500 ildən çox tarixi ənənəsi var. Yohannes Quttenberq Frankfurtda Mainz yaxınlığında bəşəriyyətin ən böyük kəşfi olan kitab çapını ixtira etdikdən sonra ilk kitab yarmarkası yerli naşirlər tərəfindən keçirilib. XVII əsrin sonlarına qədər bu sərgi Avropanın ən əhəmiyyətli kitab yarmarkasına çevrilmişdi. İntibah dövründə siyasi və mədəni inkişafın nəticəsi olaraq Leypsiq Kitab yarmarkası onu kölgədə qoysa da, 1949-cu ildən hər il keçirilir və Frankfurt sərgisində dünyanın əksər ölkələrindən naşirləri, məbəəçiləri, kitab ticarətçilərini və kitabsevərləri öz ətrafında toplayır. Frankfurtun mərkəzində bu sərginin keçirilməsi məqsədilə xüsusi "Messe"(messe almanca sərgi deməkdir) şəhərciyi də inşa olunmuşdur və burada 20-dən artıq nəhəng sərgi pavilyonları quraşdırılmışdır.Bu şəhərcik o dərəcədə böyükdür ki, burada insanlar xüsusi marşurut avtobusları ilə pavilyonlar arasında hərəkət edirlər.
Frankfurt sərgisinin məhz bəşəriyyətin ən mütərəqqi kəşflərindən biri olan kitab çapını ixtira edən alman ixtiraçısı İohan Quttenberqin vətənində keçirilməsi də təqdirəlayiqdir.
Frankfurt sərgi-yarmarkasının özəlliklərindən biri də ondan ibarətdir ki, hər il burada bir ölkə sərgi-yarmarkanın qonaq ölkəsi sifətində çıxış edir. Qonaq ölkəyə başqalarından fərqli olaraq sərgi ekspozisiyası pulsuz verilir və bütöv bir pavilyonda həmin ölkə özünün nəşriyyat-poliqrafiya müəssisələrinin imkanlarını göstərməklə yanaşı, öz ölkəsinin mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini və rəqslərini, xalq sənəti nümunələrini, ölkəsinin nailiyyətlərini geniş nümayiş etdirmək imkanına malik olur. Sərginin açılışı qonaq ölkənin rəsmi nümayəndə heyəti tərəfindən həyata keçirilir. Frankfurt sərgisində ötən il İslandiya, bu il isə Yeni Zelandiya qonaq ölkə kimi iştirak edirdi.
Azərbaycan Frankfurt sərgisində artıq 5-ci ildir ki, iştirak edir. İlk üç ildə 8 kvadrat metrlik bir ekspozisiya sahəsi ilə həmin sərgiyə qatılan Azərbaycan 2011-ci ildən artıq 40 kvadrat metrlik ekspozisiya sahəsi ilə təmsil olunur. Bakı şəhərinin fəxri simvolu hesab olunan Qız Qalasının formasında quraşdırılan ekspozisiyamız ətrafdakı ekspozisiyalardan xüsusilə seçilirdi. 2012-ci il oktyabr ayının 10-dan 14-dək keçirilən beynəlxalq kitab sərgisində ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab mədəniyyətinin və sənətinin təmsil və təbliğ olunması məqsədilə "Azərbaycan" stendi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdur. Tədbirdə ölkəmizi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edirdi. "Azərbaycan" stendi sərgi məkanının ən görkəmli yerində, Türkiyə ekspozisiyasının yanında yerləşməklə, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundov adına Mİlli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nüsxədən artıq kitab və digər nəşr məhsullarından təşkil olunmuşdu. Sərginin ilk günündən artıq Azərbaycan stendi tamaşaçıların diqqətini cəlb etmiş və xeyli ziyarətçi toplamışdır. Ölkəmiz haqqında tanıtım məzmunlu kitablar və xəritələr xüsusilə tamaşaçıların diqqətini cəlb edirdi. Heydər Əliyev Fondu tərəfindən çap olunan xüsusi tərtibatlı nəşrlər- Nizami Cəncəvi "Xəmsə"sinin xüsusi nəşri, "Azərbaycan muğamları", "Qarabağ xanəndələri", "Azərbaycan xalçaları" və digər disk albomlar maraqla baxılırdı.
Oktyabr ayının 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti və Almaniyanın Maynz Universitetinin bir sıra alimlərinin, Maynz əyalət parlamentinin və şəhər bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin aparıcısı bu tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barədə" 23 dekabr 2011-ci il tarixli sərəncamına müvafiq olaraq keçirildiyini və oktyabrın 1-də Bakıda Heydər Əliyev sarayında keçirilən möhtəşəm tədbirin davamı olduğunu bildirmişdir. Tədbirdə Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Rizvan Nəbiyev, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Avropa Azərbaycanlıları Konqresinin sədri Basar Kömür, Reynland Pfalts əyalətinin millət vəkili cənab Rahim Şmitt, Mainz bələdiyyəsinin sədri Manfred Scherer, Mainz Universitetinin şərqşünas alimi prof. Mikail Hess, Türkiyə Cümhuriyyəti Səfirliyinin mədəniyyət attaşesi Şahin Osman çıxış etmişlər. Bütün çıxış edən əcnəbi qonaqlar Azərbaycanın bugünkü iqtisadi və mədəni inkişafından, ədəbiyyatımızın görkəmli nümayəndələrindən, tolerant bir ölkə olmasından, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasından və bu torpaqların sülh yolu ilə azad olunmasının vacibliyindən danışmışlar. Heydər Əliyev Fondunun dəstəyi ilə klassik Azərbaycan şairi İmadəddin Nəsiminin divanını almancaya tərcümə edib nəşr etdirən prof. Hans Nəsiminin qəzəllərini Azərbaycan dilində əruz vəznində əzbərdən söylədi.
Tədbirin sonunda qonaqlara və iştirakçılara Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən hazırlanmış Azərbaycan, Bakı haqqında kitablar və bukletlərdən, süvenirlərdən və digər əyani materiallardan ibarət bağlamalar paylandı.
Sərgi müddətində diqqəti çəkəm bir çox məqamlar oldu ki, onlardan biri də Azərbaycanı öz vətəni hesab edən, Bakıda doğulan, atası Perulu və anası isə Qvatemaladan olan bir gəncin axtararaq Azərbaycan stendini tapması və ölkəmizə dair ədəbiyyatla ciddi maraqlanması olmuşdur. Pasportunda doğulduğu yerin Azərbaycan göstərildiyi bu gənc oğlan bizə yaxınlaşaraq "mən öz vətənim haqqında kitablar istəyirəm və mütləq mən öz vətənimə, doğulduğum yerə bir də qayıtmaq istəyirəm" deməsi bizi heyrətə gətirdi. Məlum oldu ki, həmin gəncin atası və anası 80-ci illərin əvvəllərində Bakıda Neft Akademiyasında 5 il oxuduqları müddətdə evlənmişlər və həmin nigahdan doğulan bu gənc oğlan təqribən bir yaşınadək Bakıda yaşadığından onun pasportunda doğulduğu yer Bakı şəhəri, Azərbaycan göstərilmişdir. Sərginin sonunda yenidən stendimizə gələn həmin oğlana biz xeyli kitablar hədiyyə etdik.
Sərginin sonunda stendimizdə nümayiş olunan kitabların bir hissəsi iştirakçılara paylandı və çox hissəsi isə Maynz Universitetinin şərqşünaslıq fakültəsində yaradılan Azərbaycan guşəsinə hədiyyə olundu.
Sərgi çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın Almaniyadakı Səfirliyi ilə belə bir razılıq əldə olundu ki, gələn illərin birində Frankfurt sərgi-yarmarkasında qonaq ölkə qismində iştirak etmək məqsədilə sərgi rəhbərliyinə məktub ünvanlansın.
Bu gün Azərbaycanın çoxlu sayda kifayət qədər maddi-texniki bazaya malik və nəşr materiallarıni dünya miqyasına çıxarmaq imkanına malik olan nəşriyyatlarının beynəlxalq sərgi-yarmarkalarda müstəqil təmsil olunmalarına böyük ehtiyac duyulur.

{nl}

Kərim TAHİROV, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında