Şriftin ölçüsü:
16.10.2012 11:11 | Oxunma sayı: 1000
Oktyabrın 15-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Türkmənistan günü" mövzusunda siyasi və mədəni tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilmişdir.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev qonaqları salamlayaraq bildirmişdir ki, bu, ADA-nın sentyabrın 21-də istifadəyə verilmiş yeni tədris kompleksində keçirilən ilk mədəniyyət tədbiridir.
"Ölkələr günü" çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışan rektor qeyd etmişdir ki, bu, iki il əvvəl ADA-da başlanmış bir ənənədir. Bu tədbir çərçivəsində ADA-da təhsil alan, müxtəlif ölkələrdən olan tələbələrə öz mədəniyyətlərini nümayiş etdirməyə imkan yaradılır. İndiyədək Çexiya, Argentina və digər ölkələrdən olan gənclər bu imkandan faydalanmışlar. Gələcəkdə Yunanıstan, ABŞ və başqa ölkələrdən ADA-da təhsil alan gənclər də öz mədəniyyətlərini nümayiş etdirə biləcəklər.
ADA-nın yeni tədris kompleksində bu silsilədən ilk tədbirin Türkmənistana həsr olunmasından məmnunluğunu bildirən H.Paşayev demişdir ki, elmin sürətlə inkişaf etdiyi hazırkı dövrdə bu cür münasibətlərin qurulması gələcəkdə tədris, tələbə mübadiləsi proqramlarının həyata keçirilməsinə imkan yaradacaqdır.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən rektor diqqətə çatdırmışdır ki, hazırda ADA-da 280 tələbə təhsil alır. Onlardan on faizini xarici ölkələrdən gəlmiş gənclər təşkil edir. Əcnəbi tələbələrin əksəriyyəti Azərbaycan hökumətinin təqaüdləri hesabına təhsil alır. H.Paşayev Akademiyada iki türkmən tələbənin oxuduğunu, onlardan birinin bakalavriat, digərinin isə magistratura pillələrində təhsil aldıqlarını bildirmişdir.
Ölkəmizdə elmin, təhsilin inkişafına, gənclərə olan dövlət qayğısından danışan rektor vurğulamışdır ki, ADA-nın missiyalarından, məqsədlərindən biri tələbələrin yalnız kitablardan deyil, həm də bir-birlərindən öyrənərək dünyagörüşlərini artırmalarına nail olmaqdır. Biz ümid edirik ki, "Ölkələr günü" vasitəsilə tələbələrimiz daim dəyişən dünya və qloballaşan mühitdə özlərini necə idarə etmək yollarını öyrənəcəklər və bunu bir-birləri ilə qarşılıqlı mübadilə şəraitində həyata keçirəcəklər.
Türkmənistanın Azərbaycandakı səfiri Toylu Komekov bildirmişdir ki, xalqlarımız arasında münasibətlərin tarixi Böyük İpək Yolu dövrünə gedib çıxır. Azərbaycan ilə Türkmənistanı zəngin mədəniyyət, dözümlülük və qonaqpərvərlik, xalqlarımızın rifahına yönəlmiş yorulmaz əmək birləşdirir.
Ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirən diplomat demişdir ki, Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il müddətində biz münasibətlərimizin inkişafı sahəsində böyük uğurlara nail olmuşuq. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi əməkdaşlığın bütün istiqamətləri üzrə inkişaf edir. Buna, ilk növbədə, yüksək səviyyədə qarşılıqlı səfərlər xidmət edir. Prezident Qurbanqulu Berdiməhəmmədov 2008-ci ilin mayında Azərbaycanda, Prezident İlham Əliyev isə həmin ilin noyabrında Türkmənistanda rəsmi səfərdə olmuşlar. Bu səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynamışdır.
Son illər ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə, daha da genişləndiyini bildirən diplomat 2009-cu ildə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, 2010-cu ildə isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsinin bunun bariz nümunəsi olduğunu vurğulamışdır. Səfir keçirilmiş bir sıra siyasi və mədəni tədbirlərin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir.
ADA-da keçirilən tədbiri yüksək qiymətləndirən T.Komekov bildirmişdir ki, belə tədbirlər eyni tarixə, mədəni köklərə, dil və çoxəsrlik milli irsə malik Azərbaycan və Türkmənistan xalqlarının daha da yaxınlaşmasına xidmət edir. Diplomat Azərbaycan xalqını qarşıdan gələn 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmişdir.
Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Sapar Berdiniyazov, Türkmənistan Beynəlxalq Əlaqələr İnstitutunun təmsilçisi Jumamurat Gurbangeldiyev çıxış edərək ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd etmişlər.
Sonra müasir Türkmənistana həsr olunmuş videosüjet göstərilmişdir.
Bədii hissədə Türkmənistanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış etmiş, türkmən milli rəqsləri ifa olunmuşdur.
Tədbir çərçivəsində keçirilmiş sərgidə ölkənin milli geyimləri, bəzək əşyaları, xalçalar, Türkmənistana həsr olunmuş kitab və jurnallar nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları türkmən mətbəxinin ləziz təamlarından dadmışlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.