Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir

Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasının 73-cü ildönümünə həsr edilmiş elmi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə böyük alimin həyat və yaradıcılığından geniş danışılmışdır.
İnstitutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın elmi və təşkilati fəaliyyətindən, onun məhcər ədəbiyyatı sahəsində tədqiqatlarından söz açmışdır.
Böyük alimin tərcümələrinin hər zaman maraqla qarşılandığını qeyd edən G.Baxşəliyeva demişdir ki, Aida İmanquliyeva ərəb ədəbiyyatşünaslığı sahəsində bir məktəb yaratmış alimdir. Aida xanımın o vaxt açdığı elmi cığırlar indi də davam etdirilir. Onun əsərləri bu gün ərəb aləmində geniş yayılmışdır. Aida xanım əsərlərində öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasındakı qarşılıqlı təsiri yaradıcılığında çox gözəl əks etdirmişdir.
Bildirilmişdir ki, professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. O, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir.
Aida İmanquliyevanın tədqiqatları nəticəsində müəyyənləşmişdir ki, Şərqin bir çox ölkələrinin müasir inkişafı bir həqiqəti ortaya qoyur: Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
G.Baxşəliyeva Aida İmanquliyevanın pedaqoji fəaliyyətindən söz açaraq demişdir ki, görkəmli pedaqoq uzun illər Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı fənnindən xüsusi kurs aparmışdır. Onun bir pedaqoq, elmi rəhbər kimi böyük nüfuzu var idi.
Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda "Ərəb filologiyası" şöbəsinə rəhbərliyi dövründə 10-dan çox namizədlik dissertasiyasının müdafiə edildiyi, yüksəkixtisaslı kadrların yetişdirildiyi xüsusi vurğulanmışdır. Aida xanımın Şərqşünaslıq İnstitutunda direktorun müavini, direktor vəzifələrində çalışdığı dövrlərdə dəyərli elmi təşkilatçılıq fəaliyyətindən, onun beynəlxalq elmi konfranslarda Azərbaycan şərqşünaslığını layiqincə təmsil etməsindən söz açılmışdır.
Tədbirdə institutun şöbə müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın elmi irsinin təbliğindən danışmışdır. O, Aida İmanquliyevanın dünya şərqşünaslıq mərkəzlərində böyük nüfuza malik olmasından bəhs etmiş, görkəmli alimlərin Aida xanım haqqında söylədikləri maraqlı fikirləri xatırlatmışdır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyeva Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqində xidmətlərindən danışmışdır.
Sessiyada Şərqşünaslıq İnstitutunun şöbə müdiri Esmeralda Həsənova, institutun əməkdaşları Bəşarət Bəşirova, Sevda Süleymanova və başqaları çıxış edərək, professor Aida İmanquliyevanın elmi yaradıcılığının özünəməxsus cəhətlərindən, böyük alimlə bağlı xatirələrindən söz açmışlar.
Tədbir çərçivəsində Aidə İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən foto və kitab sərgisi nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında