Şriftin ölçüsü:
11.10.2012 02:26 | Oxunma sayı: 2359
Azərbaycanda son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə turizmin dövlətin müəyyənləşdirdiyi strateji xətlərdən biri olması heç kimə sirr deyil. Ölkədə məhz turizmin inkişafı üçün mövcud potensialdan məqsədyönlü istifadə nəticəsində davamlı olaraq bir sıra uğurlu islahatlar həyata keçirilir.
2005-cı ildən respublika Prezidentinin fərmanı ilə fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu məhz ölkə rəhbərinin bu sahəyə göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. 200 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu illər ötdükcə təkcə təhsil sahəsində deyil, beynəlxalq əməkdaşlıq sahəsində də fəaliyyətini gündən-günə genişləndirir.
Bu fəaliyyətin nəticəsi olaraq, 2007-ci ildə ölkə tarixində ilk dəfə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr pilləsi üzrə ikili diplom haqqında müqavilə imzalanmışdır. "Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq" müqaviləsinin şərtlərinə əsasən, Azərbaycan Turizm İnstitutunun 150-yə yaxın tələbəsi indiyədək bu proqramdan yararlanmış və hazırda onlar təhsillərini uğurla davam etdirirlər. Proqram çəçrivəsində 57 nəfər tələbə hər iki ali təhsil müəssisəsinin diplomunu almış və ölkənin aparıcı turizm müəssisələrində xüsusi mövqe sahibidirlər.
Bir il bundan əvvəl institutun həyatında daha bir önəmli hadisə baş verdi. Belə ki, 2011-ci ilin oktyabr ayının 12-də Azərbaycan və Avstriya prezidentləri yanında Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə ölkə rəhbərliyinin turizmə və onun kadr təminatına verdiyi önəmin daha bir nümunəsi kimi dəyərləndirilir. Qeyd edək ki, Azərbaycan Turizm İnstitutu fəaliyyətə başlayan gündən dünya təcrübəsindən yararlanaraq təhsil sahəsində bir sıra yenilikləri ilk imzalayanlardan biridir. Onu da xatırlatmaq yerinə düşər ki, ATİ-də təşkil edilən dünənki görüşün iştirakçısı olan magistr tələbələr Azərbaycanda bu proqram çərçivəsində ikili diplom alacaq namizədlərdir.
İlk tədris ilinin açılışı məqsədilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner və proqramın koordinatoru Andreas Veysenbak Azərbaycana səfər etmişlər. Qeyd etmək yerinə düşər ki, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Yarandığı gündən beynəlxalq standartlara uyğun karyera yönümlü proqramların təşkili ilə məşğuldur. Bu təhsil ocağının diplomantları cəmiyyətdə və iş həyatında maneəsiz yüksək mövqe tuta bilirlər. Universitetin rəhbərliyi dünyanın müxtəlif nüfuzlu ali məktəbləri ilə tərəfdaşlıq müstəvisində keyfiyyətin yüksəldilməsi prinsiplərinin uğurlu həllində maraqlıdır. Bütün bunlar İMC Krems Tətbiqi Elmlər Universitetinin təhsil və karyera sahəsində müsbət imic qazanmasına səbəb olmuşdur. Azərbaycan Turizm İnstitutunun məhz belə bir nüfuzlu universitetlə əməkdaşlıq etməsi də təsadüfi deyildir. Çünki Azərbaycan Turizm İnstitutunun hədəfi regionda turizm ixtisası üzrə dünya standartlarına uyğun ixtisaslı kadr hazırlığı, tədqiqat və təlim sahəsində mərkəz statusu qazanmaqdır.
Magistratura pilləsində ilk ikili diplom proqramına başlanılması münasibətilə institutda təşkil edilən toplantıda İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner, proqramın koordinatoru Andreas Veysenbakç, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, qonaq qismində görüşdə dəvətlilər və KİV nümayəndələri iştirak edirdilər.
Görüşü Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq bildirdi ki, ATİ yarandığı gündən digər təhsil ocaqlarından daim yeniliklərin tətbiqilə fərqlənmiş, fəaliyyətində daha bir ilk addıma imza atmışdır. 2012-2013-cü tədris ilindən Azərbaycan Turizm İnstitutu Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində magistratura pilləsi üzrə ikili diplom proqramı üzrə dərslərə start vermişdir. Rektor 2011-ci ilin oktyabr ayının 12-də Azərbaycan və Avstriya prezidentlərinin iştirakı ilə imzalanmış müqavilənin xüsusi unikallıq kəsb etdyini diqqətə çatdırdı və ölkə rəhbərinə təhsildə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Görüş iştirakçılarını salamlayan İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru cənab Karl Ensfelner iki təhsil müəssisəsi arasında yaranmış əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğundan məmnun qaldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Çıxışında xüsusi vurğuladı ki, bu iki ali təhsil müəssisəsi arasında imzalanmış müqavilələr təkcə əməkdaşlığa xidmət etmir, eyni zamanda, dostluq əlaqələrinin inkişafına səbəb olur. Karl Ensfelner 2012-2013-cü tədris ilində magistratura pilləsində təhsil alan bütün tələbələrə uğurlar arzuladı və toplantının sonunda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.