Budağın xatirələri...

yaxud, erməni xisləti barədə daha nələri bilirik?

{nl}

Əziz oxucu, bəri başdan bildirim ki, bu Budaq görkəmli yazıçımız Əli Vəliyevin qələmə aldığı o Budaq deyil. Amma o Budaq kimi bu Budağın da özünəməxsus acılı-şirinli xatirələri var. Yazan olsa, cild-cild roman olar. Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Budaq Əliyevi deyirəm. İnanın, özünün, qohum-əqrəbasının, yaşıdlarının, onların timsalında Qərbi Azərbaycandan olan soydaşlarımızın son dərəcə kəşməkəşli taleyi barədə onun xatirələrini dinlədikcə adam özü də hiss etmədən haldan-hala düşür.
Biz azərbaycanlılar özümüzə qarşı edilən ən kiçik yaxşılığı belə daim qiymətləndiririk, pisliyi və xəyanəti isə nədənsə, çox tez unuduruq. Bir diqqət edin, erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, demək olar ki, ildə bir dəfə, o da anım günü yadımıza düşür. Ermənilər isə qondarma erməni soyqırımı ilə bağlı uydurmaları beyinlərə, şüurlara yeritmək üçün nə az, nə də çox, düz 95 ildir ki, tumanlarını başlarına ataraq bütün dünyanı dolaşırlar. Hesab edirik ki, qondarma soyqırımla bağlı erməni təbliğat maşınının yenidən fəallaşdığı bir vaxtda Budaq Əliyevin xatirələrindən bəzi məqamları yada salmaq yerinə düşərdi.
O, Qərbi Azərbaycanda, Dilican dərəsinin Qaraqoyunlu mahalında dünyaya göz açıb. 1978-ci ildə Göl kənd orta məktəbini bitirib. Arzusu əmisi Rəcəb kişi kimi meşəçi olmaq idi. Bu məqsədlə də sənədlərini Voronej Meşə Texniki Akademiyasına təqdim edib və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Moskva vilayətinin Şatura meşəçiliyində texnoloji rəhbər kimi əmək fəaliyyətinə başlayıb. Oradan hərbi xidmətə yollanıb. Ordu sıralarından qayıdandan sonra yenidən Şatura meşəçiliyində işləmək üçün yolunu gözləsələr də daha oraya getməyib.
- Ailəmiz böyük idi, işləyən, evə qazanc gətirən isə tək atam idi, -deyə B. Əliyev ötən günləri xatırlayır. - Odur ki, ailəyə hayan durmaq üçün doğma kəndə qayıtmalı oldum. Meşə Təsərrüfatı İdarəsində ixtisasıma uyğun iş əldə etmək üçün çox ora-bura getməli oldum. Ermənilər azərbaycanlı olduğum üçün mənə iş vermək istəmirdilər. Bir gün təsadüfən rayon komsomol komitəsinin I katibi işləyən tələbə yoldaşım Aşot Mujikyanla rastlaşdım, hal-əhvaldan sonra dedim ki, ailəyə kömək üçün gəlmişdim, indi özüm iş tapa bilmirəm. O, imkanları çərçivəsində kömək edəcəyinə söz verdi. Görünür, tələbəlik illərində azərbaycanlı uşaqların ona etmiş olduğu yaxşılıqları hələ unutmamışdı. Bir neçə gündən sonra Meşə Təsərrüfatı İdarəsinin müdiri məni qəbul edərək təsdiq üçün məktub verdi. Dedi ki, Aşot səni çox təriflədi, amma inanmıram ki, komitədən keçə biləsən. Ertəsi günü Yerevana getdim, Meşə Təsərrüfatı Komitəsində oldum. Məni o ki var sorğu-sual etdilər. Axırda da "təsdiq edirik, amma inanmırıq ki, özünü doğruldasan", - deyib yola saldılar. Çox get-gəldən sonra, nəhayət, qonşu Çaykənd ərazisindəki Gedik meşəçiliyində sahə müdiri kimi işə başladım. Bir il sonra ilin yekunlarına görə Ermənistan Respublikası üzrə ən nümunəvi meşəçi elan olundum. Beləcə, üç il dalbadal ilin ən yaxşı meşəçisi oldum.
Ermənilərlə birgə yaşamaq və işləmək çətin olsa da, artıq alışmışdıq. Hərə bir təhər başını dolandırırdı. 80-ci illərin ortalarından başlayaraq vəziyyət günü-gündən pisləşdi. Azərbaycanlılar yaşayan rayonlardan hər gün həyəcanlı xəbərlər gəlməkdə idi. Dağlıq Qarabağla bağlı söz-söhbətlər də artırdı. Elə bizim Krasnoselsk rayonunda da ermənilər bizə qarşı getdikcə daha da azğınlaşmaqda idilər. Buna qədər Azərbaycan icması, sanki, qış yuxusunda idi və günlərin bir günü ayılanda yəqin elədik ki, sən demə, ermənilər bizi ata-baba yurdlarımızdan qovmaq üçün illər boyu hazırlıq görüblərmiş.
Fevral ayı idi. Məni də rayon fəalları yığıncağına çağırmışdılar. Yerindən duran Qarabağdan danışdı. Həm də elə danışırdılar ki, guya, orada erməniləri dara çəkirlər. Özümü saxlaya bilmədim, mən də söz alıb tribunaya qalxdım. Çıxış edən natiqlərə xitabən dedim ki, barı başımızın üstündəki o xəritəyə baxın. Görün, Ermənistanın xəritəsində Qarabağ var? Qarabağ Azərbaycan torpağıdır, oranın problemlərini biz niyə müzakirə edirik?! Ermənistanın özünün problemi yoxdur? Problem olmayan yer var? Elə özümdən deyim. On iki nəfər ikiotaqlı darısqal bir evdə yaşayırıq. Bu, problem deyil? Çıxışımın bu yerində Moskvadan gəlmiş nümayəndə soruşdu:
- Qaldığınız ev kimindir?
- Atamın.
- Özün ailəlisən?
- Bəli.
- Evin yoxdur?
- Xeyr.
- Torpağın necə?
- Yoxdur.
- Görün, on iki nəfər darısqal bir evdə yaşayır və heç nədən də şikayət eləmir.
İclasdan sonra ermənilərdən bəziləri içindəki kini gizlətmədən bildirdilər ki, "sən Moskvadan olan nümayəndənin yanında çox pis danışdın və buna görə də katib çox əsəbiləşdi".
Ertəsi günü məni rayon hərbi komissarlığına çağırdılar. Dedilər ki, bir həftəlik ehtiyat zabitlər kursunda olmalıyam. İki gün sonra isə kursda ola-ola raykoma çağıraraq "çox məsul bir iş üçün" məni Yerevana - Meşə Təsərrüfatı Komitəsinə ezam etdilər, guya ki, kollegiya iclasında iştirak etməliyəm.
Artıq hiss edirdim ki, mənə qarşı hansısa gizli planlar qurulur. Yoxsa, sıravi bir meşə işçisi niyə birdən-birə hamının gündəmində olsun?!
Martın 31-də komitəyə gələndə öyrəndim ki, sən demə, həmin günə heç kollegiya iclası da yox imiş. Orada mənə bildirdilər ki, get elevatora, orada 11 maşın arpa var, onu rayona apar. Dönə-dönə onu da tapşırdılar ki, özün arxa maşında otur ki, maşın karvanına nəzarət edə biləsən.
Elevatorda işi elə qurdular ki, rayondan olan 9 maşın qabağa düşdü. Komitənin verdiyi 2 maşını isə axıra saxladılar. Beləliklə, mən arxadakı "KAMAZ"a əyləşdim. Rayona çatar-çatmaz sərt döngələrdən birində qabaqdakı "ZİL" markalı maşını yol polisi saxladı. Bu anda "KAMAZ"ın sürücüsü "tormoz yoxdur", deyərək, maşının mən əyləşən tərəfini qabaqdakı "ZİL"ə çırpdı. Bir də onu gördüm ki, al qan içindəyəm. Hər iki qıçım sınmışdı. Sürücüyə isə heç nə olmamışdı. Sağ olsun camaatımız, yığışıb məni xəstəxanaya apardılar. Düz 75 gün bir üzü üstə yatdım. Həkimim Borisov elə birinci gün qulağıma pıçıldadı ki, ermənilərin sənə münasibəti çox pisdir. Odur ki, vəziyyətin nə qədər ağır olsa belə məndən xəbərsiz heç kəsdən iynə-dərman qəbul etmə.
Xəstəxanadan çıxandan az sonra ermənilər məni ikinci dəfə avtomobil qəzasına saldılar. Xoşbəxtlikdən bu dəfə də salamat qurtardım.
Ermənilərin total şəkildə həyata keçirilən təhqir, təzyiq və hədələrinə dözməyərək, soydaşlarımız artıq noyabr ayından etibarən Ermənistanı tərk etməyə başladılar. Dekabrın 7-də gecə ikən mən də oranı tərk etdim. Gecənin bir yarısı Gədəbəyə, oradan da ailəmizin müvəqqəti məskunlaşdığı Şəmkir rayonuna gəldim. Bununla da çox dəhşətli köçkün həyatımız başladı. İlahi, ata-baba yurdunu və olan-olmazını qoyub yollara düşmək nə böyük əzab imiş? Elə buna görə də yaşlı insanların əksəriyyəti dözməyərək həyatdan getdi. Atamı və digər əzizlərimi də beləcə itirdim. Qalanlar da güzəranları yaxşı olsa belə, Vətən həsrətindən saralıb solmaqdadır...
Tanış-bilişin dediyinə görə, Budağın atası Çaylar kişi qoçaq və mərdanə insan olub. Ermənilər ondan çox çəkinərmiş. Amma el-oba dərdi onu da yıxdı:
- Bakıya gələndən az sonra xəstələndi. Həkimlərin səylərinə baxmayaraq, günü-gündən geri gedirdi. Vertolyot qəzası barədə xəbəri eşidəndə isə dözmədi. Son sözü də bu oldu: "Köpək uşağı onları da öldürdü?!"
Budağın xatirələri təkcə bunlarla bitmir. Qərbi Azərbaycanla, ermənilərlə, erməni-azərbaycanlı münasibətləri ilə, onların bizə xəyanətləri ilə, xüsusən də köçkün ömrünün məşəqqətli anları ilə bağlı ürəyi doludur. Bütün bunlar barəsində boğula-boğula, kövrələ-kövrələ bəzən saatlarla danışır:
- Hamı bilir ki, ata yurdu şirin olur. İnanın, burada işim də, güzəranım da çox yaxşıdır. Ermənilərin heç nazirləri də mənim kimi yaşamır. Buna baxmayaraq, ürəyim, qəlbim daim narahatdır. Özü də ermənilər təkcə bizim yox, türk qardaşlarımızın yox, bütövlükdə dünyanın rahatlığını pozublar. Əfsuslar olsun ki, bütün bunlara görə hələ ki onları sorğu-sual edən tapılmır. Əksinə, bəzi dövlətlər qoltuğunun altına çəkərək erməniləri hələ bir himayə də edirlər.
O, təbiəti etibarı ilə son dərəcə həyatsevər insandır. Vətən həsrəti, el-oba dərdi bir an belə yadından çıxmasa da, daha çox bu günün və sabahın qayğıları ilə yaşayır. Təmsil olunduğu nazirliyin və rəhbərlik etdiyi kollektivin gördüyü və bundan sonra görəcəyi işlərdən həvəslə danışır:
- Bildiyiniz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Ölkə rəhbərinin bu nəcib təşəbbüsü Azərbaycan xalqı, xüsusən də ekoloqlar tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılanıb. Sizə deyim ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü dünyanın bir sıra ölkələrində də müsbət təcrübə kimi çox yüksək dəyərləndirilib. Məsələn, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov bu yaxınlarda çıxışlarından birində belə demişdir: "Bakıda olarkən eşitdim ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Mən çox istərdim ki, Rusiyada da belə bir təşəbbüs olsun".
Yazın gəlməsi ilə ekoloqların qayğıları daha da artıb. İndi hara baxsan, ağac əkilir, yaşıllıqlar salınır, bağ və tingliklərdə quru budama və becərmə işləri aparılır. Müsbət haldır ki, əksər yaşayış məntəqələrində idarə, müəssisə və təşkilatlar, xüsusən də bələdiyyələr və təhsil ocaqları da bu işdə ekoloqlardan geri qalmır. Müsahibim rəhbəri olduğu kollektivin uğurlarından danışarkən daha çox statistikaya istinad etdi:
- Kollektivimiz 20,7 min hektar meşəyə xidmət edir. Ərazi Xaçmaz, Xudat və Yalama olmaqla üç meşəçiliyə bölünüb. Meşələrimiz 40 nəfər gözətçi tərəfindən mühafizə olunur. 2 hektar sahədə daimi tinglik təsərrüfatımız var. Orada regionumuz üçün rayonlaşmış növlərdən ibarət 1 milyona yaxın ting yetişdirilir. Tinglik təsərrüfatını daim yeniləşdirmək məqsədilə hər il meşələrimizdən 5 tondan çox toxum tədarük olunur. Hər il boş və seyrək sahələrdə orta hesabla 100 hektar meşə əkini həyata keçirilir.
2000-2200 hektar sahədə cavan meşələrə xidmət edilir, becərmə və suvarma işləri aparılır. Ən azı 200-220 hektar sahədə meşələrin təbii bərpası üçün tədbirlər görülür. 1000 hektaradək sahədə xəstəlik və zərərvericilərə qarşı müayinə və mübarizə tədbirləri həyata keçirilir. Yeri gəlmişkən, son vaxtlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ələt-Hacıqabul şosesi ətrafının və Binə-Sədərək ticarət mərkəzi ərazisinin yaşıllaşdırılması istiqamətində aparılan işlərdə də kollektivimiz fəal iştirak edib. Yanğın təhlükəsinə qarşı hər il əkin sahələri boyunca təqribən 30 min metr uzunluğunda şırımlar çəkilir. Bunun nəticəsidir ki, son illər xidməti ərazidə heç bir iri yanğın hadisəsi qeydə alınmayıb. Əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində də fəal iş aparılır. Bunun nəticəsidir ki, son illər Xaçmaz rayonunda meşə qanunvericiliyinin pozulması halları minimuma enib. Mən bu sahədə yerli icra və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və pedaqoji kollektivlərin fəal iştirakını xüsusi olaraq qeyd etmək istərdim.
Söhbətimizin bu yerində o, ayağa qalxaraq televizoru işə saldı:
- Xəbərlərin vaxtıdır, görək, dünyada nə var.
- Hər gün izləyirsən?
- Evdə, işdə, maşında, hətta ərazidə olanda belə çalışıram ki, informasiya buraxılışlarını ötürməyim.
- Bu vərdişdir, yoxsa ehtiyac?
- Mən deyərdim ki, daha çox ehtiyacdır. Ehtiyacı olan adamların daim qulağı səsdə olur. O da ki, Vətənin bir parçası olan ata-baba yurdlarını itirənlərin! Ona görə də daim qulağımız səsdədir. Gözləyirik görək BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində nə vaxt aydın və qətiyyətli mövqe ortaya qoyacaqlar. Gözləyirik görək, dünyada söz sahibi olan böyük dövlətlər, xüsusilə də ABŞ və Rusiya nə vaxtadək ermənilərin nazı ilə oynayacaq? Biz yaxşı bilirik ki, ermənilər kimin kölgəsində yatır. Amma onlar da anlamalıdırlar ki, kölgə həmişə eyni yerə düşmür.
- Bu günlərdə Azərbaycanın, demək olar ki, hər yerində növbəti dəfə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimləri keçirildi...
- Ermənilər azərbaycanlılara qarşı zaman-zaman, həm də sistemli şəkildə soyqırımı törədiblər. Qubadakı kütləvi məzarlıq buna əyani sübutdur. Quba qırğınları ilə bir vaxtda Xaçmaz dəmir yolu stansiyasında, Dəvəçi və Siyəzən ərazilərində də iri miqyaslı qırğınlar törədilib. Qərbi Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrində soydaşlarımız dəfələrlə soyqırımına məruz qalıb. Xocalı, Qarakənd, Qaradağlı, Daşaltı, Malıbəyli faciələri məgər soyqırım deyildir?! Azərbaycanlılara və türklərə qarşı törədilən çoxsaylı terror aktları nəticəsində yüz minlərlə günahsız insan həlak olub. Bütün bunlar xalqımızın tarixinin qanlı səhifələridir. Əlbəttə, bu tarixi unutmaq olmaz. Amma bununla belə, mən anım günləri ağlamağın-sızlamağın əleyhinəyəm. Fikrimcə, anım günlərinin yad edilməsi daha çox millətin özünüdərki, keçmişdə edilən səhvlərin təhlili, ermənilərin son dərəcə məkrli, hiyləgər, ikiüzlü və etibarsız xalq olduğunun başa düşülməsi baxımından əhəmiyyətlidir.
Çavçavadzedən, Velickodan tutmuş bu günümüzədək erməni xisləti barədə zaman-zaman çox deyilib, çox yazılıb. Amma onu da etiraf etməliyik ki, bütün bunlar erməni məkrini, erməni xislətini tam şəkildə anlamaq və duymaq üçün əsla yetərli deyil. Çünki şərait və fürsətdən asılı olaraq bu təhlükəli virus çox müxtəlif formalarda təzahür edə bilir. Bax, bu mənada ermənilərlə birlikdə yaşamaq da, qonşuluq etmək də, birgə layihələrdə iştirak etmək də son dərəcə təhlükəlidir.
Azərbaycan xalqı öz Prezidentinə də, dövlətinə də, ordusuna da arxayındır. Xalqımız əmindir ki, işğal altında olan torpaqlarımız son qarışınadək azad ediləcək və ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olunacaqdır. Çətini odur ki, biz torpaqlarımız azad olunduqdan sonra da ermənilərlə qonşuluq şəraitində yaşamağa məhkumuq. Məşhur atalar məsəlində deyilir ki, "qonşun pisdirsə, köç qurtar". Amma nə biz, nə də ermənilər heç yana köçəsi deyilik. Bax, çətini də, qorxulusu da budur: əsrlər boyu qonşuları üçün problemə çevrilən naqis xislətli belə bir xain millətlə əbədi olaraq necə qonşuluq edəsən?!

{nl}

Q. CƏFƏROĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında