İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində növbəti "dəyirmi masa"nın mövzusu "Konvergensiya edən texnologiyalar və gələcəyin konturları" məsələsinə həsr olunmuşdur.
"Dəyirmi masa"nın əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov qeyd etmişdir ki, Bakıda doğulmuş, keçən əsrin 90-cı illərindən elmi fəaliyyətini ABŞ-da davam etdirmiş alim Qriqori Belenki Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsində xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdir.
Mahmud Kərimov "Dostluq" ordenini Q.Belenkiyə təqdim etmişdir. Alim onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
"Dəyirmi masa"da diskussiyaların əsas mövzusu texnoloji çağırışlar, transformasiya problemləri, risklər, davamlı inkişaf, qloballaşan dünyada elmin rolu məsələləri olmuşdur. Alimlər hesab edirlər ki, inteqrasiya texnologiyaları gələcəkdə insanları onların həyat fəaliyyəti üçün zəruri funksiyalarla daha çox təmin edəcəkdir. Başqa sözlə desək, yüksək texnoloji maşınlar istər sənayedə, istərsə də gündəlik həyatın müxtəlif sahələrində insanı əvəz edə biləcəkdir. Bununla əlaqədar alimlər soruşurlar: Əgər avtomatlaşdırılmış robotlar getdikcə daha çox sahələrdə insanı əvəz edərsə, onda insanlar nə ilə məşğul olacaqlar?
"Texnoloji çağırışlar və transformasiya problemləri: risklər və davamlı inkişaf" mövzusunda birinci bölmə iclasında fizika üzrə Nobel mükafatı laureatı Corc Fitscerald Smut texnologiyaların konvergensiyasının gələcək nəticələri barədə söhbət açmışdır. Onun fikrincə, texnologiyaların konvergensiyasının necə baş verəcəyini və bu prosesin insanlar üçün hansı nəticələr doğuracağını anlamaq lazımdır. Alim hesab edir ki, texnologiyaların inkişafı daimi prosesdir. İnteqrasiya texnologiyaları bəşəriyyəti bütün zəruri imkanlarla təmin edəcəkdir.
C.Smutun proqnozlarına görə, əgər elmi dəyişikliklər indiki sürətlə davam edərsə, 20 ildən sonra avtomatlaşdırılmış robotlar insan həyatının bütün sahələrini əhatə edə bilər. Nobel mükafatı laureatının fikrincə, bu cür texnologiyalar insan əməyindən daha ucuz başa gələcək, bu isə onunla nəticələnə bilər ki, insanlar nə ilə məşğul olmağı bilməyəcəklər. Alim deyir: "Mənə belə gəlir ki, bu proses labüddür, çünki texnologiyalar çox sürətlə inkişaf edir. Buna nümunə kimi belə bir faktı göstərmək olar ki, hazırda "Google" axtarış sistemi "Chevron"dan bahadır".
Bölmə iclasında ingilis dilinin elmdə yeganə dil olması mövzusunda da diskussiya aparılmışdır. Böyük Britaniyadan olan alim Sidxart Saksena bu fikirlə razı olmadığını bildirmişdir. Onun fikrincə, ingilis dili elm üçün münasib olsa da, elmin yeganə dili deyildir. Alim deyir: "Elmlərin konvergensiyası təkcə bir dilin köməyi ilə baş verməməlidir. Dillərin və ideyaların müxtəlifliyi lazımdır". Azərbaycan alimi Akif Hacıyev isə belə hesab edir ki, hər kəs öz dilində fikirləşə, ideyalar irəli sürə bilər, lakin ünsiyyət dili bir olmalıdır.
Almaniyalı alim Luts Mez bəşəriyyət üçün bundan heç də az əhəmiyyətli olmayan bir problemə - zərərli qazların atmosferə atılması məsələsinə toxunmuşdur. Tədqiqatçı qeyd etmişdir ki, son bir neçə ildə zərərli tullantıların həcmi 40 faiz artmışdır. "Əgər biz bundan sonra da əsas enerji mənbəyi kimi neftdən və qazdan istifadə etsək, 2050-ci ilə qədər bu göstərici daha da artacaqdır", - deyən alimin fikrincə, bu sahədə vəziyyəti yaxın vaxtlarda dəyişmək lazımdır. Alim xəbərdarlıq edir: "Əgər biz zərərli maddələrin tullantılarını azaltmasaq, planeti itirəcəyik".
Əslən Azərbaycandan olan, hazırda ABŞ-da yaşayan tədqiqatçı Yalçın Əfəndiyev müxtəlif hadisələrin proqnozlaşdırılmasında konvergensiya texnologiyaları barədə söhbət açmışdır. Y.Əfəndiyev qeyd etmişdir ki, bu istiqamətdə aparılan araşdırmaların hədəfi maşınlarla insanların imkanlarını birləşdirməkdir.
Müzakirələrdə qeyd edilmişdir ki, Azərbaycanda neft-kimya texnologiyalarını yaşıl texnologiyalara çevirmək, yeni, daha az zərərli materiallar yaratmaq üçün böyük potensial vardır.
"Dəyərlər və elm: texnologiyaların konvergensiyası" mövzusunda ikinci bölmə iclasında alimlər texnoloji sahibkarlıq, iqtisadiyyatın və cəmiyyətin inkişafında elmin rolu məsələlərini müzakirə etmişlər. İsrailli alim Den Şextmanın fikrincə, hər bir ölkə gənclərin təhsil səviyyəsinə, onların elmi potensialına xüsusi diqqət yetirməlidir. Alim belə hesab edir ki, hər bir ölkədə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı üçün cəmiyyəti elmi kadrlarla təchiz edə biləcək aparıcı elm-təhsil mərkəzləri olmalıdır. D.Şextman qeyd etmişdir ki, hazırda elmi mərkəzlərlə müqayisədə kommersiya təşkilatlarında elm daha çox inkişaf etmişdir, çünki belə qurumlar elm üçün daha çox maliyyə vəsaiti ayırır.
Bölmə iclasında mərakeşli alim Vail Benceloun, böyük britaniyalı tədqiqatçı Krissi Harrinqton, Koreya Respublikasında Hikiyunq Park, rumıniyalı alim Eden Mamut çıxış etmişlər.
"Gələcəyin konturları: elmlərin konvergensiyası, idarəetmə və inkişaf" mövzusunda bölmə iclasında da alimlər bir-birindən maraqlı diskussiyalar aparmışlar. Nobel mükafatı laureatı Rudolf Artur Markus çıxış edərək müzakirə olunan mövzuların müxtəlifliyini vurğulamışdır. Alimin sözlərinə görə, "dəyirmi masa" mövzuları cəmiyyətin həyatının bütün sahələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Çıxış edənlər bu Forumun təşkil edilməsinə, dünyanın müxtəlif ölkələrindən olan alimlərlə fikir mübadiləsi aparmaq imkanı yaradılmasına görə minnətdarlıqlarını bildirmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.