Roza OTUNBAYEVA: Diplomatik Akademiya Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri olacaq

Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva oktyabrın 2-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur. 
ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev qonağa Akademiyanın yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən ADA yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürmüşdür. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanmışdır. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. Ötən ildən isə "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də vardır.
Prezident İlham Əliyevin sərəncamı əsasında 2009-cu ildən təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılmışdır. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilmişdir. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir.
Sonra Roza Otunbayeva Akademiyada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, Akademiyada tədris ingilis dilində aparıldığından burada xarici ölkələrin tanınmış universitetlərindən 15 professor da daxil olmaqla, 35 pedaqoq çalışır.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı qonağa məlumat verilmişdir ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 120 min kitab vardır.
Akademiya ilə tanışlıqdan zəngin təəssüratla ayrılan Roza Otunbayeva ADA-nın yaradılmasını, buradakı şəraiti yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında, ilk növbədə, diplomatiyanın xüsusi rolu vardır. İnanırıq ki, bu Akademiya Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında