Şriftin ölçüsü:
01.10.2012 10:26 | Oxunma sayı: 946
Azərbaycan Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon manat, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon manat, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.Elə yeni dərs ili ərəfəsində cənab Prezidentin Bakı şəhərinin yeni inşa edilmiş və yenidın qurulmuş məktəblərində olması və həmin məktəbin kollektivlərinə öz tövsiyələrini verməsi də bunun canlı nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas hədəf çoxnövbəliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.
Yeni məktəblərin tikintisi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik daha 26 məktəb istifadəyə verilmişdir. 2011-2012-ci tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir.
2011-ci ilin dekabr ayında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində fondun dəstəyi ilə Xaçmaz rayonunun ən ucqar məntəqələrindən birində - Şimali kəndində müasir standartlara uyğun orta məktəb binası tikilib istifadəyə verilmişdir. 120 şagirdin təhsil aldığı bilik ocağında tədris rus dilindədir. Məktəbin bütün maddi-texniki bazası, avadanlığı Heydər Əliyev Fondu tərəfindən təchiz edilmişdir. Yeni il ərəfəsində fondun təşəbbüsü ilə Samux rayonunun Lüksemburq kəndində yeni məktəb binasının açılışı olmuşdur. Bu il yanvarın 21-də Goranboy şəhər 3 nömrəli orta məktəbin yeni binası və martın 14-də Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən paytaxtda 2012-2013-cü illərdə 157 məktəbin tikintisi, əsaslı təmiri, yeni korpusların, kitabxana, idman və akt zallarının inşası, uşaq bağçalarının yenidən qurulması və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.
Yeni dərs ili başlandığı vaxtdan cənab Prezident bir neçə yeni məktəbin açılışında şəxsən iştirak etmişdir.
Bu il təbii fəlakət - zəlzələdən zərər çəkmiş bölgələrdə də yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Zaqatala rayonunda tam qəzalı vəziyyətə düşmüş məktəblərin yerində yeni binalar inşa edilir.
Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrdə, eləcə də respublikamızın bir sıra rayonlarında yeni məktəb binaları inşa edilmiş və onlar müasir avadanlıqlarla təchiz olunmuşlar.
Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada yeni məktəb inşa olunmasın.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.