Bakıda Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu başa çatmışdır

Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu sentyabrın 28-də işini başa çatdırmışdır.
AzərTAc xəbər verir ki, tədbirin son günündə iki panel iclası keçirilmişdir.
"Dünya siyasətində dəyişikliklərin mənzərəsi" mövzusundakı panel iclasının moderatoru ADA-nın prorektoru Fariz İsmayılzadə, çıxış edənlər isə Çin Xarici İşlər Universitetinin prorektoru Zu Liqun, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin Diplomatik Araşdırmalar Mərkəzinin direktoru Alan Henrikson və Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Diplomatik Araşdırmalar Proqramının rəhbəri Yolanda Spays olmuşlar. Bu panel iclasında güc balansının Qərbdən Şərqə doğru dəyişməsi, Qərb ölkələrində davam edən iqtisadi və maliyyə böhranı, eləcə də onun qlobal təhlükəsizliyə və idarəçiliyə təsiri məsələləri müzakirə edilmişdir.
"Regional təşkilatların diplomatiyasının inkişafı" mövzusundakı panel iclasının moderatoru ADA-nın ictimai və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyev, çıxış edənlər isə Avstraliya Milli Universitetinin Asiya-Sakit Okean Diplomatiya Kollecinin təsisçisi və direktoru Uilyam Meyli, Albaniya Diplomatik Akademiyasının rektoru Lisen Başkurti, Peru Diplomatik Akademiyasının rektoru xanım Liliana Torres-Muga, İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzinin rəhbəri, səfir Hazairin Pohan olmuşlar. Bu panel iclasında artan problemlərin həlli, bir dövlətin səlahiyyətlərinin azalması fonunda təhlükəsizliyin təmini və idarəçiliyin təkmilləşdirilməsində regional təşkilatların rolu, dünyanın maraq dairələrinə bölünməsi, yaxud bir və ya bir neçə super güc tərəfindən idarə olunmasının mümkün nəticələri barədə fikir mübadiləsi aparılmışdır.
Panel iclaslarından sonra "Diplomatik təlim üzrə beynəlxalq Foruma gedən yol: təcrübə mübadiləsi, yeni çağırışlara cavab verilməsi, yeni cəbhələrin açılması" mövzusu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmış, müxtəlif mövzularda seminarlar keçirilmişdir.
Müzakirələrin yekununda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək son illərdə Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlardan danışmışdır.
Forumun sonunda ADA ilə Litvanın, Qətərin, Mərakeşin, Serbiyanın və Perunun Diplomatik akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanmışdır.
Tədbirə qatılan xarici qonaqları Azərbaycanın tarixi, ənənələri və füsunkar təbiəti ilə tanış etmək məqsədilə Bakıda gəzinti turunun, eləcə də Şəki və Qəbələ rayonlarına səfərlərin təşkili nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında