Şriftin ölçüsü:
17.09.2012 10:26 | Oxunma sayı: 1800
Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) "Bilik Günü" və 2012-2013-cü tədris ilinin başlanmasına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor qeyd etmişdir ki, BDU-nun tələbəsi adını qazanmaq həm çox şərəflidir, həm də məsuliyyətlidir.
Müasir dünyada təhsilin önəmli rolundan danışan A. Məhərrəmov Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır. Rektor bildirmişdir ki, bu il universitetə 3 min 472 gənc qəbul olunmuşdur. Onlardan 219 nəfəri 600-dən, 49 nəfəri isə 650-dən çox bal toplamışdır.
Bakı Dövlət Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs edən akademik A.Məhərrəmov qeyd etmişdir ki, dünyada mövcud 150 minədək universitetdən yalnız 20 mini top- universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda BDU yer almışdır.
Rektor BDU-nun fizika, kimya, biologiya, coğrafiya, ekologiya, jurnalistika və digər fakültələrinin elmi-tədqiqat, tədris laboratoriyalarının yeni avadanlıqla təchiz olunduğunu, bir sıra laboratoriyaların yenidən qurulduğunu xatırlatmışdır. Fizika fakültəsinin nanoaraşdırmalar laboratoriyasına dəyəri 1 milyon 200 min ABŞ dolları məbləğində olan JSM -7600 F elektromikroskop və Mini Flex 600 rentgen difraktometr, kimya fakültəsinə dəyəri 100 min dollar olan qazxromotoqrof, biologiya fakültəsinə neyrospektr və mikroskoplar, coğrafiya fakültəsinə CPS cihaz avadanlığı alınmış, ekologiya fakültəsinin bioekologiya laboratoriyası və jurnalistika fakültəsinin İnternet Televiziyasının yayımı üçün otaq hazırlanmışdır. Həmçinin Quba rayonunda BDU-nun Tədris-Təcrübə Bazası yaradılmışdır. Tələbələr üçün yataqxana kompleksinin layihələndirmə işləri başa çatdırılmışdır. Müasir otel tipli yataqxanaların inşası nəzərdə tutulmuşdur.
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunduğunu, minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil almağa göndərildiyini bildirən akademik A. Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirmək" kəlamını xatırlatmışdır.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini qeyd edən rektor gəncləri doğma Vətənə və xalqa ləyaqətlə xidmət etməyə, təhsildə yüksək nailiyyətlər qazanmağa çağırmış, "Bilik günü" münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev təhsilimizə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Ali məktəblərə qəbul imtahanlarında 695 bal toplamış birinci kurs tələbəsi Emil Məmmədli və digər çıxış edənlər gənclərə və onların təhsilinə göstərilən böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova, akademik Vasim Məmmədəliyev bu il ali məktəblərə qəbul imtahanlarında yüksək ballar toplayaraq BDU-ya qəbul olunmuş gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletləri təqdim etmişlər.
Qonaqlar Bakı Dövlət Universitetinin müasir laboratoriyaları, tədris şəraiti ilə tanış olmuşlar.
Sonra akademik A.Məhərrəmov BDU-nun birinci kurs tələbələri ilə görüşmüş, onlara öz tövsiyələrini vermişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.