Şriftin ölçüsü:
14.09.2012 05:49 | Oxunma sayı: 4340
Binəqədi rayonundakı turizm peşə liseyində Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və s. qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Konfransda xatırladılmışdır ki, Binəqədidə 32 orta ümumtəhsil məktəb fəaliyyət göstərir. Ötən dərs ilində rayonda yerləşən məktəblərdə 37771 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 4018 müəllim məşğul olmuşdur. Orta məktəblərin bütün siniflərinin şagirdləri dərsliklərlə pulsuz təmin edilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüşdür.
Qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayondakı 83 saylı məktəb-lisey, 179 və 301 saylı tam orta məktəblər əsaslı təmir olunaraq istifadəyə verilmiş, 3, 126, 276 və 284 saylı məktəblərdə isə cari ilin yaz aylarında əsaslı təmir işlərinə başlanılmış və artıq bu məktəblər də yeni tədris ilində şagirdləri qəbul etməyə hazırdır. Bundan başqa, ölkə Prezidentinin 2011-ci ildə rayona səfəri zamanı Xocasən qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq, dövlət başçısının imzaladığı sərəncama əsasən, adı çəkilən yaşayış sahəsində yerləşən 103 saylı tam orta məktəb üçün 640 şagird yerlik əlavə tədris korpusunun tikintisinə başlanılmış və artıq burada işlər yekunlaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun 90, 291, 297 saylı bağçaları da əsaslı təmir olunmuş, 86 və 211 saylı uşaq bağçalarının isə sökülərək yenidən inşasına qərar verilmişdir.
Konfransda həmçinin bildirilmişdir ki, bu il rayonun orta məktəblərini bitirən məzunlardan 1184 nəfər (52,69 faiz) ali məktəblərə qəbul olunmuşdur. 500-dən yuxarı bal toplayanların sayı 216 nəfər olmuşdur.
Konfransda vurğulanmışdır ki, "Ən yaxşı ümumtəhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən, Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə Bakı şəhəri üzrə qalib olan 20 məktəbdən 3-ü, 51 müəllimdən isə 4-ü Binəqədi rayonunun payına düşmüşdür. Belə ki, dövlət başçısının 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə 157, 276 və 313 saylı orta məktəblər "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazanaraq 10 000 (on min manat) məbləğində, 83 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi Qələndər Aslanov, 144 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Oksana Səfərova, 182 saylı tam orta məktəbin biologiya müəllimi Fəridə Cəfərova, 217 saylı tam orta məktəbin informatika müəllimi Səadət Həmidova "Ən yaxşı müəllim" müsabiqəsində uğur qazanaraq 5000 (beş min manat) məbləğində pul mükafatı ilə təltif olunmuşlar.
Konftansda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, 276 nömrəli tam orta məktəbin direktoru, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi Bəhram Şiriyev, 144 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Oksana Səfərova, 182 saylı məktəbin məzunu Gülşən Haqverdiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Milli Məclisin üzvü Eldar İbrahimov çıxış etmişlər.
Konfransın sonunda 600-dən yuxarı bal toplayan tələbələr, "Ən yaxşı ümumtəhsil müəssisəsi " və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, "Əməkdar müəllim" və "Tərəqqi" medalı ilə təltif olunanlar mükafatlandırılmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.