Azərbaycan xalqının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev zamanında təhsilə və təhsil işçilərinə daim böyük diqqət yetirir, bunun xüsusi önəmini qeyd edirdi: "Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz". İstər sovet dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda təhsil şəbəkəsi durmadan genişlənmiş, yeni-yeni məktəb binaları inşa olunmuşdur. Amma sovet dövründəkindən fərqli olaraq, müstəqillik illərində ucqar bölgələrimizdə məktəb tikintisi xüsusilə böyük vüsət almışdır.
Lerik rayonunda da böyüyən nəslin savadlanmasına, yüksək təhsilli mütəxəssislər kimi yetişməsinə hər zaman ciddi əhəmiyyət verilmişdir. Hazırda respublikamızda və onun hüdudlarından kənarda yüzlərlə lerikli soydaşımız aparıcı mövqelər tutur, elm, iqtisadiyyat və mədəniyyətimizin tərəqqisinə töhfələr verirlər. Son illərdə rayonda təhsilin inkişafına diqqətin daha da artırılması sayəsində bu sahənin uğurları xeyli artmışdır. Məktəb tikintisi göstəriciləri xüsusilə fərəhlidir.
Hələ 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lerikə növbəti səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə əməkdar müəllim Gültəkin Şıxəliyeva qayğıya görə dövlətimizin başçısına səmimi minnətdarlıq duyğularını ifadə etmişdir: "Sizin diqqət və qayğınızla son 7 ildə rayonumuzda 22 məktəb binası tikilmiş, 7 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonumuzda 6 müasir məktəb kompleksi tikilmiş, hər cür avadanlıqla təmin edilmişdir... Sizə Lerik uzunömürlülüyü, möhkəm cansağlıqı diləyirik, cənab Prezidentimiz".
Həmin tarixi səfərdən ötən iki ildə göstərilən rəqəmlər daha da artmış, ucqar bölgədə təhsilin maddi-texniki bazası xeyli möhkəmlənmişdir.
Hazırda Lerikdə 109 məktəb fəaliyyət göstərir. Təhsil ocaqlarından 23-ü ibtidai, 49-u ümumi orta, 37-si isə tam orta məktəbdir. Hazırda 9500-ə qədər şagird bilik yollarında irəliləyir. Ötən tədris ilində orta təhsil bazasında XI sinfi bitirmiş 487 şagirddən 397-si attestat almışdır. Əvvəlki illərdə attestatsız qalan və təkrar imtahan verən məzunlardan 109 nəfəri də attestat almışdır.
Rayonda 1261 müəllim çalışır ki, onlardan 735-i ali, 522-si orta ixtisas təhsillidir. Keçən il Təhsil Nazirliyindən 26 nəfər gənc mütəxəssis pedaqoji sahədə işləmək üçün Lerikə göndərilmişdir.
Lerikdə gənclərin nümunə götürə biləcəyi müəllimlər də az deyil. Nuravud kənd tam orta məktəbinin biologiya müəllimi Əhməd Əzizov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin coğrafiya müəllimi Rəsul Cahangirov, Boykəndil kənd tam orta məktəbinin direktoru işləmiş Surxay Əsədov və Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva əməkdar müəllim fəxri adını daşıyırlar. Rayon təhsil şöbəsi müdirinin müavini Cəbrayıl Surətov, Lerik şəhər 3 saylı tam orta məktəbinin direktoru Validə Mədətova, rayonun Hamarmeşə kənd tam orta məktəbinin biologiya müəllimi İradə Haşımova, Lərmərud kənd tam orta məktəbinin direktoru Şahvəli Əliyev "Tərəqqi" medalı ilə təltif olunublar. Lərmərud kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əfrəddin Abdullayev və Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev isə "Qabaqcıl təhsil işçisi"dirlər. Müəllim adını şərəflə daşıyan onlarca pedaqoq da bu sahədə fədakarlıq göstərir, sabahımızın sahiblərini daim möhkəm biliklə "silahlandırırlar".
Bu yay ali məktəblərə 233 lerikli məzun sənəd vermişdir. Qəbulun nəticələrinə görə rayonun 20-dən çox məzunu 500 baldan yuxarı, o cümlədən 4 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Bunlar Lerik şəhər 3 saylı tam orta məktəbinin məzunu Rəşad Məmmədov, rayonun Vizəzəmin kənd tam orta məktəbinin məzunu Seyran Şərbətov və onun məktəb yoldaşı Nərmin Əmirova, həmçinin Soru kənd tam orta məktəbinin məzunu Cavid Məmmədovdur. Yaxşı nəticələrlə universitetlərə və orta ixtisas məktəblərinə qəbul olunan lerikli məzunların ümumi sayı da artmışdır.
2010-cu ildən bu günədək Lerik rayonunda 16 yeni məktəb binası inşa olunmuşdur. Hamarmeşə və Veri kəndlərində 220 yerlik tam orta məktəblər 2011-ci tədris ilində istifadəyə verilmişdir. Bu dərs ilinə kimi daha 6 yeni məktəb binası istifadəyə veriləcək. Hazırda həmin məktəblərdə son tamamlama işləri aparılır. Eyni zamanda, rayonun Züvüc kəndində 220 yerlik, Aran, Daster, Ləkər kəndlərində 80 yerlik, Barzavu kəndində 180 yerlik yeni məktəb binası inşa edilməkdədir.
Rayonun rəhbərliyi məktəb tikintisini xüsusi diqqətdə saxlayır, inşaatçılara hər cür köməklik göstərir ki, işlər yüksək keyfiyyətlə getsin və təhsil obyektləri nəzərdə tutulan vaxtda təhvil verilsin. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov və onun müavinləri tez-tez məktəb tikintilərinə baş çəkir, işlərə dəstəklərini əsirgəmirlər. Yüksək dağlıq şəraitdə inşaat işlərinin, obyektlərə tikinti materiallarının daşınıb-gətirilməsinin çətinlikləri bəllidir. Buna baxmayaraq, Lerikdə məktəb tikintisinin sürət və keyfiyyətlə aparılması fərəhli haldır.
Bir neçə gün də keçəcək və "İlk zəng"in cingiltili sədaları şagirdləri dərsə, növbəti bilik marafonuna səsləyəcək. Yüzlərlə lerikli oğlan və qız isə buna ikiqat sevinəcək. Çünki onlar yeni dərs ilinə məhz yeni məktəb binalarında başlayacaqlar.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.