Azərbaycan müstəqillik qazandıqdan sonra yeni nəsl dərsliklərin yaranması məsələsi də aktual problem kimi qarşıda durdu.Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi hər zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndər bu sahədə aparılan işlərlə müntəzəm maraqlanıb, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
Dərsliklərin nəşri və çapı işləri Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli sərəncamına uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması işini tənzimləmək məqsədilə hazırlanan "Dərsliklərin nəşri, çapı və paylanması qaydaları" 8 dekabr 2004-cü il tarixli, 3103 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 854 nömrəli fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilib.
2005-ci ildə Təhsil Nazirliyində qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədi hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23 yanvar 2006-cı il tarixli əmrlə təsdiq edilib.
1999-cu ildən 2007-ci ilə kimi ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün "Azərbaycan dili", "Ədəbiyyat", "Riyaziyyat", xarici dil, "Azərbaycan tarixi", "Rus dili", "Fizika" (VII-XI s.), "Kimya" (VIII-XI s.), "Coğrafiya" (VI-XI s.), "Ümumi tarix" (VI-XI s.), "İnsan və cəmiyyət" (VIII-XI s.), "Biologiya" (VI-XI s.) və s. proqramlar hazırlanıb, təkmilləşdirilib və çap olunaraq istifadəyə verilib.
Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən 1994-cü ildən etibarən Gürcüstanın təlim Azərbaycan dilində olan məktəbləri I-XI sinif dərslikləri və dərs ləvazimatları ilə pulsuz təmin olunur. Bu iş möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən davam etdirilir.
2004-cü ildə Gürcüstana humanitar yardım kimi göndərilmiş 61707 nüsxə dərsliyin 6000 ədədini Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva hədiyyə edib. Dağıstanın Azərbaycan məktəblərinə də "Əlifba", "Azərbaycan dili", "Oxu" və "Ədəbiyyat" dərslikləri humanitar yardım kimi göndərilib. Gürcüstan hökuməti də respublikamızın Qax, Zaqatala və Balakən rayonlarındakı təlim gürcü dilində olan məktəblərin dərslik və dərs ləvazimatları ilə təminatına mütəmadi olaraq yardım göstərir. Bundan başqa, Heydər Əliyev Fondu həmin məktəblərin I-III siniflərinə gürcü dilində "Əlifba", "Riyaziyyat", "Həyat bilgisi" dərsliklərini və dərs vəsaitlərini hədiyyə edib. Sonrakı illərdə də bu proses davam etbirilib
Məktəb kitabxanaları fondunun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. 2006-cı ildə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində "Ayna" Uşaq Ensiklopediyası seriyasından 18 adda 846000 nüsxə sinifdənxaric oxu materialı çap olunub və ümumtəhsil məktəb kitabxanalarına pulsuz verilib. Bundan əlavə, 19 adda 351595 ədəd coğrafi xəritə də çap edilərək məktəblərə çatdırılıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli sərəncamına əsasən məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına diqqət artırılıb. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) həyata keçirilməsi ilə əlaqədar bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2005-ci il tarixli, 128 nömrəli qərarının icrasını təmin etmək məqsədilə ümumtəhsil məktəbləri üçün fənn proqramlarına uyğun olaraq, nazirliyin sifarişi əsasında elektron tədris vəsaitləri hazırlanıb. Həmin vəsaitlər geniş müzakirələrdən sonra təsdiq olunub. "Azərbaycan tarixi" (Qədim və orta əsrlər dövrü), "Kimya" (qeyri-üzvi kimya), "Biologiya" (Botanika və Zoologiya) və "Fizika" (mexanika və molekulyar fizika) fənləri üzrə multimedia sisteminə dair disklər, metodik vəsaitlər və plakatlar hazırlanıb. Bu işin davamı kimi "Azərbaycan tarixi" (yeni və müasir dövr), "Biologiya" ("İnsan" və "Ümumi biologiya"), "Kimya" (üzvi və ümumi kimya) və "Fizika" (elektrodinamika, optika və atom fizikası) fənləri üzrə disklər, metodik vəsaitlər və plakatlar da istifadəyə verilib.
Bu gün də təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə-proqram, kurikulum, dərslik, dərs vəsaiti, digər tədris-metodik ədəbiyyatlarla məktəblərin fasiləsiz və ahəngdar təminatı ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir.İnformasiya texnologiyalarının məktəblərdə tətbiqi yeni növ dərsliklərin yaranmasına şərait yaratmış oldu.Artıq məktəblərimizdə elektron kitablardan istifadə olunur.
Yeni dərs ilində də ölkəmizdə dərslik problemi olmayacaq. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib ki,bu tədris ilində Azərbaycan şagirdlərinə 3,5 milyona yaxın pulsuz dərs vəsaiti paylanılıb. Bunun üçün kitabxanalar dərs vəsaitləri ilə tam təchiz olunub. Dövlətin böyük qayğısının nəticəsidir ki, bu dərsliklər və müəllimlər üçün dərs vəsaitləri orta məktəblərdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, təlim prosesində də mühüm rol oynayır. F.Şahbazlı söyləyib ki, dərsliklərin nəfis tərtibatında və zövqlə işlənməsində nümunəvi nəşriyyatlar arasında tender keçirilib. Bu da dərsliklərin nəfis tərtibatında əhəmiyyətli rol oynayır. Faiq Şahbazlı deyir ki, çap edilən 194 adda dərsliyə müəllimlər üçün vəsait də daxildir. 1-11-ci siniflərin əvvəlki illərdə çap olunan dərslikləri tələbatı ödəmək üçün az faizlə yenidən çap olunub. Yerdə qalan 80 adda dərs vəsaiti isə 1-5-ci siniflər üçün kurikulum əsasında hazırlanan dərsliklərdir.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.