Jurnalistikada kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında qiymətli dərs vəsaiti

Qloballaşan dünyanın humanitar mənzərəsi sürətlə dəyişir, elmdə, təhsildə yeni dəyərlər, proqramlar və metodologiyalar meydana çıxır. Postindustrial cəmiyyətdə sivilizasiyanın arxitekturasında ənənəvilikdən uzaq yeni paradiqma - virtual və vizual mənzərə yaranmışdır. Bu virtuallıq və vizuallıq bilavasitə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olduğu üçün jurnalistikanın tədrisində yeni dərsliklərin, dərs vəsaitlərinin və proqramların yaradılması zərurətə çevrilmişdir. 
Müasir inkişaf modelində hətta milli KİV-lərin siması və statusu dəyişikliyə uğrayaraq İKT kimi ümumbəşəri səciyyə qazanmışdır. Artıq ənənəvi xəbərçiliyin xüsusi ideoloji çərçivədən çıxaraq dialoq mədəniyyətinin dünyəvi prinsiplərinə yiyələnməsi jurnalistikada informeyşn - xəbərləşmə yerini kommunikeyşn - ünsiyyətə vermişdir.
Bu baxımdan tanınmış jurnalist, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Aslanovun "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" dərs vəsaitinin jurnalistikanın tədrisi prosesində çox böyük faydası olacaqdır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasının, universitetin Elmi-Metodik və Nəşriyyat şuralarının, Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Azərbaycan dili və ədəbiyyat" bölməsinin tövsiyəsi, Təhsil Nazirliyinin 2012-ci il 13 iyul tarixli 1375 nömrəli əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmiş kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovdur. Dərs vəsaitinə "Ön söz"ü Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazmış, rəyləri isə tarix elmləri doktoru, professor Adil Məmmədov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, əməkdar jurnalistlər Bəxtiyar Sadıqov, Əflatun Amaşov və bu sətirlərin müəllifi vermişlər.
Ön söz, giriş, üç fəsil, on bölmə, nəticə, ingilis dilində xülasə və ədəbiyyat siyahısından ibarət olan dərs vəsaitində müasir dünyanın informasiya sistemi, informasiya şəbəkələri və mübadilələri, onun beynəlxalq, regional və milli xüsusiyyətləri elmi əsaslarla tədqiq və təhlil edilir. Kitabda mətbuatın inkişafında, cəmiyyətin həyatında informasiya vasitələrinin, o cümlədən xəbər agentliklərinin əhəmiyyətindən, Azərbaycanda informasiya sisteminin formalaşmasından, respublikanın siyasi və ictimai həyatında onun rolundan geniş söhbət açılır.
Jurnalistikada kəmiyyət və keyfiyyət dəyişikliklərini AzərTAc-ın tarixi timsalında araşdıran müəllif qloballaşan dünyada informasiya axınına, müasir informasiyaların işlənmə və yayılma prinsiplərinə, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyətinə aydınlıq gətirir. İnformasiya mənbələri, xəbərin əldə edilməsi yolları, informasiyanın hazırlanması və yayılması problemləri barədə mülahizələrini AzərTAc-ın və dünya xəbər agentliklərinin iş təcrübəsinə istinadən əsaslandıran A.Aslanovun bu kitabında diqqəti çəkən əsas məqamlardan biri intellektual hazırlıq, analitik təhlil və mühakimələrdəki akademizmdir. Müəllif yeni dünya jurnalistikasına dair elmi-nəzəri mənbələrə bələdliyini sadəcə ifadə etmir, artıq təsbit olunmuş məntiqi hökm və praqmatik yeniliklərə dair ümumiləşdirilmiş fikirlər söyləyir, özünün aydın qənaətlərini çatdırır, habelə müxtəliflik kontekstində polemikalar aparır, yeni düşüncə istiqamətlərini müəyyənləşdirməyə üstünlük verir. Kitabın struktur mükəmməlliyi, mövzuların yığcam və anlaşıqlı ifadəsi onun tədris prosesində əhəmiyyətini artıran məziyyətlərindəndir.
Dərs vəsaitinin üstün cəhətlərindən biri də burada jurnalistikaya dair beynəlxalq aləmdə birmənalı qəbul olunan termin və anlayışlara, müxtəlif nəzəri və fəlsəfi kateqoriyalara, sosial, siyasi təhlil və mühakimə prinsiplərinə, müasir elmlər sisteminin interaktivlik meyarlarına əməl edilməsi, habelə mediologiyaya, xüsusilə mediatexnologiyaya dair zəngin lüğət fondu və leksik vahidlərin təqdim edilməsidir. Bunlar Azərbaycanda ənənəvi jurnalistikaya dair artıq vaxtı keçmiş, arxaikləşmiş, jurnalistikanın janr palitrasını əks etdirən terminologiya və s. deyil, mediologiyanın müasir keyfiyyət göstəricilərindən xəbər verən həqiqətlərdir.
"Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" dərs vəsaitinin fundamentallığı onun həm də müasir jurnalistin yaradıcılıq axtarışlarına yön və ton verə bilmək imkanları, peşə etikasına dair normativlərin dəqiqləşdirilməsi və s. baxımından da ciddi maraq doğurur.
Bu dəyərli dərs vəsaitindən təkcə ali məktəblərin jurnalistika fakültələrinin tələbələri, aspirantları deyil, mətbuat işçiləri, tarixçilər, jurnalistlər və politoloqlar da faydalana bilərlər.

{nl}

Şamil VƏLİYEV, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında