Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə təhsilimizin inkişafına xüsusi diqqət yetirmiş, müəllimliyi ən şərəfli peşə adlandırmış, təhsil işçilərinə xüsusi qayğı və diqqət göstərmişdir. Ulu öndərin bu kursu Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçısının diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. Bu müddətdə təhsil sahəsində 16 irimiqyaslı dövlət proqramı qəbul olunmuş və icra edilmişdir.
Təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirmək, yeniləşdirmək sahəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır. 2003-cü ildən başlayaraq hər tədris ilinin əvvəlində Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəblərinin I sinflərinin şagirdləri üçün məktəbli çantası və müxtəlif dərs ləvazimatları göndərilir. Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər yüzlərlə təhsil müəssisəsi əsaslı təmir edilmişdir.
Ölkədə həyata keçirilən proqramlara uyğun olaraq rayonumuzun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. 2012-ci ilin mart ayında uzun müddət qəza vəziyyətində olan binada fəaliyyət göstərən Səfərli kənd tam orta məktəbi üçün 180 yerlik, hər cür avadanıqla, kompyuter sinfi ilə təmin edilmiş yeni bina istifadəyə verilmişdir. Daha bir məktəb binası Dövlət Qaçqınkom tərəfindən Şəkinin Çələbixan qəsəbəsində salınmış yeni qəsəbədə tikilib bizim rayonun balansına verilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə cəbhə bölgəsində olan bütün məktəblərimizin maddi-texniki vəziyyəti araşdırılmış, əsaslı təmirə ehtiyacı olan məktəblərin siyahısı dəqiqləşdirilərək Nazirlər Kabinetinə müraciət edilmişdir. Nəticədə, Alıbəyli kənd tam orta məktəbinin binası əsaslı təmir edilərək yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir. Məktəb Təhsil Şöbəsinin daxili imkanları hesabına avadanlıqla və xüsusi mebellə təmin edilmişdir.
I Yüzbaşılı kəndində 2 qruplu, 40 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır. Bu binanın bir hissəsində I Yüzbaşılı kənd tam orta məktəbinin fəaliyyəti bərpa edilmişdir. Amerikanın "Kont-Port" humanitar yardım təşkilatı tərəfindən rayonun 146 saylı köçkün tam orta məktəbi üçün əlavə 3 sinif otağı tikilmişdir. Bu təşkilat rayonun Kiçikli kənd ümumi orta məktəbi üçün də əlavə 3 sinif otağı tikərək yeni dərs ilinin başlanması münasibətilə məktəbə təhvil vermişdir.
Təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müvafiq iş aparılmışdır. Tədris ili ərzində 350 ədəd parta, 50 ədəd yazı lövhəsi, 50 ədəd müəllim stolu, 350 ədəd stul alınıb ehtiyacı olan məktəblərə verilmişdir. Təhsil Nazirliyindən 58 adda 27 min ədəd pulsuz dərslik və müəllimlər üçün vəsait gətirələrək bölgü əsasında məktəblərə paylanmışdır.
Rayonun köçkünlük şəraitində yaşaması nəzərə alınaraq digər bölgələrdə məskunlaşmış ağdamlı ailələrin məktəb yaşlı uşaqları tabeçilikdə olan məktəblərə cəlb edilmişlər. Təhsil Şöbəsi 2011-2012-ci dərs ilində 142 ümumtəhsil, 5 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlamışdı. Ümumtəhsil məktəbləri üzrə 18860 nəfər şagird təhsilə cəlb edilmişdi, bunların da təlim-tərbiyəsi ilə 3795 nəfər müəllim məşğul olmuşdur. Sovet dövründə Ağdam rayonu üzrə cəmi 3 Əməkdar müəllim olduğu halda, son 8 il ərzində müəllimlərdən 8 nəfəri bu fəxri ada, 7 nəfər müəllim "Tərəqqi" medalına layiq görülmüşdür. 6 nəfər müəllim isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
Müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılır. Fəal təlim metodlarının tətbiqi ilə bağlı daim qabaqcıl müəllimlərin iş təcrübəsi öyrənilir, fikir mübadilələri aparılır. 2012-ci ildə rayonun 32 saylı tam orta məktəbinin kimya müəllimi Aynur Zülfüqarova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
RİH başçısının təşəbbüsü ilə rayonun ayrı-ayrı bölgələrində müxtəlif tədris fənləri üzrə açıq dərslər salınmış, ətraf məktəblərin ixtisas müəllimlərinin orada iştirakı təmin edilmiş, onlara dəyərli məsləhətlər verilmişdir. Təhsilin təşkili vəziyyətinin yüksəldilməsində, müəllimlərə elmi-metodik kömək göstərilməsində, yeni fənn kurrikulumlarının tətbiqində metodmərkəzin fəaliyyəti daha da gücləndirilmişdir. Avqust ayında yeni dərs ilində V sinifdə dərs deyəcək ayrı-ayrı fənn müəllimləri bölgələr üzrə 10 günlük təlim kurslarından keçirilmişdir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılması istiqamətində də Təhsil Şöbəsində kompleks tədbirlər həyata keçirilmişdir. 2012-ci ilin yanvar ayından başlayaraq rayonun işğal olunmamış ərazisində, Bakı və Mingəçevir şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin inzibati idarəetmə heyətinin 3 günlük təlim kursundan keçirilməsi təşkil edilmişdir. Bundan başqa, Təhsil Şöbəsinin özündə, rayonun 2, 18, 23 saylı, Quzanlı qəsəbə tam orta məktəblərində internet şəbəkəsi qurulmuşdur. "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" ilə əlaqədar görülən işlər daha da gücləndirilmişdir. Bir sıra tədbirlər, test yoxlamaları, inşa, rəsm müsabiqələri keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı rayonun bütün ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
"Xocalı" soyqırımının 20-ci ildönümü rayonun ümumtəhsil məktəblərində qeyd edilmiş, müxtəlif adda rəsm müsabiqələri keçirilmişdir. Qaliblərin 10 rəsm işi respublika müsabiqəsində nümayiş etdirilmişdir. 2012-ci ilin mart ayında ümumtəhsil məktəblərinin xor kollektivlərinin müsabiqəsi keçirilmişdir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu nəzərə alınaraq məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində də müvafiq iş aparılır. Novruz bayramı ərəfəsində şagirdlərin əsgərlərlə görüşü təşkil edilmiş, məktəblərimizdə Azərbaycanın, o cümlədən rayonumuzun milli qəhrəmanları haqqında stendlər düzəldilmiş, onların döyüş yolları haqqında bülletenler buraxılmışdır. Ümumtəhsil məktəbləri arasında "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarının rayon turu keçirilmiş, Quzanlı qəsəbə tam orta məktəbinin komandası qalib olmuşdur. Bu komanda aprel ayında Ağcabədi rayonunda keçirilən zona mərhələsində də qalib gəlmiş, respublika mərhələsində isə III yeri tutmuşdur.
Uşaq Gənclər İdman Məktəbinin yetirmələri iştirak etdikləri yarışlardan həmişə qələbə ilə qayıtmışlar. 2012-ci ilin may ayında respublika birinciliyində mərkəzin şagirdi Fəxri Əhmədov 52 kq çəkidə I yer tutmuşdur.
Uşaq Gənclər Şahmat Məktəbinin şagirdləri də ötən dərs ilində bir sıra yarışlarda fəxri yerləri tuta bilmişlər. 2012-ci ilin aprel ayında Quba şəhərində keçirilən respublika şahmat məktəblərinin zona birinciliyində komandamız II yeri tutaraq respublika birinciliyinin finalına vəsiqə almış, Nadir Zülfəliyev (Xındırıstan kənd tam orta məktəbin VII sinif şagirdi) öz lövhəsində I yer tutaraq Təhsil Nazirliyinin diplom və mükafatı ilə təltif olunmuşdur.
IX və XI sinif şagirdlərini buraxılış imtahanlarına hazırlamaq məqsədilə hər bir məktəbdə bir neçə dəfə sınaq imtahanları keçirilərək, nəticələr təhlil edilmiş, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.Demək olar ki, hər bir məzunla fərdi iş aparılmışdır. Təhsil işçiləri fədakarcasına çalışmış, onların yüksək nəticə göstərməsinə nail olmuşlar.
Rayon ərazisində yaradılmış 3 imtahan mərkəzində TQDK tərəfindən buraxılış imtahanları keçirilmişdir. 990 nəfər - imtahanlarda iştirak etmiş, 845 nəfər müvəffəq qiymətlər almışdır. Bu da ötən ilin nəticəsindən yüksəkdir. IX siniflər üzrə mənimsəmə 81 faiz olmuşdur.
Təhsilin keyfiyyət göstəricilərindən hesab edilən məzunların ali məktəblərə qəbulu da qənaətbəxş olmuşdur. 2012-ci ildə rayon ümumtəhsil məktəblərini bitirən 516 nəfər Tələbə Qəbulu Komissiyasına sənəd vermiş, 221 nəfər (sənəd verənlərin 42,8 faizi) respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. 60 məzunumuz isə orta ixtisas məktəblərinə qəbul olmuşlar. 6 nəfər 600-dən, 14 nəfər isə 500-dən çox bal toplaya bilmişdiir. 11 saylı köçkün tam orta məktəbinin məzunu Nuranə Məmmədzadə 667 bal, 88 saylı köçkün tam orta məktəbinin məzunu Dövlətbəy Əhmədov 659 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşlar. Ali məktəblərə qəbulun nəticələri dəqiqləşdirilərək hər bir məktəbin fəaliyyətinə qiymət verilmişdir. Ən yüksək nəticə rayonun 73 saylı köçkün tam orta məktəbində olmuşdur. Bu məktəbdən sənəd verən 15 nəfər şagirdin 13-ü respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Son 7 ilin nəticələri araşdırılmış, 2012-ci ilin ən yüksək nəticə əldə edildiyi müəyyən edilmişdir: 2006-cı ildə 23 faiz, 2012-ci ildə isə 42,8 faiz.
Bu gün Ağdam rayonunda təhsilin inkişafı əsl yüksəliş yolundadır. Çalışacağıq ki, qarşıdan gələn tədris ilində uğurlarımızı daha da artıraq, xalqımıza tərbiyəli, bilikli, vətənpərvər övladlar yetişdirək.
{nl}
Elmira ŞÜKÜROVA, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.